“Prezident münaqişənin həlli ilə bağlı qəti mövqeyini bir daha ortaya qoydu”

"Prezident Nazirlər Kabinetinin iclasında mühüm məsələlərə toxundu. Dövlət başçısı bəzi sahələrdə yarıtmaz işlərin olduğunu qeyd etdi”.
Bunu "Sherg.az”a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, "Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətinə ciddi irad bildirən dövlət başçısı bu çatışmazlıqları dərhal aradan qaldırmağı tələb edib: 
"Məlumdur ki, bu sahədə olan boşluqlar uzun müddətdir ictimaiyyətin diqqət mərkəzindədir. Sayğacların dəyişdirilməsində olan problemlər və qaz itkisinin əyri yollarla kompensasiya edilməsi cəhdləri dəfələrlə vurğulanıb.
Qaz istifadəçilərinin xəbəri olmadan onlara böyük məbləğdə cərimələr gəlirdi. Vətəndaşların müraciətləri isə qulaqardına vurulurdu. Ona görə də məhkəmlərə üz tutmağa məcbur olurdular. Bununla da 10 minlərlə vətəndaş aylarla məhkəmə qapısında gözləyirdi.
Qərarlarının yanlış olduğunu bilə-bilə "Azəriqaz” işçiləri ikinci və üçüncü instansiya məhkəmələrinə müraciət edərək prosesi uzadırdılar ki, bəlkə vətəndaş bezib fikrindən əl çəkə. Bütün bu proseslərin Prezidentin diqqətindən yayınmadığı hər kəsə məlum oldu. Buna bənzər vəziyyət elektrik enerjisi istifadəçilərinin də başına gətirilir”.
Analitik vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında Prezident Dağlıq Qarabağ probleminin həlli ilə bağlı öz qəti mövqeyini bir daha ortaya qoydu:
"Bəzi qüvvələr Azərbaycanın Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan sazişə kölgə salmaq üçün guya hakimiyyətin Dağlıq Qarabağla bağlı məslələrdə böyük güzəştlərə gedəcəyini dilə gətiriblər. 
Dövlət başçısı bu məslələrə aydınlıq gətirmək üçün bir daha dəyişməz mövqeyini bildirərək "Biz bundan sonra da öz prinsipal mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik” bəyanatını verdi. Bununla da Prezident hakimiyyətin Dağlıq Qarabağ probleminin həllində ərazi bütövlüyü müzakirə mövzusu olmadığını bildirərək son nöqtəni qoydu”.
İsmayıl