Bu gün müğənnilərin əksəriyyəti sırf şəxsi həyatları ilə gündəmdə qalmağa üstünlük verirlər. Onlar ayda 5 toy tutmaq üçün çalışır
Səhnə naminə çalışan müğənnilər yox olur
Aygün, Röya, Tünzalədən başqa heç kim gözə dəymir
Bu gün müğənnilərin əksəriyyəti sırf şəxsi həyatları ilə gündəmdə qalmağa üstünlük verirlər. Onlar ayda 5 toy tutmaq üçün çalışır
Bu gün müğənnilərin əksəriyyəti sırf şəxsi həyatları ilə gündəmdə qalmağa üstünlük verirlər. Onlar ayda 5 toy tutmaq üçün çalışır
Sənət aləmində, şou-biznesdə son illər durğunluq hiss olunur. Sanki sənət rəqabəti qalmayıb, müğənnilər yeni, maraq yarada bilən layihələr təqdim etməyə həvəsli deyillər. Nəzərə alsaq ki, şou-biznesdə bir neçə sənətçinin adı istisna olunmaqla başqaları sanki qış yuxusuna gediblər. Zaman-zaman adları qalmaqallarda, şəxsi həyatları və bu kimi digər hadisələrdə hallansa da, sənət baxımından yenilikləri görmək mümkün deyil. Hətta müğənnilərin repertuarları da bayağı görünməyə başlayıb.
Meyxana üslublu, ya da əcnəbi ladlarda oğurluq, yeni tipli musiqilərdən başqa yeni musiqiləri eşitmək də çətinləşib. "Niyə sənətçilər konsert proyektləri, maraqlı kliplər, səviyyəli musiqilər təqdim etməyə çalışmırlar? Bu tənbəllikdi, ya laqeydlik? Sənət adına niyə heç kim rəqabət aparmır. Şou-biznes son illər niyə durğur görünür” sualları ilə tanınmış prodüserlərə müraciət etdik. O kəslərə ki, hər ikisi kifayət qədər sənət aləmində, şou-biznesdə maraqlı layihələrə imza atıblar. Bu qədər durğunluğa baxmayaraq son dönəmlər elə məhz onların təqdim və təşkil etdiyi layihələr əslində maraqla qarşılanıb.
Azərbaycan şou-biznesində bir çox maraqlı layihələrin, dövlət tədbirlərinin təşkilində və həyata keçirilməsində əməyi olan, tanınmış prodüser Tolik "Şərq”in suallarını belə cavablandırdı:
"Deməzdim ki, şou-biznesdə tam durğunluq hökm sürür. Bütün il bir neçə sənətçimizin maraqlı, yaddaqalan, bahalı layihələri oldu ki, bu zəhməti dəyərləndirmək lazımdı. Misal üçün, Aygün Kazımovanın "Kristall Hol”da solo konserti, Röyanın maraqlı konsert layihələri, klipləri, Mir Yusifin konsertləri həqiqətən sənətçi əməyinin göstəricisi idi. Brilliant Dadaşova konsertə hazırlaşır. Sənətlə məşğul olmaq istəyən sənətçi hər dövrdə bunu təqdim etməyə çalışır. Bəli, sizinlə razıyam ki, sayı çox azdı, əslində demək olar yeni adları çəkmiş oluruq. Bilirsiz niyə, eyni adlardı, sayı çox azdı. Çünki müğənnilər təbəqəyə bölünür. Əslində bugünkü şou-biznesdə bu təbəqə var. Bir var sənət üçün səhnədə olanlar, bir də var toy bazarına görə efirə çıxanlar. Bunlar çox fərqli anlayışlardı. Dünən sənətə gələnlər özlərini elə təqdim edirlər ki, sanki illərlə bu səhnədə əmək sərf ediblər. Axı sən Aygün, Zülfiyyə, Röya səviyyəsində olan ifaçı deyilsən. Onların səhnə təcrübəsi o qədər böyükdü ki, sənin onlar barədə danışmağa haqqın yoxdu.
Bu gün müğənnilərin əksəriyyəti sırf şəxsi həyatları ilə gündəmdə qalmağa üstünlük verirlər. Onlar ayda 5 toy tutmaq üçün çalışır. Onların səhnədə böyük iddiaları yoxdu. Yəni sənətlə məşğul olan barmaqla sayılacaq qədər az sənətçi var. Qalanları toy tutmaq üçün çapalayır. Özlərinə bu gün heç kimi rəqib görməyən yeni müğənnilər ki var, inanın onların əksəriyyəti elə gəldikləri kimi də gedəcəklər səhnədən, şou-biznesdən. Bakı küləkli şəhərdi... Külək bunları təsadüfən necə gətirib şou-biznesə atıbsa, elə də aparacaq kənara. Mən 16 ildə şou-biznesə gələn o qədər müğənni görmüşəm ki, səs-küy yaradıblar.
