Qaçış...

Bakıda qatardan qaçan məhbuslara şərait yaradılıb
Hüquqşünaslar hesab edir ki, bu variantın üzərində daha çox araşdırma aparılmalıdır


"Çünki qaçanlar məşhur kriminal avtoritetlərdir. Azad dünya, imkanlı kriminal aləmlə yaxşı əlaqələri var”



Bakı-Astara-Bakı qatarının xüsusi təyinatlı vaqonunda paytaxta gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədovun qaçması ölkə gündəminin əsas müzakirə mövzularından biridir. Bununla bağlı müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, məhkumların nəzarət altında qaçması qeyri-mümkündür, onlar kənardan dəstək almadan belə addımı ata bilməzlər.
Faktla bağlı vəzifələrinin icrası zamanı səhlənkarlığa yol vermiş Penitensiar Xidmətin əməkdaşları - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb. Qeyd edək ki, Qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun bacısı oğludur.
Məlumata görə, qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs Lənkərandan Bakıya gətirilərkən, oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında qatardan düşürülən zaman qaçıblar. Onların qaçması "Bakı Vağzalı”nda aşkarlanıb. Təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasına aparılırmış.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məsələ ilə bağlı araşdırma aparan müvafiq qurumdan açıqlama almağı tövsiyə edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə müvafiq araşdırmalardan sonra rəsmi açıqlama veriləcəyini bildirib.

Məlumat üçün bildirək ki, Lənkərandan Bakıya gələn qatardakı xüsusi təyinatlı vaqondan 2 kriminal aləm üzvünün qaçması ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, kriminal aləmə yaxınlığı ilə tanınan Əli Ağami və "Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun daha öncə 7-8 dəfə xüsusi təyinatlı vaqonla Lənkərana aparılıb gətirildiyi məlum olub. Bildirilib ki, məhz həmin qatarla mütəmadi səfər etmələri məhbuslara plan qurmaq üçün fürsət yaradıb. Onlar bu məqsədlə altıbucaqlı formada olan xüsusi açar əldə ediblər. Məhbuslar Lənkərandan gələn qatar Biləcəri stansiyasına yaxınlaşarkən, sübh tezdən həmin açarla vaqonun pəncərəsini açıblar və qatar dayanan kimi pəncərənin dəmir barmaqlıqlı çərçivəsini çıxardaraq oradan düşüb qaçıblar. Yalnız qatar "28 May” stansiyasına çatanda hər iki məhbusun aradan çıxdığı məlum olub.
Məsələ ilə bağlı maraq doğuran digər məqam isə qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılmasıdır. Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 23-də səhər saatlarında Lənkərandan Bakı İstintaq Təcridxanasına gətirilərkən, Biləcəri stansiyasında qaçıblar. Yəni hər iki şəxs eyni cinayətdə ittiham olunur. Qanunvericiliyə görə isə eyni cinayətdə təqsirləndirilən şəxslər eyni yerdə daşına bilməz. Ən ilginc olanı isə bu gün (dünən) Lənkəranda hökm oxunacaq şəxslərin oktyabrın 23-də Bakıya hansı məqsədlə gətirilməsidir.
Vəkil Cavad Cavadov isə hesab edir ki, məhkumların qaçmasında Penitensiar Xidmətin əməkdaşlarının vəzifə səhlənkarlığı açıq-aşkar görünür:

