Kəsiləcək heyvanları satacaq şəxslər belə qiymətdə güzəştlər etməyə meyilli olmalıdırlar
Qurban bayramı islam dininin Ramazan bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan bayramının mühümlüyü başa düşülsə də, çox zaman qoyun və qoç kəsməklə məhdudlaşan Qurban bayramının vaciblik dərəcəsini heç də hamı başa düşə bilmir.
Qurban bayramının əhəmiyyəti haqqında "Sherg.az”a danışan ilahiyyatçı Atif İsmayılov qeyd edib ki, bu bayramla bağlı şəriətin qoyduğu qanunlar var və insanlar bunu tətbiq etməlidirlər. A. İsmayılovun sözlərinə görə, həmin qaydalar Həcc ziyarəti ərəfəsində, Minada "İsmayıl qurbanı” kəsən möminlərə aiddir:
"İsmayıl qurbanı”nın kəsilməsinin də özünün vaxtı, məkanı var. İnsanlar Məkkədə bütün əməlləri icra edəndən sonra, qurbanların kəsilməsi üçün nəzərdə tutulan Mina adlı yerdə bu ayini icra edirlər. Minadan kənar həmin şəxslərin hər hansı qurbanı kəsməyə ixtiyarı yoxdur.
Həcc ərəfəsində Allahın təyin etdiyi qurbanlıq ayinlərindən əlavə, dünyanın hər yerində müsəlmanlar "İsmayıl qurbanı” kəsirlərsə, bu, savab əməl sayılır. Qurban kəsilməsinin dini şərtlərindən biri budur ki, bir neçə şəxs toplaşıb, heyvan alacaqlarsa, həmin heyvanı kəsib, kasıblara verməlidirlər. Təəssüf ki, bəzi bölgələrdə heyvanı "qurbanlıq” adı ilə kəsib, insanlar arasında pul müqabilində verirlər. Bunun "İsmayıl qurbanı” ilə heç bir əlaqəsi yoxdur. Qurbanlıq niyyətilə kəsilən heyvanlar insanlara pulsuz paylanmalıdır.
Başlıca şərt budur ki, imkanlı şəxslər və qurban kəsmək niyyətində olan bir qrup insan əti kasıblara paylasınlar. Nəticədə evində uzun müddət ət yeməyi bişməyən yoxsulların qarnını doyurmaqla qurban kəsən şəxslər savab qazanırlar. Bu gün Azərbaycanda belə addımların atılması savab, bəyənilən haldır”.
Şərqşünas Seyid Camal Əzimbəyli isə Qurban bayramını və Ramazan ayını müsəlman birliyinin, bərabərliyinin təminatı kimi qiymətləndirir.
O qeyd edib ki, bu bayramlar həm də müsəlman mədəniyyətinin formalaşmış aynasıdır:
"Qurban bayramında əsas məsələ qurbanlıq heyvanların kəsilməsi zamanı təmizliyə, mərhəmətə diqqət göstərməkdir. Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət orqanları qurban kəsilməsi üçün xüsusi yerlər ayırıb. Buna baxmayaraq, mən özüm yaşadığım rayonda bir neçə yerdə antisanitar şəraitdə qurbanların kəsildiyini müşahidə etmişəm.
Hesab edirəm ki, bu halların qarşısını almaq mütləqdir.
Azərbaycanda bir qrup işbazlar Qurban bayramını öz maliyyə imkanlarının artması üçün fürsət bilirlər. Bu şəxslərin də aidiyyəti orqanlar tərəfindən nəzarətə götürülməsi lazımdır. Qurban bayramında kəsiləcək heyvanları satacaq şəxslər belə qiymətdə güzəştlər etməyə meyilli olmalıdırlar. İnsanlar qazanc əldə etmək, başqalarının dini duyğularını istismar etmək əvəzinə savab işlər görməyə çalışmalıdırlar”.
Aysel Aslan