Ay aman, burda mənəm, Bağdadda kor xəlifə. Hanı onlar? Kiminsə yadına düşürlər? Qarışqalar işgüzar olurlar. Əjdaha deyənlər isə ancaq boş alov püskürüblər. Mənəm-mənəm deyənlərin əksəriyyəti uğurlu insanlar deyillər. Azərbaycan şou-biznesində sənətdə uğurlu insanlar var, bir də toyda uğurlu olanlar. Sənətdə uğurlu müğənnilərin, sənətkarların adını çəkməyə ehtiyac yoxdu. Onlar sənətləri ilə sözlərini deyiblər. Toyda uğurlu olan müğənnilərin isə iddiaları toy bazarı qədərdi. Yəni onlar mən xalq artisti olum iddiasında deyillər. Onlar ancaq toy bazarı üçün işləyir. Sadəcə, pis-yaxşı gündəmdə qalmaq məqsədli olurlar. Əsas odu toyları, evləri var. Vəssalam. Yəni ucuz məşhurluq yaşamağa üstünlük verənlərlə sənətkar olaraq tanınanların fərqi böyükdü. Mənə elə gəlir ki, sənətkarlar az da olsa iş görürlər”.
Azərbaycanın tanınmış prodüseri, uzun illərdi yalnız əməkdar artist Tünzalə Ağayeva ilə çalışan Yalçın Cabbarov da maraqlı açıqlamalar verdi. Prodüser Fərhad Bədəlbəylinin son günlər müzakirəsinə səbəb olan sponsor məsələsinə də maraqlı münasibət göstərdi:
"Çox geniş bir mövzuya müraciət edirik. 10 il əvvəlki şou-biznesə qayıtsaq, müasir, pop, estrada musiqisi ilə müqayisə etsək, indiki sənətçilərə investisiya qoyulmur. Yeni layihələrin meydana gəlməsi üçün sərmayə lazımdı. İstedadlı insanların yaradıcılığına dəstək vermək üçün investisiya qoyulmalıdır. Onların layihələrinə dəstək verilmir. Belə deyək, Röya, Tünzalə kimi sənətçilər öz pərəstişkarlarına arxalanıb layihələr təqdim etməyə çəkinmirlər. Amma yenə də çətin olur. Onlar hərəsi bir şəkildə keyfiyyət təqdim etmək üçün çalışır. Yaxın dostların hesabına, öz şəxsi münasibətlərindən istifadə edərək layihələrə imza atırlar. Ancaq böyük layihələrə sərmayə qoyanlar yoxdu. Qaldı Fərhad Bədəlbəylinin açıqlamasına, kaş ki, elə onun dediyi kimi şou-biznesin cavan xanımlarına sponsorluq edənlər tapılaydı.
Sadəcə sərmayələr elə bəsit, ucuz yerlərə xərclənir ki, mən xəcalət çəkirəm. Səviyyəsiz musiqilərə xərclənən sərmayə bir keyfiyyətli müğənninin layihəsinə sərf edilsə, inanın, daha böyük işlər görmək olar. Elə səviyyəsiz yerlərə sərmayə qoymaqla səviyyəsiz musiqilərin, cılız səhnələrin bünövrəsini bərkitmiş olurlar. Bu faciədir. Azərbaycan pop musiqisini məhv edirlər. Əsl sənətə dəstək olmadan, pop musiqisinə, müasir estrada musiqisinə sərmayə qoymadan sənəti inkişaf etdirmək olmaz. Yenə də keyfiyyət və sənət naminə çalışan az sayda müğənnilər var ki, onlar öz güclərinə professional səhnə, sənət üçün işlər görürlər.
Cılız, bəsit musiqilərə isə dəstək daha böyükdü. Sonra soruşuruq ki, niyə belə olur? Bilirsiz, ictimai qınaq yoxdu. Bizim güclü estrada məktəbimiz var. Sadəcə indi var deməyə də çətinlik çəkirik. Var da demək olmur. Estrada məktəbimiz var idi. İndi sözünə az qalıb... bu gün Tünzalə Ağayeva, Röya öz əlaqələri ilə sənəti təqdim etməyə çalışır. Sənət adamlarına imkan yaratmaq üçün mətbuat da dəstək olmalıdır. Onlar həyəcan təbili çalmaq üçün bir ciddi addım atmalıdır. Bizim az sayda da olsa sənət adamlarımız var ki, onların güclü potensial imkanları var. Amma bunu təqdim etməyə imkan azdı. Röya, Tünzalə, Zülfiyyə təkcə Bakıda deyil, bölgələrdə konsert vermək istəyirlər. Ancaq o imkanları yoxdu.
Halbuki Tünzalə il ərzində bir neçə xarici ölkədə konsert verə bilir, amma Azərbaycanın bölgələrində bu imkanlar məhduddu. Bizdə Heydər Əliyev adına Sarayda, bir də Yaşıl Teatrda konsert verilir. Bakıda bundan başqa heç bir yerdə konsert verməyə maraq da yoxdur. Bölgələrdə konsertlər üçün isə maddi vəsait yoxdu. Azərbaycan estrada səhnəsinə, müasir musiqiyə sahib çıxaq. Azərbaycan estrada səhnəsini uçuruma aparan yolda bir addım ataq. Mətbuat bu sahədə gücünü göstərməli, təbliğat aparmalıdır”.
Tahirə Məmmədqızı