Sakinlər etiraz edir

Yasamalda 16 mərtəbəli binalar tikilir, digər binalar gün işığına həsrət qalacaq
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 36 və Əhməd Cəmil 23, 25, 27 küçələrinin kəsişməsində yerləşən köhnə ikimərtəbəli binaların sökülərək yerində hündürmərtəbəli binanın tikilməsi ərazidə yaşayan sakinlərin kəskin etirazına səbəb olub. Sakinlər həyətdə yaşıllıqların məhv edilərək, ətraf binaları gün işığına həsrət qoyan hündürmərtəbəli tikilinin inşa edilməsini narazılıqla qarşılayıblar. Əvvəlcə 31 nəfərin imzası ilə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin imzaladığı sərəncamının ləğvinə dair iddia qaldırılıb.
Məhkəməyə təqdim edilən iddia ərizəsində 150-dən artıq sakinin imzası ilə ölkə Prezidentinə və birinci Vitse-Prezidentə müraciət ünvanlanıb. Müraciətdə sakinlər keçmiş başçının sərəncamının ləğvini, həyətdə "Elit City” MMC tərəfindən yaşıllıqların məhv edilməsinin və 16 mərtəbəli binanın tikilməsinin qarşısının alınmasını xahiş ediblər. Sakinlər köhnə tikililərin sökülməsinə qarşı çıxmadıqlarını desələr də, bunun əvəzinə həyətin abadlaşdırılmasına, ərazidə park, uşaq meydançası və s. salınmasına göstəriş verilməsini istəyiblər. Yan binaların sakinlərinin müraciətinə əsasən 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə məhkəmə iclası keçirilib və hakimin təşəbbüsü ilə yerli baxış təyin olunub. 
26 iyulda hakim M.Bayramov, sakinlərin, icra hakimiyyətinin memarı Eyvaz Bağırovun, "Elite City” MMC-nin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlarının iştirakı ilə həyətə gələrək vəziyyətlə yerində tanış olublar. Hakimin göstərişi ilə aparılan ölçmə işlərinin nəticəsində 2 ədəd qarşı-qarşıya olan 9-mərtəbəli binanın arasındakı məsafənin sakinlərinin dediyi kimi 59 metr olduğu müəyyən edilib. Sakinlərin sözlərinə görə, qapalı həyətdə 3 ədəd 9 mərtəbəli, 1 ədəd isə 5 mərtəbəli yaşayış binası var. Binalarda 300-dən artıq mənzil mövcuddur. Həyətin eni 4 metrə yaxın olan bir girişi var. Bütün mənzillərin sakinləri üçün yalnız tikinti aparılması planlaşdırılan həyətə çıxış imkanları var. Bildiriblər ki, həyətdə 50-yə yaxın çoxillik şam, tut, qovaq ağacları olub. 
Lakin bu ilin mart ayında naməlum şəxslər 30-dan çox ağacı kökündən kəsərək mövcud yaşıllığı məhv ediblər. Həmçinin, həyətdə binaların su ilə təminatı üçün mövcud su anbarının sökülməsinə cəhdlər olunub. Sakinlərin Prezidentə, birinci Vitse-Prezidentə müraciətindən sonra həyətdə söküntü işləri dayandırılıb. Həyətdə çoxmərtəbəli bina tikintisinin mümkünsüz olduğu bildirilib. Lakin ötən gün "Elite City”-nin işçiləri ağır texnikadan istifadə edərək, guya, həyətdə qanunsuz söküntü nəticəsində yaranmış zibilliyi təmizləmək adı ilə yeni yaşayış binasının tikintisi üçün qazıntılara başlamağa cəhd göstəriblər. Qazıntı zamanı "Azərsu” şirkətinə məxsus orada yaşayan binaları su ilə təmin edən buruqlar və kanalizasiya xətləri zədələnib və nəticədə bütün həyəti su basıb. Bir neçə saat 7 binanın sakinlərinə su verilişi dayandırılıb. Sakinlər bildiriblər ki, hazırda məhkəmə ekspertizası davam edir. Lakin tikinti şirkəti məhkəmənin son qərarını gözləmədən həyəti zəbt etməklə tikintiyə başlamaq istəyir.
Bina sakini, hüquqşünas Habil İsgəndərov hər şeyin bu ilin mart ayından başladığını deyib. Onun sözlərinə görə, əvvəlcə həyətdəki ağacları təmizlik adı ilə kəsməyə başlayıblar. Səbəbini soruşduqda isə burada təmizlik işləri gördüklərini iddia ediblər: 
"Daha sonra məlum oldu ki, "Elite City” şirkəti bu ərazidə 16 mərtəbəli, 2 bloklu bina tikmək istəyir. Bunun qarşısını almaq üçün yan binanın sakinləri olaraq ölkə Prezidentinə, birinci Vitse-Prezidentə müraciət etdik, ağacların kəsilməsindən şikayət etdik. Ondan sonra ağacları kəsməyi dayandırdılar. Sonra məlum oldu ki, 21 iyun tarixində Yasamal rayonunun keçmiş icra başçısı İbrahim Mehdiyev bu ərazidəki evlərin sökülməsi və yerində tikinti aparılması üçün sərəncam verib. Amma sərəncamda binanın neçə mərtəbəli olacağı göstərilməyib. Ancaq şirkət iddia edir ki, burada 14 mərtəbəli bina tikmək planlaşdırılıb. Biz o sərəncamın ləğv edilməsi ilə bağlı iyul ayında 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia qaldırdıq. İndi iş icraatdadır. 15 sentyabrda əraziyə baxış keçirildi və iş üzrə məhkəmə ekspertizası təyin edildi. Yəni tikinti standartları, ara məsafələri, yanğın təhlükəsizliyi və s. məsələlərlə bağlı araşdırma aparıldı. 
