Piyadanı vurub öldürdü, maşını qoyub qaçdı - BAKIDA - YENİLƏNİB




Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi Xəzər rayonunda baş vermiş yol qəzası ilə bağlı birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. Belə ki, noyabrın 1-də Xəzər rayonu ərazisində Cəbrayılov Elşən Mustafa oğlunun idarə etdiyi "VAZ-2101” markalı 10-FT- 197 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada Qəribov Ceyhun Tərlan oğlunu vurması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Cəbrayılov noyabrın 2-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
*****
10:05
Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az xəbər verir ki, Xəzər rayonu Şağan qəsəbəsi ərazisində Elşən Cəbrayılov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə 1997-ci il təvəllüdlü Ceyhun Qəribovu vurub. Ağır xəsarət alan 20 yaşlı oğlan hadisə yerində ölüb. Hadisəni törədən E.Cəbrayılov avtomobili hadisə yerində tərk edərək qaçıb.
Oxşar hadisə Nizami rayonunda da baş verib. "Neftçilər" dairəsi yaxınlığında Kamran Mikayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə 45-50 yaşlı kişini vurub. Sürücü ağır xəsarət alan piyadanı özü xəstəxanaya çatdırıb. Lakin həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Bundan başqa Nərimanov rayonunda da şəxsiyyəti məlum olmayan piyada yol qəzasının qurbanı olub. 1993-cü il təvəllüdlü Pərvin Qocayev "BYD" markalı avtomobillə orta yaşlı qadını vurub. Piyada hadisə yerində vəfat edib.
Hər üç faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.