Selektiv abortlarla bağlı inzibati metodlar işləməyəcək - Maarifləndirin !

Tahir Kərimli: "Selektiv abortlara yol verənlərin həkimlik adından məhrum edilməsi məlum halları xeyli səngidəcək. Amma inzibati metodlarlarla bunun qarşısını tam şəkildə almaq mümkün deyil. Maarifləndirmə aparılmaldır"
"Din, ictimai təşkilatlar cəmiyyətə qadının dəyəri barədə yüksək fikirlər aşılayır. Buna baxmayaraq, insanlar ailədə oğlan uşaqlarına üstünlük verirlər”.
Bunu "Sherg.az”a selektiv abortların qarşısının alınması haqqında müzakirələrə, təkliflərə münasibət bildirərkən millət vəkili Tahir Kərimli deyib.
 O bildirib ki, oğlan uşaqlarına üstünlük verilməsi qız uşaqlarının müxtəlif yollarla ana bətnində tələf edilməsinə səbəb olur:
"Bu tendensiya insanlıq prinsiplərinə də ziddir. Bu, cəmiyyətdə balansı, ədalət hissini pozur. Qadınlara qarşı münasibətin dəyişməsinə, kişilərə üstünlük verilməsinə gətirib çıxarır. Eyni zamanda bu, həm də psixoloji məsələdir. Ona görə, ciddi şəkildə maarifləndirmə həyata keçirilməli, selektiv abortların qarşısını bu şəkildə almağa çalışılmalıdır.
Qadınları bəzən alver obyektinə çevirməyin, ikinci dərəcəli şəxslər kimi baxmağın aradan qaldırılması vacibdir".
Selektiv abortlara yol verən həkimlərin həkimlik adından məhrum edilməsi təklifinə münasibət bildirən parlamentari qeyd edib ki, bu, qəbul olunarsa, məlum hallar xeyli səngiyəcək. Amma inzibati metodlarlarla bunun qarşısını tam şəkildə almaq mümkün deyil. Maarifləndirmə vasitəsilə ananın, qadının qiymətini cəmiyyətdə yüksəlmək lazımdır. Ciddi, hərtərəfli təbliğat aparılmalıdır. Bu tədbirlər daha vacibdir.
Bəzən filmlər, teleseriallar çəkilir. Onların da ssenarisində qadına münasibət ikinci dərəcəlidir. Qadınları daha yüksək şəkildə təbliğ etmirlər, bu da şüurlara təsir göstərir. Bu fikirləri aşılayan filmlərin, serialların daha maarifləndirici, fərqli istiqamət götürməsi önəmlidir”.
Qeyd edək ki, "Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsinə dəyişiklik təklif olunub. Yeni qaydalara əsasən Azərbaycanda selektiv abort edən ginekoloqlar həkimlik adından məhrum ediləcək.
Aysel Aslan