Peyvənd vurulsun, vurulmasın?

Valideynlər iki od arasında qalıb
“Özəl klinikada vaksinlər keyfiyyətlidir, dövlət klinikalarında keyfiyyətsizdir fikri yanlışdır”



"Uşaqların peyvənd olması Ümumdünya Səhiyyə Təşkilatının nəzarətindədir. Qeyri-müəyyən tərkibli vaksinlərin Azərbaycana gətirilməsi mümkün deyil”


Uşaqların peyvənd olunması məsələsini son illər lap "Arşın mal alan”dakı qoçuların "oxu”- "oxuma” məsələsinə çeviriblər. Bəzi həkimlər peyvənd vaksinlərini uşaqların sağlamlığı üçün vacib, digərləri isə təhlükəli hesab edir. İki od arasında qalan valideynlər də bilmir kimə qulaq assın. Tacir Əsgər "aaaaa” eləyə-eləyə qalan kimi valideynlərin də gözü həkimlərin üzündə qalır. Antivaksinatorların hesabınca, peyvənd uşağı əqli cəhətdən əlil edir. Pediatrlar isə peyvəndləri uşaqların sağlam həyat sürməsi üçün vacib olan tədbirlərdən biri hesab edir. Onların fikrincə, immunoprofilaktika yoluxucu xəstəliklərin qarşısının alınması, məhdudlaşdırılması və ləğvində çox mühüm rol oynayır.

Buna rəğmən yenə də bəzi valideynlər uşaqlarını peyvənd etdirməkdən qorxur.
Səbəblər isə müxtəlifdir. Əsasən də dövlət müəssisələrində edilən pulsuz peyvəndlərin təhlükəsizliyi valideynləri qorxudur. Valideynlər dövlət poliklinikalarında uşaqlara vurulan bəzi peyvəndlərdən sonra onlarda yüksək hərarətin müşahidə olunduğunu əsas gətirərək, növbəti peyvənd üçün özəl klinikaları seçmək məcburiyyətində qalırlar. Özəl klinikalara gəldikdə isə qiymətlər "od tutub” yanır. Bəzi klinikalarda bir HİB vaksini etdirmək (B tipli hemofil çöplərin törətdiyi xəstəliklər) 180 manata başa gəlir.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev bu günlərdə mətbuata verdiyi açıqlamasında deyib ki, Azərbaycanda dövlət vəsaiti hesabına 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Həmin peyvəndlər tibb elminin ən son nailiyyətləri əsasında hazırlanmış vaksinlərlə həyata keçirilir. 

Özəl yaxşıdır, dövlət pisdir” fikirləri xoşagəlməyən reklamın nəticəsidir. Azərbaycanda istifadə edilən peyvəndlər dünya standartlarından aşağı deyil. Hətta elə ölkələr var ki, xərcləri səbəbindən peyvənd tətbiq edə bilmir. Azərbaycanda bütün uşaqların sayına müvafiq, hətta itki də nəzərə alınmaqla peyvənd alınır. Bəzi özəl klinikalar peyvənddən qazanc məqsədilə istifadə edir. Peyvənd preparatını 50 manata alır 150-200 manata inyeksiya edirlər. Onlar peyvənd istehsal etmir, hazır aptekdən alırsa, nə üçün baha inyeksiya etməlidir? Özəl klinikalarda qiymətin baha olmasının bir səbəbi onların kontingentlərinin az olması ilə bağlıdır. Bu səbəbdən onlar peyvəndi təkdozalı almaq məcburiyyətində qalırlar. Təkdozalı peyvənd baha olur.

 Çünki 10 dozalıq vaksini 1 flakonda almaqla, 1 dozalığı 1 flakonda almaq arasında 5 dəfə fərq olur. Flakona qablaşdırmaq preparatın özündən bahadır. Özəl klinikalar peyvəndin qiymətinin baha olmasının keyfiyyətlə əlaqəli olduğunu deyirlər. Əsas səbəbi isə sadə vətəndaş bilmir. Bundan başqa, dövlət həmin vaksinləri milyon dozalarla alır. Dövlət istehsal edən zavoddan alır, müqavilədə topdansatış qiymətinə razılaşdırılır. Özəl aptekdən 25 dollara alırsa, dövlət həmin vaksini zavoddan 5 dollara alır. Peyvəndin pisi, yaxşısı yoxdur, çünki onlara nəzarət vahid mərkəz Ümumdünya Səhiyyə Təşkilatının strateji texniki nəzarət qrupu tərəfindən edilir. Peyvənd istehsal edən zavod harada olsa da, onun keyfiyyətinə nəzarət eynidir. Peyvənd strateji məsələdir, onda səhvə yol vermək olmaz.

Pediatr Vaqif Qarayev isə "Şərq”ə açıqlamasında Nəsib Quliyevin ölkədə peyvəndin və ana südünün təbliğatında müqayisə olunmaz rolu olduğunu deyib. Onun sözlərinə görə, həkimlikdən əlavə həm də məmur olan baş pediatrın bu cür açıqlama verməsi təbiidir:

 "Bu adam gecə-gündüz körpələr üçün ana südünün və peyvəndin nə qədər faydalı olduğuna dair maarifləndirici çıxışlar edir”.

Pediatrın sözlərinə görə, xəstəxananın dövlət və ya özəl olması peyvəndin keyfiyyətinə təsir etmir. Vaksinlərin tərkibi eynidir. Dövlət poliklinikalarında peyvəndlərin keyfiyyətsiz olması barədə söz-söhbətlərin yayılmasında orada çalışan tibb personalının çox böyük "əməyi” var. Dövlət sektorundan uzaq olsam da, tez-tez valideynlərin dilindən eşidirəm ki, poliklinikalarda işləyən tibb işçiləri valideynlərə peyvənd vurdurmamağı tövsiyə ediblər. 

