50 min 697 nəfərin böyük əksəriyyəti iş axtaranlardır
Rekord sayda ərizə qeydə alınıb
Onların hamısı müəllim olmaq istəyənlər deyil
50 min 697 nəfərin böyük əksəriyyəti iş axtaranlardır
50 min 697 nəfərin böyük əksəriyyəti iş axtaranlardır
Son illər müəllim peşəsinə maraq artıb. Belə ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb. Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehovun sözlərinə görə, ayın 2-dən başlayan sənəd qəbulunda rekord sayda ərizə qeydə alınıb. 50 min 697 nəfər müəllim olmaq istəyən şəxs MİQ.EDU.AZ saytında qeydiyyatdan keçib.
Ekspertlər isə hesab edir ki, müəllimliyə marağın artması ixtisas seçimi zamanı da özünü büruzə verir.
İxtisas seçimi zamanı əvvəllər həm valideynlər, həm də abituriyentlər prestijli peşələrə meyl edirdilərsə, indi isə əmək bazarında daha çox ehtiyac duyulan sahələri seçirlər ki, istər dövlət, istərsə də özəl sektorda iş tapa bilsinlər. Buna görə, qəbul imtahanında yetərli balı toplayanlar seçimini müəllimlik ixtisasından edir. Çünki bu fakültəni bitirənlər həm dövlət, həm də özəl sektorda çalışa bilirlər. Ən pis halda repetitorluqla məşğul olurlar. Bundan başqa, son zamanlar müəllimlərin işə qəbul imtahanındakı şəffaflıq da abituriyentlərin bu ixtisasa yönəlməsini stimullaşdırır.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı müraciətlərin artmasına təsir edən faktorlar çoxdur. Bu amillərdən biri müəllimlərin diaqnostik qiymətləndirməsi ilə əlaqədar maaşların artmasıdır.
Digər təsir edən amil isə pedaqoji sahədə təhsil alan gənclərin sayındakı artımdır:
"Azərbaycan Müəllimlər İnstitutu və onun rayonlardakı filialları ucdantutma kadr hazırlığı apardı. Minlərlə gənc plansız şəkildə müəllimlik ixtisasını oxuyub, diplom aldılar. Əksəriyyəti də işsiz qalıb. MİQ imtahanı üçün ərizə qəbulu elan olunan zaman da əli diplomlu gənclərin hamısı sənəd verib özlərini yoxlayırlar.
Bu o mənaya gəlmir ki, qeydiyyatdan keçən insanların hamısı müəllim olmaq üçün əldən-ayaqdan gedir və ya hamısınını peşəkar pedaqoji qabiliyyəti var. 50 min 697 nəfərin hamısını deyə bilmərəm, böyük əksəriyyəti iş axtaranlardır, müəllim olmaq istəyənlər deyil”.
Professor hesab edir ki, müsabiqə şərtlərini dəyərləndirən zaman elə mexanizm icra etmək lazımdır ki, müəllimlik peşəsinə həvəslə, sevgi ilə yanaşan insanlara üstünlük verilsin.
Təhsil eksperti Kamran Əsədov ilk dəfə 2009-cu ildə müəllimlərin işə qəbulu imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirildiyini xatırladıb.
Bu prosesin 2011-ci ildə bütün ölkə ərazisini əhatə etdiyini vurğulayan ekspert təəssüflə qeyd edib ki, bu prosesdən kənarda məmurların müdaxiləsi ilə müəllimlər müsabiqədən kənar işə qəbul edilirdilər. Bu da vakansiyaların sayına kəskin təsir edirdi:
"Təhsil nazirinin 2014-cü ildə imzaladığı sərəncam isə bu məsələni müsbətə doğru həll etdi. Belə ki, bundan sonra orta məktəblərdə müəllimlərin işə qəbulu yalnız mərkəzləşdirilmiş imtahan vasitəsi ilə həyata keçirilməli idi.
Artıq işə qəbul prosesinin şəffaf təşkil edilməsi insanların buna inamını da artırdı. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il yanvarın 1-dən müəllimlərin əmək haqqının 2 dəfə artırılması ali təhsilli şəxslərin orta məktəbdə işləməsinə maraqlarını artırdı”.
K.Əsədovun sözlərinə görə, 2017-ci ildə keçirilən MİQ imtahanlarında 48 minə qədər, cari ildə, yəni 2018-ci ildə keçirilən MİQ imtahanlarında iştirak etmək üçün 50 mindən çox şəxs elektron ərizə ilə müraciət edib:
"2017-ci ildə Təhsil Nazirliyi tərəfindən 8 minə yaxın şəxs orta məktəblərdə müəllim kimi fəaliyət göstərmək hüququ qazandı. Əldə etdiyim məlumata görə, bu il 10 minə qədər vakant yer çıxarılacaq ki, bu da indiyə qədər çıxarılmış vakant yerlərdən çoxdur.
Ümumilikdə işə qəbul prosesinin mərkəzləşdirilmiş qaydada, şəffaf təşkil edilməsi təhsilin inkişafına müsbət təsir göstərəcək. Daha keyfiyyətli, bilik və bacarıqları yüksək olan müəllimlər təhsil sisteminə gələcəklər”.
"Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müraciətlərin rekord dərəcədə çox olması müəllimlik peşəsinə marağın artdığını sübut edir. Bu, sevindirici haldır”. Bunu isə "Sherg.az”a təhsil eksperti, professor Şahlar Əsgərov söyləyib.
O bildirib ki, Təhsil Nazirliyi, dövlət strukturları tərəfindən həyata keçirilən layihələr müsbət nəticəsini göstərdi:
"Bildiyimiz kimi, müəllimlik ixtisasına marağın artırılması üçün müəyyən təşviqedici proqramlar həyata keçirildi. Abituriyentləri, xüsusilə, qəbul imtahanlarında yüksək bal toplayanları bu ixtisasa yönləndirmək üçün dəstək layihələri aparıldı. Dövlət tərəfindən atılan bütün bu addımların nəticəsi olaraq, müəllimliyə verilən dəyər yüksəldi və maraq get-gedə artdı”. Rekord nəticələrin bu sahəyə göstərəcəyi təsirlərə gəlincə, Ş.Əsgərov çoxsaylı müraciətlərin rəqabət mühitini yaxşılaşdıracağını düşünür: "Təbii ki, imtahanlar nəticəsində müəllim olmaq istəyən məzunlardan ən yaxşıları seçilib, işlə təmin olunacaq. Bu prosesin şəffaf həyata keçirildiyi hər kəsə məlumdur. Yaxşı namizədlər arasında ən yaxşıları seçilib, müəllim adına layiq görüləcək”.
Şəymən