Rayonlardan gələnlər Bakıdakı bağ evlərinə doluşub

Millət vəkilinin SOS siqnalına iqtisadçı dəstək verdi
"Paytaxta kütləvi köçü zəiflətmək mümkündür. Bu problemin həllində Azərbaycanın yerli xüsusiyyətləri nəzərə alınmaqla xarici ölkələrin təcrübəsindən də faydalanmaq olar"


Millət vəkili Fazil Mustafa Milli Məclisin ötən iclasında əhalinin kütləvi şəkildə regionlardan Bakıya köç etməsi məsələsinə toxunub.

Bakı məhəllələrinin regionlardan gələn insanlarla dolu olduğunu vurğulayan deputat deyib ki, əksər bağ evlərində cənubdan gələn insanlar işləyir: "Artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər və sairə məhəllələr var.

Bölgələrin boşalmasından imtina etməliyik. Azərbaycanda regionlara dönüş proqramı hazırlanıb qəbul edilməlidir. İnsanlar Bakıda gecəqonduda yaşamaqdan imtina edib, regiona rahatlıqla üz tutmalıdır”.
Ekspertlər isə regionlarda yaşamağın olduqca ağır olduğunu deyib. Onların fikrincə, həm regionlarda işsizlik problemi var, həm də gəlirlər aşağıdır. Bu səbəblərdən də rayon və kənd sakinləri Bakıya axışır. Yəni yerlərdə heç bir inkişaf perspektivi görməyən ölkə sakinləri qazanc əldə etməkdən ötrü paytaxta gəlmək məcburiyyətində qalırlar.

Dövlət İqtisad Universitetinin dosenti, kənd təsərrüfatı sahəsi üzrə ekspert Qadir Bayramlının "Şərq”ə açıqlamasına görə, rayonlardan böyük şəhərlərə axın sadəcə Azərbaycana məxsus problem deyil. Bir çox ölkələrdə eyni hal yaşanır. Türkiyədə, Rusiyada və o cümlədən də digər üçüncü dünya ölkələrində əhali yerlərdən paytaxta köçür. Azərbaycanda bu məsələnin sovet dövründə tənzimləndiyini vurğulayan ekspert deyib ki, Bakıda ev almaq və işə qəbul üçün pasport qeydiyyatı tələb olunduğundan tələbat indiki səviyyədə deyildi.
Q. Bayramlı hesab edir ki, urbanizasiya prosesinin kökündə duran ən əsas məsələ əhalinin məşğulluq problemidir: 

"Kənd və rayonlarda istehsal müəssisələrinin bağlanması, torpağın əkib-becərilməsinin çətinləşməsi ucqar bölgələrin sakinlərinin ümidini şəhərə, əsasən də Bakıya bağladı. Demək olar ki, ölkə üzrə götürdükdə iş yerlərinin əksəriyyəti Bakı və Sumqayıtda açılıb. Kənd təsərrüfatı ilə məşğul olan rayon sakinlərinin gəlirləri yetərli olmadığı üçün onlar ev-eşiklərini satıb Bakıya köçürlər. Şəhərlə müqayisədə rayonlarda təhsil imkanlarının zəif olması da bu axının bir səbəbidir. Ali təhsil dalınca paytaxta gələnlərin böyük əksəriyyəti diplom aldıqdan sonra rayonlarda lazımi işlə təmin olunmayacaqlarını əsas gətirərək geriyə dönmək istəmirlər.

Hesab edirəm ki, millət vəkilinin dediyi kimi, Azərbaycanda regionlara dönüş proqramının hazırlanıb qəbul edilməsinə böyük ehtiyac var. Regionlarda daimi iş yerləri açmaq, sosial təminatı yaxşılaşdırmaq, həyat şəraitini yüksəltmək, mədəni-intellektual mühit formalaşdırmaqla, paytaxta kütləvi köçü zəiflətmək mümkündür. Bu problemin həllində Azərbaycanın yerli xüsusiyyətləri nəzərə alınmaqla xarici ölkələrin təcrübəsindən də faydalanmaq olar”.

Şəymən