Sərhəddə uzun növbələrə son qoyulmalıdır

Asan keçid sistemi ilə yaxşı nəticələr almaq olar


Gürcüstanla sərhəddə, "Sınıq Körpü" gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək. Bu barədə "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məlumat verib.

Sədr bildirib ki, mərkəzin açılışı gömrük-keçid məntəqəsi vasitəsilə sərhədi keçərkən sıxlığı azaltmağa, eləcə də yük və avtomobil buraxılışını asanlaşdırmağa imkan verəcək. S.Mehdiyevin sözlərinə görə, mərkəz Avropa İttifaqının maliyyə dəstəyi ilə inşa olunur. Xatırladaq ki, sözügedən gömrük məntəqəsində yaradılan süni problemlərlə bağlı vətəndaşlar dəfələrlə şikayət ediblər. Bu baxımdan keçid məntəqəsinin "asanlaşdırılması" xəbəri yolu tez-tez Gürcüstana düşənlər tərəfindən məmnunluqla qarşılanıb.

İqtisadçı Natiq Cəfərli "Şərq"ə açıqlamasında bəyan edib ki, gömrük məntəqələrində tədbirlərin görülməsi müsbət haldır. Ekspertin sözlərinə görə, artıq rəsmilər də bu sahədə problemlər olduğunu etiraf edirlər:

 "Qonşu ölkələrin, məsələn, Gürcüstanın praktikasına baxdıqda görürük ki, onların sərhəd-keçid məntəqələri adi qaydada çalışdığı müddətcə vətəndaşlara heç bir problem yaradılmır. Məsələ ondadır ki, keçid məntəqələrində çətinliklər daha çox Azərbaycan tərəfində müşahidə olunur. Asan keçid sistemi məntəqələrdə tətbiq edilərsə, sənədləşmə işlərində bir sıra amillər aradan qalxarsa, maşınların və insanların keçidləri sürətlənərsə yaxşı nəticələr almaq mümkündür. 

Mən dəfələrlə şahidi olmuşam ki, avtomobillə sərhədi keçərkən adama "ştrix kod" adlanan bir kağız parçası deyirlər. Həmçinin, "ştrix kod"un nəyə yaradığını izah edirlər. Bu kağızın verilməsi və onun izahı saatlarla vaxt aparır və proseduru uzadır. Nəticədə növbə uzanır. İlk növbədə bu hala son verilməli və sənədləşmə işi mümkün qədər qısa aparılmalıdır. Fikrimcə, prosedur və yanaşma dəyişməlidir".

İsmayıl