Con Bolton: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda sülhün bərqərar olmasına, eyni zamanda beynəlxalq müstəvidə də öz təsirini göstərə bilər"
Qarabağ münaqişəsinin həlli ABŞ üçün böyük əhəmiyyət kəsb edir
Trampın müşaviri Bakıda Vaşinqtonun məramını açıqladı
Con Bolton: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda sülhün bərqərar olmasına, eyni zamanda beynəlxalq müstəvidə də öz təsirini göstərə bilər"
Con Bolton: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda sülhün bərqərar olmasına, eyni zamanda beynəlxalq müstəvidə də öz təsirini göstərə bilər"
Dünən ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycanda səfərdə olub. Bolton həm dövlət başçısı İlham Əliyevlə, həm də xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirib. Görüşlər zamanı Azərbaycan və ABŞ arasındakı əməkdaşlıq, regional məsələlər və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi müzakirə olunub. Məlumat üçün bildirək ki, Con Bolton Azərbaycana Rusiyadan gəlib. Onun Ermənistana və Gürcüstana səfər edəcəyi də gözlənilir.
"ABŞ-ın Azərbaycanla münasibətləri strateji əhəmiyyət kəsb edir”
Con Bolton ilk olaraq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla bir araya gəlib. Nazir Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyini bildirərək bir sıra sahələrdə, xüsusilə terrorizmə qarşı mübarizə çərçivəsində sıx əməkdaşlıq həyata keçirildiyini deyib. Eləcə də ABŞ hökumətinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan layihələrə göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan Bolton ABŞ-ın Azərbaycanla münasibətlərinin strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Müşavir Azərbaycanın terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirildiyini qeyd edib.
Qarşı tərəfə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən E.Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu bildirib. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunu diqqətə çatdıran nazir münaqişənin həllində davamlı sülhə nail olunması üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu və bu ərazilərdən zor gücü ilə qovulan insanların öz evlərinə geri qayıtmalı olduqlarını diqqətə çatdırıb. Görüş zamanı tərəflər Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji, nəqliyyat və tranzit layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və "Cənub Qaz Dəhlizi" haqqında müzakirələr aparıblar. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına sadiq qalacaq”
XİN rəhbəri ilə görüşdən sonra ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mətbuat konfransı keçirib. O bildirib ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin tapılmasına sadiq qalacaq. Bolton qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda sülhün bərqərar olmasına, eyni zamanda beynəlxalq müstəvidə də öz təsirini göstərə bilər: "Yəni Dağlıq Qarabağ münaqişəsinin həlli strateji nöqteyi-nəzərdən bizim üçün də böyük əhəmiyyət kəsb edir. Azərbaycandan sonra Ermənistana səfər edəcəyəm. Ümid edirəm, Ermənistan rəsmiləri ilə görüşlər keçirərək İrəvan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baxışları ilə tanış olacağam. ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu istiqamətdə fəaliyyət göstərərək münaqişənin dinc yolla həllinin tapılması istiqamətində sadiqliyimizi nümayiş etdirməyə davam edəcəyik”.
"Azərbaycanın beynəlxalq enerji bazarında faydalı rolunu davam etdirməsi ABŞ üçün böyük əhəmiyyət kəsb edir”
Bolton vurğulayıb ki, Azərbaycanın beynəlxalq enerji bazarında faydalı rolunu davam etdirməsi ABŞ üçün böyük əhəmiyyət kəsb edir: "Bu mənim Azərbaycana ilk səfərimdir. Bildiyim qədər ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri kimi ilk olaraq Azərbaycana mən gəlmişəm. Səfərim çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlər zamanı geniş müzakirələr apardıq. O cümlədən, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlıq, "Cənub Qaz Dəhlizi" məsələlərini müzakirə etdik. Biz Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı mühüm rolu da müzakirə etdik. Azərbaycanın bu sahədə öz faydalı rolunu davam etdirməsi bizim üçün böyük əhəmiyyət kəsb edir”. Müşavir bildirib ki, Azərbaycan alternativ enerji mənbələrini təmin etməkdə mühüm rol oynayır: "Eyni zamanda, biz Azərbaycanla ABŞ hökuməti arasında əməkdaşlığı, o cümlədən qlobal terrorçuluğa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə tərəfdaşlığımız barədə fikir mübadiləsi apardıq”.
İsmayıl