Bu isə yolverilməzdir. Doğum evlərində valideynlərə "ana südü yox, süni qida ver” fikri qədər zərərli bir yanaşmadır. Bu cür yönləndirmələr yanlış olaraq əhalidə belə bir rəy yaradır ki, özəl klinikalarda vurulan vaksinlər keyfiyyətli, dövlət poliklinikalarında istifadə edilən vaksinlər isə keyfiyyətsizdir. Dövlətin belə bir riskə gedib tərkibi qeyri müəyyən və ya zərərli olan vaksinləri 3 milyonluq uşaq kontingentinə qarşı istifadə etməsi heç cür ağlabatan deyil. Həm də ki, uşaqların peyvənd olması Ümumdünya Səhiyyə Təşkilatının nəzarətindədir. Qeyri-müəyyən tərkibli vaksinlərin Azərbaycana gətirilməsi mümkün deyil”.

V.Qarayevin sözlərinə görə, bəlkə də poliklinikalarda istifadə olunan vaksinlərlə özəl klinikalarda vurulan vaksinlərin firması fərqli olduğu üçün əhali bu qədər təşvişə düşür: "Belə bir təsəvvür formalaşıb ki, Fransanın istehsal etdiyi vaksin Hindistanın istehsal etdiyi vaksindən daha keyfiyyətlidir.
Bəzən iddia edirlər ki, dövlət poliklinikalarında istifadə olunan vaksinin tərkibindəki civənin miqdarı normadan artıq, zəhərləyici miqdarda olduğu üçün uşaqlar üçün ciddi təhlükə mənbəyidir. Özəl klinikalarda isə civənin miqdarı norma çərçivəsindədir. Belə şey ola bilməz. Bu, ən azından cinayətdir. Belə bir iddialar ortaya çıxacağı halda həmin şəxslər güllələnməlidir. Vaksinlər xüsusi laboratoriyalarda yoxlandıqdan sonra istifadəyə verilir”.

Özəl klinikalarda peyvənd etdirən valideynlərin narazılıq etmədiyini vurğulayan həkim hesab edir ki, dövlət xəstəxanalarından olan narazılıq istifadə olunan vaksinlərin keyfiyyətsizliyi ilə yox, vaksinin sağlam uşaqlara vurulmaması ilə əlaqəlidir: "Özəl klinikalarda vurulan peyvəndlər çox bahalıdır və imkanı olanlar gedib orada vurdura bilər. Ümumiyyətlə, peyvənddən sonra bir-iki sutka uşağın temperaturunun qalxması, yuxusuzluq, iynə vurulan yerdə şişkinlik, qızartının olması mümkündür. Bədənə yad zülal yeritdiyimiz üçün bu cür reaksiyalar təbiidir. Bu cür narahatlıqlar uşaqların həmin vaksinə qarşı reaksiyasından asılı olduğu üçün özəl klinikalarda da müşahidə oluna bilər. Allergik uşaqlara vaksin əks göstəriş verə bilər. 

Peyvənd mütləq sağlam uşağa vurulmalıdır. Bizdə isə bəzi antivaksinator ordusu var, ordan-burdan oxuyurlar ki, uşaqlar az qala hüceyrə səviyyəsində müalicə olunsun və biz onun peyvəndə qarşı allergik olub-olmadığını müəyyən edək. Bu dünyanın heç bir yerində yoxdur. Bizdə yenə qanın ümumi analizini götürənlər var. İngiltərəli həmkarlarım deyir ki, onlarda heç bir yoxlama aparmadan vaksinlər uşaqların bədəninə yeridilir. Ola bilər ki, dövlət poliklinikalarında çalışan həkimlər "plan” arxasınca qaçdıqları üçün uşaqları normal müayinə etmədən peyvənd vursunlar. Bu isə sistematik şəkildə deyil, istisna hallarda müşahidə olunur”.

Sovet vaxtında peyvəndin məcburi olduğunu xatırladan V.Qarayevin sözlərinə görə, profilaktik təbabət təbabət elminin ən mühüm qollarından biridir. Xəstəlik yaranmamış ona qarşı qabaqlayıcı tədbirlər görülməlidir. Göy öskürək, qızılca, suçiçəyi, difteriya, vərəm, hepatit s kimi xəstəliklərin profilaktikasında dünya ədəbiyyatı yazır ki, aktiv immunizasiya üçün vaksinasiya şərtdir. 

"Sovet dövründə peyvənddən imtina etmək olmazdı. Uşaqlar bəzi hallarda polislə gətirilirdi, amma indi peyvənddən könüllü imtina edirlər. Valideyn dilindən ərizə yazır ki, mən uşağımı peyvənd elətdirmək istəmirəm. Keçən il şahidi oldum ki, göy öskürək olan uşaqların hər biri peyvəndsiz uşaqlardır. Peyvənd vurulmuş uşaq da göy öskürək tuta bilər, amma çox yüngül keçirər. Qızılca vaxtında müalicə olunmadıqda ölümlə nəticələnən ağır infeksiyadır. Törədicinin yoluxdurma qabiliyyəti həddindən artıq yüksəkdir. Yəni tez bir zamanda epidemiya yaradır. Amma peyvənddən sonrakı ölüm halları, qızdırma epidemiyası zamanı yarana biləcək ölüm sayından dəfələrlə azdı. Valideynlər əgər uşaqlarının göy öskürək, difteriya, qızılca kimi xəstəlikləri ağır keçirməsini istəmirsə, mütləq peyvənd etdirsinlər”.

Şəymən