Ancaq bu günə qədər ekspertiza rəyi verilməyib. Belə bir vəziyyətdə avqust ayından etibarən tikinti şirkəti özbaşına hərəkət edərək ərazidə olan evlərdən camaatı çıxardıblar və evləri söküblər. İki aydır bura zir-zibilli vəziyyətdə qalıb. Hər gün gecə vaxtı xəlvətcə hissə-hissə ağacları kəsirlər. Biz cənab Prezidentdən tutmuş Bakı Şəhər İcra Hakimiyyətinə, Nazirlər Kabinetinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişik. Etiraz edirik ki, həyətin içində bina tikmək olmaz. Bunu ona istinadən deyirik ki, Şəhərsalma Dövlət Arxitektura Komitəsi may ayının 1-də, 16-da, iyunun 10-da və 25-də, sədr Abbas Ələsgərovun imzası ilə dörd məktub ünvanlayıb ki, burada bina tikmək olmaz. Ağsaqqal sakinlər Komitə sədri A.Ələsgərovun qəbulunda olublar. Komitənin şöbə rəisi əraziyə baxış keçirib və layihələşmənin qüvvədən düşdüyü ilə bağlı qərar verilib”. Hüquqşünas bildirib ki, şirkət və icra hakimiyyətinin nümayəndəsi "pilot layihə” adı altında Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarından sui-istifadə etməyə çalışırlar: "İcra Hakimiyyəti istinad edir ki, Nazirlər Kabinetinin 2016-cı il qərarına əsasən, köhnə binalar sökülüb yerinə yeni binalar tikilməlidir. Amma vurğulanan qərarın müvafiq bəndində bildirilir ki, Şəhərsalma Dövlət Arxitektura Komitəsinin razılığı olmalıdır. Komitə isə belə bir rəy verməyib. Əksinə, ərazidə bina tikməyin uyğun olmadığını bildirib. Tikinti şirkəti isə özbaşına söküntü işləri aparıb və buranı zibil günündə qoyub. İndi zibili təmizləmə adı ilə buranı hasarlamaq istəyirlər. İcra və şirkət nümayəndələri çox absurd şəkildə bina sakinlərinə həyətə girişi qadağan etmək istəyirlər. Axı binaların sakinləri hara düşsünlər, uşaqlar harda oynasın, qocalar harda dincəlsin? Belə biabırçılıq olar?”. 
H.İsgəndərov aparılan tikinti işlərinin tikinti normalarına uyğun aparılmadığını da bildirib: "Komitənin qərarına əsasən, burada yalnız 3 mərtəbəli qeyri-yaşayış binası tikmək olar. Binanın hündürlüyü 50 metrdirsə, minimum 30 metr ara məsafələr olmalıdır. Əgər burada 50 metr hündürlükdə bina tikilirsə, hər iki bina ilə arasında 30 metrlik boşluq olmalıdır. Ancaq bu boşluq qalmır. Tikiləcək binanın enini 20 metr nəzərdə tutsaq, hər iki bina ilə arada 18,5 metr məsafə qalır ki, bu da standartdan kənardır, tikinti qaydalarına ziddir. Biz bu ərazinin abadlaşdırılmasını istəyirik. Lakin həyətimizdə 16 mərtəbəli bina tikilərsə, bizim yaşadığımız mənzillərə təbii günəş işığının düşməsi, mənzillərin təbii havalanması mümkünsüz olacaq. Qapalı həyətdə sakinlərin istirahəti, uşaqların oynaması üçün yer qalmayacaq, nəinki avtomobillə, ayaqla belə hərəkət etmək çətinləşəcək. Hündürmərtəbəli binanın tikintisi bizim öz mənzillərimizdə rahat, sanitar-epidemioloji şəraitdə yaşamağımızı məhdudlaşdıracaq. Avtomobillərin saxlanması üçün park yerləri, uşaqların çıxması, oynaması, yaşlıların istirahəti üçün başqa bir yer yoxdur. Əvvəllər burada həyətdə fəvvarə, müxtəlif meyvə ağacları vardı. Həyətimiz cənnətə bənzəyirdi. İndi vəziyyəti görürsünüz, burada bina tikilsə, addım atmağa yer qalmayacaq”.
Sakinlər ümid edirlər ki, hörmətli Prezident və Birinci Vitse Prezident tikinti şirkətinin bu qanunsuzluğuna qarşı çox ciddi tədbir görəcək və İ.Mehdiyev kimi onun himayə etdiyi məmurlar da, tikinti şirkətinin rəhbərliyi də özbaşınalığına görə cəzalandırılacaq.
İsmayıl