Prezident əhalini narahat edən məsələyə toxundu: “Həqiqətən də «Azəriqaz»...”

“«Azəriqaz» vətəndaşlarla müqavilə bağlayır, lakin üzərinə heç bir öhdəlik götürmür. Ev partlasın, yanğın olsun, qaz kəmərini kimsə kəssin, dəyişdirsin… «Azəriqaz»ın vecinə də deyil”
"Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə son qoyulmalıdır".
Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Dövlət başçısı bu barədə ona məlumat verildiyini söyləyib: 
"Mənə məlumat verilir ki, "Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. 
Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır".
Prezidentin «Azəriqaz»la bağlı mövqeyindən məmnun qaldığını söyləyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Sherg.az"a açıqlamasında bildirdi ki, cənab Prezident əhalini ən çox narahat edən məsələyə toxunub:
- Prezidentin çıxışını dinlədim, məni heyrət bürüdü; sanki Prezident Azad İstehlakçılar Birliyinə vətəndaşlardan daxil olmuş şikayət ərizələri ilə tanış olub. Prezident böyük məna kəsb edən sözlər dedi. Həqiqətən də «Azəriqaz»ın istehlakçılarla bağladığı müqavilələr birtərəflidir. «Azəriqaz» vətəndaşlarla müqavilə bağlayır, lakin üzərinə heç bir öhdəlik götürmür. Ev partlasın, yanğın olsun, qaz kəmərini kimsə kəssin, dəyişdirsin… 
«Azəriqaz»ın vecinə də deyil. Ötən müddət ərzində bir neçə partlayış baş verdi, amma «Azəriqaz» günahkar olmadı. Niyə? Çünki, heç bir öhdəlik üzərinə götürməyib. «Azəriqaz» «ASAN Xidmət»in fəaliyyətindən də sui-istifadə edir. Hansısa məsələ ilə bağlı akt tərtib edib vətəndaşı göndərirlər «ASAN Xidmət»ə. Əksər hallarda da sayğaclara guya vətəndaş müdaxilə edib. Evindən kənarda olan sayğaca görə istehlakçı heç vaxt cavabdeh ola bilməz. Belə qayda yoxdur. Vətəndaşa lazımdı ki, gedib cərimə ödəsin? Cərimə ödətdirmək kimə sərf edirsə, təqsirkar odur. Prezidentə çox minnətdaram ki, həqiqəti ortaya qoydu. Sayğac problemini, qazın keyfiyyətsiz verilməsini dedi. Ürəyimdən xəbər verdi və milyonlarla vətəndaşımızı narahat edən məsələdən danışdı.
E.Hüseynov istehlakçıya verilən qazın nəqlində fasilələr yarandıqdan sonra sayğacların işə düşməməsi probelminə də toxundu:
- Sayğaclar mükəmməldir. Lakin proses «Azəriqaz» tərəfindən idarə olunur. «Rıçaq» öz əllərindədir, nə istəyirlər edirlər. Elə vəziyyət yaradırlar ki, sayğaclar «kod»a düşür və əhali də məcbur olub əlavə yükləmə edir. İnanıram ki, cənab Prezidentin çıxışından sonra bu məsələlər həllini tapacaq.
Məlahət Rzayeva