Sarkisyanın əndişəsi səbəbsiz deyil

Söhbət Azərbaycanın işğal olunmuş bir neçə rayonunun qaytarılmasından gedir



Ermənistan prezidenti Serj Sarkisyan hakim Respublika partiyasının siyasi məktəbində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində güzəştlərlə bağlı Ermənistanı ağrılı qərar gözlədiyini deyib: "Dağlıq Qarabağ məsələsində ağrılı qərarlar olacaq. Həll yolu güzəştlərsiz mümkün deyil”.

Qeyd edək ki, Sarkisyan söhbətin hansı qərarlardan getdiyini konkretləşdirməyib.

Politoloq Natiq Miri isə deyib ki, Sarkisyanın bu açıqlaması əsasən Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılması ilə əlaqəlidir. Yəni Ermənistan prezidentinin ağrılı məsələ olaraq qabartdığı güzəşt məhz bundan ibarətdir: "Ətraf rayonlar dedikdə isə Sarkisyanın rərbərlik elədiyi hərbi xunta Kəlbəcər və Laçın kimi strateji yüksəklikdə yerləşən rayonları qaytarmaq fikrində deyillər. 5 rayonun qaytarılmasının özü də kifayət qədər problemli görünür, çünki bu rayonların müqabilində Sarkisyan Azərbaycandan status istəyir. Bu isə heç bir halda Azərbaycanın maraqları kontekstində deyil. Niyə? Ona görə ki, Dağlıq Qarabağa status verilməsi referendum yolu ilə olacaqsa, bu, Qarabağın müstəqilliyini özündə ehtiva edir. Ermənistan çox yaxşı bilir ki, ətraf rayonların qaytarılması Azərbaycanın maraqları çərçivəsində deyil. Sadəcə olaraq sülh tərəfdarı görüntüsü yaratmaqla beynəlxalq aləmin diqqətini özlərinə çəkmək istəyirlər”.

N.Mirinin sözlərinə görə, ən azı 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərinə qədər Ermənistan danışıqlar masasında hər hansı bir qərar verməyəcək, çünki Ermənistan siyasi rəhbərliyi müstəqil siyasi iradəyə sahib deyil:

"Bilavasitə Kreml tərəfindən təyin və idarə olunan bir siyasi komanda olduqlarından münaqişənin həlli ilə bağlı hansısa güzəştlərdən söhbət gedə bilməz. Son danışıqlar Amerika Birləşmiş Ştatlarının təşəbbüsü ilə baş tutduğu üçün Rusiya problemin həllində o qədər də maraqlı tərəf kimi görünmür. Rusiyanın maraqlı olmadığı istənilən danışıqdan ciddi siyasi nəticənin olacağını düşünmək əbəsdir”.

Şəymən