Paşinyan Bakıya müharibədən başqa yol buraxmadı - Yola gəlmir

Artıq Azərbaycan işğal olunmuş ərazilərində antiterror əməliyyatı aparmaqda haqlıdır



20 ildən çoxdur ki, davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi getdikcə dalana dirənməkdədir. Buna səbəb isə Ermənistanın baş naziri Nikol Paşinyanın son günlər heç bir məntiqə söykənməyən və hüquqi əsası olmayan populist çıxışlar etməsi, sərsəm açıqlamalar səsləndirməsidir. Xatırladaq ki, İrəvanda baş verən etirazların fonunda baş nazir olan Nikol Paşinyan heç bir siyasi çəkiyə, biliyə və təcrübəyə malik olmadığını qısa zamanda hamıya göstərdi.

Əslində erməni xalqı Paşinyanı dəstəkləmirdi, sadəcə Sarkisyanın qanlı rejimindən yaxa qurtarmaq istədikləri üçün Paşinyanın onu əvəzləməsinə imkan verdilər. Paşinyan da hakimiyyətə gəlmək üçün xalqın dəstəyindən istifadə etdi. Onun baş nazir seçilməsi ilə bağlı Ermənistan parlamentində keçirilmiş birinci səsvermə uğursuzluqla nəticələndi. Çünki Ermənistanın yuxarı dairələrində oturan şəxslər çox gözəl anlayırdılar ki, savadı və siyasi təcrübəsi olmayan bir şəxs Ermənistanı düşdüyü çətin durumdan çıxartmaq iqtidarında deyil. Bununla belə etiraz edən xalqın dəstəyinə arxalanan Paşinyan ikinci dəfə keçirilən səsvermədə istəyinə nail oldu və baş nazir seçildi. Lakin siyasilərin və xalqın qorxduğu məsələ tezliklə özünü büruzə verdi.

 Paşinyan nəinki ölkəni düşdüyü çətin durumdan çıxarda, ən əsası isə Dağlıq Qarabağ münaqişəsinin həllində məsafə qət edə bildi, əksinə, prosesi daha da çətinləşdirdi. Paşinyan sadəcə erməni xalqının deyil, eyni zamanda güclü himayədarı Moskvanın, eyni zamanda digər Qərb dövlətlərinin də gözündən tamamilə düşdü, olan etibarını da itirdi. Xatırlayırsızsa, baş nazirin hakimiyyətə yeni gəldiyi dönəmdə bir sıra Avropa ölkələri, o cümlədən siyasi icmalçılar Dağlıq Qarabağ münaqişəsinin həllində nisbətən fərqli mənzərənin, müsbət mənada yeniliyin başlayacağını ehtimal edirdilər. Bəyan edirdilər ki, Paşinyana münaqişə ilə tanış olmaq üçün müəyyən vaxt verilməlidir. Lakin bir müddət sonra Paşinyanın çıxışları və iddiaları göstərdi ki, onun sülh haqqında iddiaları qeyri-səmimidir və bütün çıxışları daxili auditoriyaya hesablanıb. Həmçinin, ötən müddət Paşinyanın danışıqlar prosesinin real vəziyyəti haqqında məlumatsız olduğunu da üzə çıxardı. Baş nazirin addımları göstərdi ki, o da öz sələfləri kimi işğal siyasətini davam etdirmək niyyətindədir. Hətta sələflərindən daha da irəli gedərək "Qarabağın Ermənistanın tərkib hissəsi olduğunu" dilə gətirəcək qədər də ağılsızdır. Onun Ermənistanın düşdüyü çətin vəziyyətin əsas səbəbi olan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq əvəzinə vəziyyəti daha da kəskinləşdirən addımlar atması və sərsəm bəyanatlar verməsi Qarabağda müharibənin aktiv fazaya keçməsi ehtimalını daha da artırır. Bundan ən çox ziyan çəkən tərəf isə şübhəsiz ki, Ermənistan olacaq. O zaman erməni xalqı bunun əsas səbəbkarı kimi özünün hakimiyyətə gətirdiyi Paşinyanı sərt şəkildə cəzalandıracaq. Lakin artıq çox gec olacaq.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bu qənaətdədir ki, Paşinyanın açıqlamaları torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatların başlanmasını qaçılmaz edir:

 "Paşinyanın Moskvada verdiyi açıqlamadan sonra artıq Azərbaycanın antiterror əməliyyatı və yaxud genişmiqyaslı hərbi əməliyyat keçirməkdən başqa digər yolu qalmır. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Paşinyanın həmin sərsəm açıqlamasına münasibət bildirərək qeyd etdi ki, bununla Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmaq niyyətində olmadığını göstərdi. Ona görə də münaqişənin həlli istiqamətində hərbi əməliyyatlara başlamaqdan savayı başqa digər yolun olduğunu görmürəm.

Paşinyan isə ağ yalan danışaraq deyir ki, guya, Dağlıq Qarabağ Ermənistana qaytarılımalıdır. Ermənistan dövləti olub ki, onun da tərkibində Qarabağ olsun? Ermənilər tarixi faktları da saxtalaşdırır. Bir çox ekspertlər Paşinyanın bu açıqlamasının, guya, daxili auditoriyaya hesablandığını düşünür. Hara hesablanır hesablansın, dəxli yoxdur, onun səsləndirdiyi fikirlər Azərbaycana qarşı bir iddiadır. Onun qarşısını almaq üçün də hərbi əməliyyatlara başlamaq lazımdır. Başqa digər yol yoxdur. Artıq Ermənistan Azərbaycana heç bir yol qoymayıb. Azərbaycan hərbi əməliyyatlara başlamalıdır. Dünya tərəfindən tanınan 1918-ci il sərhədlərimiz bərpa olunmalıdır. Qeyri-qanuni olaraq Ermənistana verilən Zəngəzur, Göyçə mahalı Azərbaycana qaytarılmalıdır".

Millət vəkili Araz Əlizadə də bildirib ki, Ermənistan hakimiyyətinin bu mövqeyi fonunda Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hərbi gücə əl atması qaçılmazdır: 

"Hakimiyyətə populist şüarlarla gələn Paşinyanın belə fikirlər səsləndirməsi təəccüblü deyil. Çünki erməni cəmiyyəti o qədər xəstə vəziyyətə düşüb ki, Qarabağ haqqında konstruktiv söz deyən siyasətçini parça-parça edər.

Yadımıza salaq, iyirmi il əvvəl Heydər Əliyev danışıqlar nəticəsində Levon Ter-Petrosyanı başa saldı ki, işğalçılıq siyasətinin sonu yoxdur. Bunun nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasının vacibliyini deyən Ter-Petrosyanı hakimiyyətdən devirdilər. İndi isə Paşinyan İrəvanda da, Moskvada da erməni cəmiyyətinin ovqatına uyğun bəyanatlar verir. Burada əsas məsələ onların nə söyləmələri yox, bizim nə etməli olduğumuzdur. Görürük ki, ermənilər sülh yolu ilə torpaqlarımızı boşaltmayacaqlar. Bu halda hansı variant qalır? Hərb variantı. Bəli, Azərbaycan öz ərazilərini hərbi yolla azad etməlidir. Mən 30 ildir deyirəm ki, Ermənistana müharibə elan olunmalıdır. Ancaq təəssüf ki, elə özüm deyib, özüm eşidirəm. Əvvəl tərəddüd edirdik ki, hazırlıqlı ordumuz yoxdur, ancaq indi ordumuzun gücü heç kimdə şübhə doğurmur. Ona görə də Azərbaycan daha vaxt itirmədən hərəkətə keçməlidir".

İsmayıl