
Rayon və kəndlərdə əhalinin güzəranı ağırlaşır- Səbəblər və çıxış yolları
"Regionlar üçün tətbiq edilən sosial iqtisadi inkişaf proqramları yetərli deyil”.
Bunu "Sherg.az”a regionlarda əhalinin sosial durumunun getdikcə ağırlaşmasından və bu istiqamətdəki təkliflərindən danışarkən iqtisadçı- ekspert Nazim Bəydəmirli deyib.
O vurğulayıb ki, regionda yaşayan insanlar həm obyektiv, həm də subyektiv səbəblərdən iri şəhərlərə axın olur:
"Bu proses isə 1990-cı illərdən - Ermənistanın Azərbaycana təcavüz iddiası ortaya qoyulandan başladı. 1-ci Qarabağ müharibəsi dövründən indiyə qədər sərhəd bölgələrində snayperlər var. İnsanlar təmas xəttində yerləşən ərazilərdə əkin-biçinlə məşğul ola bilmir. Bəziləri regionlardan bu səbəblərdən köçüblər. Çoxları isə regionlarda kommunal xidmətlərin zəifliyindən, qaz, su, elektrik enerjisi kimi vasitələrin əlçatan olmamasından rayonları tərk edib. Ona görə, rayon və kəndlərdə ilk növbədə kommunal xidmətlər əlçatan olmalıdır. Şəhərin gözəlləşdirilməsi deyil, regionların abadlaşdırılması, vacib imkanların yaradılması ilə bağlı addımlar atılmalı idi.

Kommunal xidmətlər əlçatan olmalıdır
Hazırda təəssüf ki, bölgələrin 50 faizində qaz yoxdur. Baxmayaraq ki, ölkə üzrə təbii qaz təchizatı statistikası 90 faizdən yuxarı göstərilir, bu, real deyil. Abonent sayında bu rəqəmlər ola bilər, lakin yaşayış sahəsi baxımından bölgələr tam qazla təmin edilməyib. Bu fakt onu göstərir ki, Azərbaycan qaz istehsal edən ölkə olaraq, məhsulunu xarici bazara satır, lakin öz əhalisini tam təmin etmir. Məsələn, 2017-ci ildə Gədəbəyin Şınıx bölgəsinin qazlaşdırıldığı deyilsə də, cəmi 3 kəndə qaz çəkilib.
Bütün bunları sadaladıqda, regionlarda yaşayışın çətin olması regionlarda "Azəriqaz” və SOCAR şirkətlərinin idarəçiliyinin çox pis olması və mənimsəmələrlə bağlıdır. 2012-ci ildə təxmini 1 milyard 200 milyon manat vəsait ayrılmışdı, lakin işlər yarımçıq qaldı.
Rayon icra hakimiyyəti başçıları, polis rəisləri, prokurorlar, vəzifədə olan digər şəxslər özləri bizneslə məşğul olur, hətta dövlət resurslarını öz şəxsi resursları kimi istifadə edir. Regionlarda belə idarəçilik hökm sürəcəksə, vəziyyət dəyişməyəcək. Hansısa rayonda bir icra başçısı dəyişdikdə bütün köhnə kadrlar dəyişir, 30-35 il işləmiş insanları rayonlardan didərgin salırlar. Kənardan gələnlər isə müvəqqəti biznesi mənimsəyir, rayondan çıxıb getdikdə biznesləri çökür”.
İnsanlar işlərini atır, qonşu ölkələrə yaxud paytaxta axın edirlər
Rayonların ləğv olunması təklifini irəli sürən ekspert bildirib ki, hər rayonda 5-10 idarə saxlamaq lazım deyil:
"Məsələn, 3 rayon – Tovuz, Qazax, Ağstafa birləşirsə, regionla idarələr bir yerə cəmləşməməlidir. Tutaq ki, maliyyə idarəsi Qazaxdadırsa, mədəniyyət idarəsi Ağstafada, təhsil isə Ağstafada olmalıdır. Belə tənzimlənərsə, daha düzgün siyasət olar.
Bundan əlavə, idarəçiliyə qohumbazlıq, regionçuluq baxımından yanaşmaq lazım deyil. Bir adamı vəzifəyə qoyurlar, bütün qohum-əqrəbalarını vəzifəyə yığır. Ona görə, rayonlarda insanlar belə idarəçilikdən bezib, işlərini atır, qonşu ölkələrə yaxud paytaxta axın edirlər.
