Sahib Məmmədov: "Büdcədən maliyyələşən təşkilatlarda “ölü canlar”ın çalışması ayrılan vəsaitin mənimsənilməsidir. Eyni zamanda burada işçi hüququ pozulur"Zahid Oruc: "Müdiriyyət maddi marağı olmadıqda belə, “ölü canlar”ın mövcudluğuna yol verirsə, faktiki olaraq, işçi mühitini məhv edir”
Azərbaycanın özəl və dövlət müəssisələrində "ölü canlar”la bağlı məsələlər yenidən gündəmə gəlib. 2015-ci ildən etibarən ölkəmizdə təkrarlanan devalvasiyalardan sonra məxsusi olaraq dövlət stukturları və ya müəssələrində "ölü canlar”ın sıradan çıxarılması istiqamətində müəyyən işlər görüldü. Buna rəğmən problem hələ də tam şəkildə həllini tapmayıb. Əlbəttə, müəssisələrdə bu halın hələ də qalması ciddi narazılıqlara səbəb olub. Ona görə ki, bu hal işin keyfiyyətinə və digər məhsuldar işçilərn orta aylıq əmək haqlarına mənfi təsir göstərir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da "Sherg.az"a açıqlamasında özəl və dövlət müəssisələrində "ölü canlar”ın qalması faktını təsdiqləyib. O bildirib ki, keçmişdə də bu şəkildə adı siyahıya salınıb, özü işləməyən "işçilər” olub:
""Ölü canlar” bütün müəssisələrdə, xüsusilə özəl sektorda var. Özəl sektora aid olub, dövlət investisiyası ilə işləyən müəssisələrdə də mövcuddur. Yəni, işçinin adları yazılır, amma özləri olmur. Bunun məqsədi isə pulların mənimsənilməsidir. Belə hallar olsa da, çox zaman sübut edəcək faktlar yoxdur.
Əslində indiki dövr üçün əmək müqaviləsi olmadan götürülən işçilər daha böyük problemdir. "Ölü canlar” həmişə problem olub, indi də var. Büdcə təşkilatlarında belə həmin işçilərə rast gəlmək olar. Büdcədən maliyyələşən təşkilatlarda "ölü canlar”ın çalışması ayrılan vəsaitin mənimsənilməsidir. Eyni zamanda burada işçi hüququ pozulur.
Özəl sektorda isə artıq müqaviləsiz işçi məsələsi gündəmə gəlir. Dövlət müəssisələrində belə işçilərin çalışdırılması mümkün olmur, amma özəl sahə bunu edir. Əmək müqaviləsi bağlamadan işə cəlb edilən işçiləri götürməklə rəhbərlik dövlət büdcəsindən və sosial ödəmələrdən yayınır. Qanunları bu şəkildə pozmaqla həmin müəssisələr dövlətə ziyan vurur”.
Bundan başqa "gizli işsizlik” anlayışının olduğunu da diqqətə çatdıran S.Məmmədov bunun mahiyyətini də açıb:
"Məsələn, müəssisə işçiləri müddətsiz məzuniyyətə göndərir. Lakin adları işçidir və rəsmi qaydada onlar məşğul kimi göstərilir. Əslində burada qeyri-qanuni heç bir hal yoxdur. İşçi ilə əmək müqaviləsinə xitam verilmir, sadəcə çalışan əməkhaqqı almır, sığorta və gəlir vergisindən azad olunur. Bu şəxslər artıq "ölü can” deyil, "gizli işsiz”lərdir”.
Millət vəkili Zahid Oruc da qeyd edib ki, bu məsələ ictimai-sosial həyatımızda kök salıb: "Müdiriyyət maddi marağı olmadıqda belə, "ölü canlar”ın mövcudluğuna yol verirsə, faktiki olaraq, işçi mühitini məhv edir”
"İnsanlar bilərəkdən, çalışdığı müəssisədə adı ştat cədvəlində gedən, özü işə gəlməyən işçilərin olmasına göz yumurlar. "Ölü canlar” isə üzərlərinə yazılan əmək haqqının bir hissəsini rəhbərliklə bölüşür və özlərini bu şəkildə "çalışdırırlar”. Təəssüf ki, bu müəssisə kollektivlərində nə qədər daxili qəzəb doğursa da, heç kim bunu açıq-aşkar pisləməyə çalışmır. Bunun səbəbi həmin işçinin əlavə təzyiqlər yaşamamaq istəməsidir. Bundan əlavə, həmin işçinin "fəaliyyətinə” müdaxilə qeyri-etik sayılır, rəhbərliyin daxili işi hesab olunur. Çoxları müdaxilə etməyi kiminsə çörəyinə bais olmaq kimi dəyərləndirir. Bu isə "ölü canlar”a qarşı mübarizəni qat-qat çətinləşdirir.
Özəl sferada bunun hansısa bəraəti ola bilər. Ancaq dövlət orqanlarında, müxtəlif hakimiyyət qollarında belə faktlar varsa, şübhəsiz ki, pisləmək və buna qarşı hüquqi tədbirlər görmək önəmlidir.
İlk növbədə həmin vakansiyalar hər hansı şəkildə daxildə tutulmuş kimi göstərilirsə, bu, Əmək Qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Nəticədə real hüquqi məsuliyyət yaradır. Müdiriyyət maddi marağı olmadıqda belə, "ölü canlar”ın mövcudluğuna yol verirsə, faktiki olaraq, işçi mühitini məhv edir”.
Avropa ölkələrində böyük mütəfəkkirlərin əməyin müqəddəs olması haqqında fikirlərini xatırladan Z.Oruc sovet dövründə mövcud olan əmək bölgüsünü nümunə göstərib:
"Əmək sadəcə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən getmir. İnsan cəmiyyətdə çalışmadıqda həddən artıq problemlər yaşaya bilir. Sovet dövlətinin bir çox ideoloji, hərbi keyfiyyətlərini pisləmək lazımdır. Ancaq xüsusi qeyd etməliyik ki, əmək, çalışmaq, kollektivlərdə olmaq insanın varlığının, mövcudluğunun ayrılmaz hissəsi idi.
Bütün bunların fonunda "ölü canlar”dan xilas olmaq lazımdır. Əminəm ki, bu yöndə mediada səsləndirilən mövqe parlamentin müvafiq təmsilçilərini də düşündürəcəkdir. Qanunvericilikdən irəli gələn boşluqlar varsa, tənzimləmək lazımdır”.
Aysel Aslan