Qarabağda yerləşdirilən Suriya erməniləri oradan qaçır

Bayram Səfərov: “Ağır şəraitdə, səfalət içində ermənilərin orada yaşamağa razılaşacağı absurddur”



"ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfəri zamanı Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüş keçirməsi istisna deyil”. Bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib.

Səfərin dəqiq tarixinin məlum olmadığını bildirən B.Səfərov bildirib ki, bölgəyə səfər zamanı adətən proqrama icmalar ilə görüş daxil edilir. Birlik sədri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün yaxın vaxtlarda gözlənilmədiyini açıqlayıb: "Ermənistanın əli qana batmış cinayətkar rejimi və erməni lobbisi Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsini istəmirlər. Bunun da səbəbi aydındır. Bilirlər ki, belə görüşlər keçirilsə, erməni icmasının ağıllı insanları Azərbaycanın tərkibində yaşamağa hazır olduqlarını bildirəcəklər. Çünki ermənilər iki əsrə yaxın Qarabağda azərbaycanlılarla mehriban qonşuluq şəraitində yaşayıblar. Münaqişə dövründə də məhz Ermənistan rəhbərliyinin və lobbinin bu münaqişəni alovlandırdığını bildiriblər”.

"Qarabağa yerləşdirilən Suriya erməniləri ilk fürsətdə oradan qaçacaqlar”

Bayram Səfərov bildirib ki, Qarabağa yerləşdirilən Suriya ermənilərinin bir hissəsi artıq oradan qaçıblar: "Suriyadan gələn ermənilər öz ölkələrində kifayət qədər azad şəraitdə yaşayıblar. Bu gün erməni lobbisi Sarkisyan hakimiyyəti Suriya ermənilərini Dağlıq Qarabağda yerləşdirməyə çalışır. Eyni zamanda təmas xəttindəki hərbi postlar boş olduğu üçün həmin ermənilərin bir hissəsinin pasportları alınaraq postlara göndərilir. Ona görə də ermənilər həmin ərazidə uzun müddət qalmırlar, ilk fürsətdə qaçırlar. Çünki elə ağır şəraitdə, səfalət içində ermənilərin orada yaşamağa razılaşacağı absurddur”.

"Soso Pavliaşvili üzr istəsə, Azərbaycana gələ bilər”

Birliyin sədri söyləyib ki, əgər müğənni Soso Pavliaşvili Qarabağa qanunsuz səfər etdiyi üçün üzr istəsə, Azərbaycana gələ bilər: "O halda müğənninin məcburi köçkünlərlə görüşünü şəxsən təşkil edə bilərik. Bəzən erməni lobbisinə, Ermənistanın hazırkı hakimiyyətinə aldanan bəzi tanınmış şəxslər Qarabağa qanunsuz səfərlər edirlər. Əgər bu insanlar səhvlərini etiraf edərlərsə, onları bağışlamaq mümkündür. Mən bunu əvvəllər də demişəm. Soso Pavliaşviliyə münasibətdə də bu mövqedən çıxış edirəm”.

İsmayıl