Problemdən çıxış yolu olaraq sadaladığımız kimi kommunal xidmətlər əlçatan olmalı, tariflərdə insanlara güzəştlər edilməlidir. Regionlarda vergi dərəcələri aşağıdır, bu yaxşıdır. Ən önəmlisi isə idarəçiliyi icra hakimiyyətinin inhisarından alıb, yerli bələdiyyələrə vermək lazımdır. Bələdiyyələri isə şəffaf seçib, insanları onun idarəçiliyində iştirak etməyə sövq etməliyik. Bələdiyyələrə nəzarət funksiyasını ictimai şuralar tərəfindən həyata keçirmək vacibdir. Bütün bunların fonunda dövlət büdcəsi şəffaf şəkildə yönləndirilməlidir”.
İnsanların ərazilərini əlindən alırlar
N.Bəydəmirli bütün bunların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin çevik struktura keçməsinin vacibliyini də vurğulayıb. O bildirib ki, bu qurumda islahatlar üçün Gürcüstan təcrübəsindən yararlanmaq olar:
"Nazirlər Kabineti çox böyükdür, səlahiyyətlər çoxdur, lakin heç bir iş görə bilmirlər. Ona görə, vergi, gömrük islahatları da daxil olmaqla bu strukturda geniş dəyişikliklər etmək vacibdir. Ən əsası normal kadrlar olmasa, bütün bu işləri aparmaq da mümkün olmayacaq.
Regionların iqtisadi inkişafı üçün dövlətin iqtisadiyyata müdaxiləsi aradan qaldırılmalıdır. Son vaxtlar pambıqçılığın inkişafı ilə bağlı addımlar atılır. Lakin yerlərdə bunu həyata keçirmək üçün asan yol tutulur, insanların ərazilərini əlindən alırlar. Bunu isə yerli idarəçilik dövlətin siyasəti adı ilə pərdələyir. Dövlətin siyasəti odur ki, məşğulluq artsın. Hansı sahəyə önəm verəcəyi, hansı bitkini əkəcəyi isə sahibkarın öz seçimidir. Məmurlar vəzifələrindən sui-istifadə edərək öz şəxsi maraqlarını təmin etməyə çalışırlar. Nəticədə yerlərdə insanlar sıxışdırılır.
Məmur sahibkarlığı yığışdırılmalıdır
Dövlət iqtisadi fəallığı artırmaq üçün sahibkara daha ucuz maliyyə resurslarına çıxışı asanlaşdırmalı, inhisarlığı ləğv etməli, məmur sahibkarlığını yığışdırmalıdır. Nə qədər ki, dövlət vəzifəsində oturub, şəxsi işlərini yürüdən məmurlar var, dövlət satınalmalarında qanunlar pozulur, qurumların rəhbərləri tenderləri öz mənafeyinə istifadə edir, dövlət vəsaitləri mənimsəniləcək. Bütün bu problemlər də zəncirvari davam edəcək.
Nazirlər Kabineti reform olunmalıdır. Baş nazirin müavinləri vəzifələri ləğv olunmalıdır. Avropa ölkələrində və Gürcüstanda Nazirlər Kabineti dedikdə baş nazir, 2 baş nazirin müavini və 17-18 nazirlik başa düşülür. Baş nazirin müavinləri isə həmin nazirlərin içərisindən seçilir, hansı sahənin prioritet olması ilə müavinlər dəyişir. Bizdə isə 6 baş nazir müavini var, hansının nə iş gördüyü məlum deyil, lakin onların saxlanması üçün dövlət çoxlu pul xərcləyir. Hökumətin üzərinə düşən vəzifə idarəçilik xərclərini azaltmaqdır.
Bütün bu islahatları aparmaq üçün qonşu Gürcüstanın təcrübəsindən yararlanmaq olar. Gürcüstan sovet illərində "kölgə iqtisadiyyatı”nın ümumdaxili məhsula nisbətində ilk yerdə idi. Lakin son illərdə bu dəyişib. Azərbaycan isə "kölgə iqtisadiyyatı” 80 faizdən yuxarı olduğundan dünyada liderdi. Bu isə məmur sahibkarlığından, kiçik və orta sahibkarlığın sıxışdırılmasından qaynaqlanır. Ona görə, tam şəffaflıq olmalı, bütün sahibkarlar dövlət qarşısında eyni hüquq və vəzifələri daşımalıdır”.
Aysel Aslan