“Parasetamol -500” adlı dərman ölümə səbəb olur ? - Həkimdən izah





"Hansısa dərman preparatı ölkəyə gətiriləndə yoxlanılır və istifadəsi, təsirləri izlənilir”.

Bunu "Sherg.az”a "Parasetamol” ağrıkəsici dərmanın ziyanları haqqında yayılan məlumatlara münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib. 

O bildirib ki, insanların istifadəsi üçün istehsal edilən dərmanların mənfi təsirləri aşkarlanan zaman onlar ümumi reyestrdən çıxarılır:

"Hər hansı dərman preparatını istifadəyə verərək, insanlar üzərində eksperimentlər aparmaq qadağandır. Bu, cinayət tərkibi daşıyan məsələdir. Hansısa dərmanın ölümə səbəb olması haqqında söhbət yayılıbsa, məsələyə mütləq aydınlıq gətirilməlidir. Xüsusi olaraq, Səhiyyə Nazirliyi məsələ ilə məşğul olmalıdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın dərman bazarına hər bir dərmanın ayaq açmaq imkanı var. Belə faktlara rast gəlinib. Amma bu o demək deyil ki, ayrı-ayrı dərman preparatları ilə bağlı araşdırmalar aparılmır. Bəzən dərman firmaları bir-biri ilə rəqabətdə belə fəndlərə əl atır. Ona görə, məsələ araşdırılıb, aydınlığa çıxmadan bu söz söhbətlərə inanmaq düzgün deyil”.

Qeyd edək ki, son günlər "Whatsapp” sosial şəbəkəsində "Parasetamol -500” adlı dərmanın ölümə səbəb olması haqqında iddialar yayılıb.

Aysel Aslan