 "Vəzifə səhlənkarlığı ehtiyatsızlıqdan törədilən cinayətdir. Təqsirləndirilən şəxslərin qaçmasında Xidmət əməkdaşlarının hərəkətlərində hansısa qəsd müəyyən edilərsə, onlara köməkçi kimi şərait yaradan digər maddələr də verilə bilər. Bu isə istintaqın gedişatına bağlı məsələdir. Ümumiyyətlə, mövcud şəraitdə istər məhkumların, istər həbsdə saxlanılan şəxslərin müşayiət və etap olunması ciddi nəzarətdədir. Bu kimi hallar 10 ildə bir baş verir. Mən burada qəsd olduğuna inanmıram, əsasən səhlənkarlıq hiss olunur”. Hüquqşünas oktyabrın 24-də Lənkəranda hökm oxunacaq şəxslərin, ayın 22-də Bakıya etap olunmasına belə aydınlıq gətirib: "Lənkəranda istintaq təcridxanası yoxdur. Təqsirləndirilən şəxslər müvəqqəti saxlanma yerinə aparılarkən polis şöbələrinin müvəqqəti saxlanma yerində saxlanılır. Mövcud qanunvericiliyə görə, şəxslərin 10 gündən artıq müvəqqəti saxlanma yerində qalmasına icazə verilmir. Sadə dildə desək, giriş-çıxış etməlidir. Bu etapların öz spesifikası var. Bununla bağlı əvvəlcədən nə isə demək çətindir. Bunun üçün onların neçə gün ərzində Lənkəranda saxlanıldığını bilmək lazımdır. Mətbuatda qaçanlardan birinin oğru aləminə yaxın şəxs olduğu bildirilir. Bu, mümkündür”.
C.Cavadov bildirib ki, eyni cinayətdə təqsirləndirilən şəxslər eyni yerdə daşına bilər: "Amma onlar daşınma zamanı biri-birini görməməli, ünsiyyətdə olmamalıdırlar. Yəni eyni qatar, eyni vaqon olar, amma eyni yer olmamalıdır”.

