Paşinyanın başqa yolu yoxdur – Ermənistan işğalçılıq siyasətinə son qoymalıdır

“O, anlamalıdır ki, ölkəsinin inkişafı işğal etdikləri Azərbaycan ərazilərindən hərbi qoşunlarını çıxarmaqdan keçir”
"Prezident sonuncu müşavirədə, bir daha Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində qəti olduğunu bildirdi. Dövlətimizin başçısı birmənalı olaraq qeyd etdi ki, mövqeyimizdə dəyişiklik yoxdur”.
Bunu "Sherg.az”a Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci übünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən politoloq Qabil Hüseynli bildirib.
Analitik qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan vaxt qazanmağa çalışır:
"O, danışıqlar prosesini uzatmaqla ölkədə iqtisadi dəyişiklikləri həyata keçirməyə cəhd edir. Ona görə də mütəmadi olaraq sərsəm bəyanatlar verir. Gah deyir danışıqların formatını dəyişmək lazımdır, gah deyir qondarma qurum danışıqlarda tərəf olmalıdır. Özü də anlayır ki, bu mümkün olan hal deyil. Azərbaycan heç vaxt ərazi bütövlüyünün təmini yolundan geri çəkilməyəcək. Nikol dediyim kimi, sadəcə vaxt qazanmağa çalışır. Amma o anlamalıdır ki, ölkəsinin inkişafı işğal etdikləri Azərbaycan ərazilərindən hərbi qoşunlarını çıxarmaqdan keçir. Paşinyanın bundan başqa yolu yoxdur. Çünki Prezident İlham Əliyevin də dediyi kimi, rəsmi Bakının mövqeyi eynidir, dəyişməz olaraq qalır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci übünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Dağlıq Qarabağ münaqişəsindən danışarkən qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyində heç bir dəyişiklik yoxdur: "Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”. Prezident onu da qeyd edib ki, danışıqlar formatı dəyişməz olaraq qalır: "Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”.
Anar