Hüquqşünas Qurban Məmmədov "Şərq”ə açıqlamasında deyib ki, faktla bağlı ciddi araşdırma aparılmalı və məhbusların qaçmasında kimlərinsə əlinin olub-olmadığı dəqiqləşdirilməlidir.
Məhbus olduğu zaman dustaq vaqonlarında çox gedib-gəldiyini qeyd edən Q.Məmmədovun sözlərinə görə, kiminsə yardımı olmadan həmin vaqonlardan məhbusların qaçması qeyri-mümkündür: "Məgər həmin dustaqlara nəzarət olmayıb ki, onlar açar əldə ediblər və vaqonun pəncərəsini açıb asanlıqla qaça biliblər. Ya həddindən artıq səhlənkarlıq olub, ya da bilərəkdən şərait yaradıblar. Hər halda bütün bu amillər araşdırılacaq, amma düzünü desəm, istintaqın obyektiv aparılacağını güman etmirəm”.
Qatarda aparılan zaman məhbusların əlinin açıq olduğunu qeyd edən hüquqşünasın sözlərinə görə, yemək, oturub- durmaq rahatlığı baxımından dustaqların əlini bağlı saxlamırlar. Onların əli yalnız məhkəməyə aparılan zaman bağlı olur.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist ekspert İlqar Altay isə "Şərq”ə açıqlamasında istintaq, həbs altında olan təqsirləndirilən, ya məhkum olunanların etap olunan zaman və ya həbs yerlərindən qaçmasının ilk hadisə olmadığını deyib və Azərbaycanın da ilk ölkə olmadığını əlavə edib: "Nə qədər həbs, dustaq var, o qədər də belə qaçmalar olur. Qaçanların da əksəriyyəti təzədən tutulub dövlət orqanlarına təhvil verilir, amma onların tutulmayanları da, gedib ağır hadisələr törədənləri də olur. Onu deyim ki, dövlət, hüquq-mühafizə orqanları dustaq qaçışına qarşı çox həssas olur. İstənilən dövrdə və quruluşda. Niyə? Çünki həbs yerlərindən qaçma fövqəl dərəcədə çətin, xüsusi xarakter tələb edən bir şeydir. Bunu da hər adi dustaq yox, ancaq xüsusi təkmilli və cinayətkar xarakterli, hər bir amansız hadisə törətmə imkanı olanlar edə bilir. Onların azadlıqda qalması, tutulub qaytarılmamasının hər anı həm yeni ağır cinayətlərin baş almasıdır, həm də bu cinayətkar aləmin nüfuzunun qalxması, hüquq-mühafizə sisteminin, əksinə, azalması deməkdir”.
İ.Altayın sözlərinə görə, məhz bu səbəbdən də belə hallarda dustaqlara nəzarətə məsul orqanlar həmişə ciddi və güzəştsiz cəzalandırılırlar: "Məsələn, Moskvada təzəcə çalışdığım çox gənc vaxtımda "seriynıy nasilnik”, yəni çoxlu zorlamalar törətmiş peşəkar manyakı ekspertizadan keçirirdik. Qəflətən o, mühafizəçi polislərdən birisini vurub pəncərədən atılıb qaçdı. Bütün mühafizə sistemi, komandir qarışıq sistemdən qovuldu. Müstəntiqlə mənə isə töhmət verildi”.
Kriminalistin sözlərinə görə də, dustaq saxlama yerlərinin, yəni müvəqqəti saxlanma, istintaq izalyatorları, həbsxana və zonalarda ilk əsas şərt dustaqların qaça bilməməsi şəraitini təmin etməkdir. Maksimum profilaktik tədbirlər görülməlidir ki, heç bir qaçma ehtimalı qalmasın: "Təbii ki, dustağın etap edilməsində bu ehtimal həbsxana şəraitindən xeyli çox olur. Çünki bu halda hərəkət, yerdəyişmə, şəraitin qeyri-standart olmayaraq müxtəlifləşməsi faktoru var. Dustağı mindirmə, endirmə, açıq hava şəraiti, kənardan müdaxilə etmə imkanı və s. Ona görə də statistika üzrə qaçışların 70 faizi dustaqları etap etmə, məhkəmə, istintaqa və ya ekspertiza idarələrinə aparıb gətirmə hallarında baş verir”.
Konkret hadisəyə gəldikdə isə İ.Altayın fikrincə, bu dustaq qaçışının baş verməsi bir neçə ehtimal üzərində ola bilər. Ya nəzarətçilərin səhlənkarlığı və dustaqların özlərinin gücü və bacarığı ilə qaçması, ya da kənardan, azadlıqdakı kriminal aləm üzvlərinin hücum-müdaxiləsi, yəni kobud desək, onları qaçırtması. Ola bilər ki, nəzarətçilər maddi, mənəvi-ideoloji maraq, ya qorxu və s. asılılıq ilə əlaqədar bu qaçışa cinayətkarcasına hərəkətsizlik, ya hərəkətlilik əməli ilə imkan-şərait yaradıblar: "Zənnimcə ikinci, kənardan müdaxilə versiyası sıfıra bərabərdir. Çünki Azərbaycanda dövlətçilik sistemi elə zəif, kriminal durum elə şiddətli və cinayətkar aləm elə bir güclü durumda deyil ki, əski banditizm dövrlərində olduğu kimi dustaq vaqonuna hücum çəkib dustaq qaçırtsınlar. Hətta bu olsaydı belə, bu hadisə barədə Biləcəridə xəbər tutulardı, qatar Bakıya çatıb bir müddət keçəndən sonra yox. Qalan iki versiyadan birincisi, yəni dustaqların özlərinin öz gücləri ilə qaçması da mümkündür, ancaq o qədər də ağlabatan deyil. Çünki bu vaqonlar tam təhlükəsiz və nəzarətə uyğun qurulub və sistematik olaraq bu etaplar üçün istifadə olunur. Belə bir boşluq olsaydı, bu neçə illər ərzində digər məhbuslar da xüsusi hazırlanmış vaqonlardan öz gücünə qaça bilərdi. Qaldı ki üçüncü nəzarətçilərin cinayətkarcasına bu qaçışa şərait yaratması ehtimalına, düşünürəm ki, açılmış istintaqın bunun üzərində işləməsinə dəyər. Çünki qaçanlar məşhur kriminal avtoritetlərdir. Azad dünya, imkanlı kriminal aləmlə yaxşı əlaqələri var. Onların nəzarətçi-mühafizəçiləri maddi, ideoloji, ya da qorxu vasitəsilə ələ alma imkanları da az deyil. Şübhəsiz ki, bu qaçan dustaq avtoritetləri çətin də olsa, gec-tez tutub cəza qarşısına qaytarmaq mümkün olacaq. Mümkün olmalıdır, çünki söhbət hüquq-mühafizə sisteminin nufuzu və dövlətçiliyin möhkəmliyindən gedir. Və təbii ki, bu qaçışa bu və ya digər dərəcədə səbəbkar olmuş hər kəs cəzasını almalıdır”.
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şəymən