Sərnişin sıxlığı problemini həll etmək 2 vur 2-dir

Sadəcə, vətəndaş sevgisi olmalıdır. Əhaliyə vicdanla xidmət etmək istəyi olmalıdır
Burada şəxsi mənafe güdülür. Özəl şirkətlər nə əlavə avtobus almağa pul xərcləmək istəyir, sürücüyə əmək haqqı da vermək istəmir, sınıq-salxaq, istismar müddəti bitmiş avtobusları xətdə saxlayırlar



İctimai nəqliyyatdakı problemlər həllini tapmır. Bu qədər yeni sərnişin avtobusları alınır, xəttə təzə avtobuslar buraxılır, amma yenə də günün "pik” saatlarında avtobuslarda basabas yaşanır.
İctimai nəqliyyatda sıxlıq gözlənilən haldır və böyük şəhərlərin ən böyük problemidir. Təbii ki, paytaxtımız da bu problemdən uzaq deyil.

Amma hər problemin də bir həll yolu olmalıdır və şübhəsiz var da.
Məsələn, Bakı Metropoliteni rəhbərliyi ya yeni tədris ilinin başlanğıcında, ya da şəhərdə hansısa beynəlxalq səviyyəli tədbir keçiriləndə elan edir ki, xəttə buraxılan qatarların sayı artırılacaq.
Ümumiyyətlə, günün "pik” saatlarında qatarlar arasında intervalın azaldılması metropolitenin iş üslubudur. Və bu, həqiqətən də hiss olunur. Baxmayaraq ki, bəzi vaxtlarda qatarlar gecikir və bu zaman hədsiz sıxlıq yaşanır. Amma metropoliten rəhbərliyi yaşana biləcək sıxlığı nəzərə alaraq qatarların sayının artırılmasını və intervalın da azaldılmasını problemdən çıxış yolu kimi tətbiq edir.
Sərnişin avtobusları barədə isə eyni fikirləri söyləmək mümkün deyil.

İstər səhər əhalinin işə getdiyi vaxtlar olsun, istərsə də axşam əhalinin evə dönüş vaxtları, avtobusların hərəkətində heç bir dəyişiklik baş vermir. Xəttə gün ərzində neçə avtobus buraxılıbsa, sonadək də say eyni qalır. Bu isə əlbəttə ki, avtobuslarda hədsiz sıxlığın yaşanmasına səbəb olur. Sərnişinlər avtobusların qapısından sallaşaraq, ya da pillələrdə barmaqlarının ucunda dayanaraq birtəhər dözüb mənzil başına çatırlar. Qapıların arasında qalıb "a kişi, qolum qırıldı, ayağım "şikəst” oldu” deyən kim, "qapını aç, təzədən bağla” qışqıran kim.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Modern.az-a açıqlama verib və bildirib ki, məlum məsələylə əlaqədar onlar tərəfindən tədbirlər görülür:

- Agentlik Bakıətrafı kənd və qəsəbələrdə sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. Bu işlərin icrası nəticəsində hazırda mövcud olan xoşagəlməz hallar aradan qalxacaq. Avtobusların qapısı açıq halda, sərnişin qapıdan sallanan vəziyyətdə idarə edilməsi əlbəttə yolverilməzdir. Agentlik daşıyıcılarla keçirilən bütün görüşlərdə bununla bağlı məsələni qaldırır və müvafiq tapşırıqlar verir. Lakin hələ də bu kimi neqativ hallarla rastlaşırıq. Bakı Nəqliyyat Agentliyinə bununla bağlı istər mediadan, istərsə də sərnişinlərimizdən müraciətlər daxil olan kimi məsələ araşdırılır və zəruri tədbirlər görülür. Qeyd etdiyim kimi, nəzərdə tutulan tədbirlərimizin icrası nəticəsində bu kimi hallar aradan qaldırılacaq”.
Mais Ağayev bildirib ki, BNA səlahiyyətləri çərçivəsində bu cür halların müşahidə edildiyi avtobusların aid olduğu daşıyıcı şirkət qarşısında məsələ qaldırır və onlar zəruri cəza tədbirlərini görürlər. Amma əgər sürücü bu halları dəfələrlə təkrar edirsə, o zaman o, işdən azad edilir.
BNA-nın sektor müdiri "tədbir görülür” deyir, amma eyni vəziyyət hər dəfə təkrar olunur. Və bu hal təkcə Bakıətrafı qəsəbələrdə deyil, elə Bakının özündə də yaşanır.

Yaranan vəziyyətlə bağlı fikirlərini "Şərq”lə bölüşən nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli qeyd etdi ki, problemi həll etməyin çox sadə yolu var:

- Son 2 ayda paytaxtımızda ictimaiyyətin böyük hissəsinin diqqətini özünə cəlb edən 2 nəhəng hadisə baş verdi. Respublikamızın fəxri "Qarabağ” futbol klubu Bakıda Avropanın iki böyük futbol klubunu - "Roma” və "Atletiko”nu qəbul etdi. Bildiyiniz kimi hər iki oyun "Olimpiya” stadionunda keçirildi. Həm oyundan əvvəl, həm də sonra azarkeşlərin, stadiona toplaşmış minlərlə insanın daşınması qüsursuz şəkildə həyata keçirildi. Şəxsən mən oyunları izləməyə getmişdim və "Gənclik” metrostansiyası yaxınlığında qısa bir müddət dayanmanı çıxmaq şərtilə çox rahat şəkildə evə qayıtmışdım. Adi vaxtlarda həmin yollarda dəhşətli tıxaclar olur, yarım saat, bir saat tıxaclar davam edir. Amma həmin günlərdə oyunun əhatə etdiyi təxminən 2 saat ərzində nə bir tıxac oldu, nə yollarda dayanmalar, gecikmələr oldu. Sərnişinlərin daşınması çox çevik, əla təşkil olunmuşdu. Nəyin hesabına idi? Məhz lazımi sayda, yəni stadiona toplaşacaq izləyicilərin sayı nəzərə alınmaqla avtobusların, xüsusi daşıma vasitələrinin xəttə buraxılması səbəbindən. Deməli, istəyəndə, çalışanda problemi həll etmək mümkündü. O zaman niyə adi günlərdə ayrı-ayrı marşrutlar üzrə bu hesab aparılmır? Nəqliyyat Agentliyi statistikanı düzgün aparıb şəhərin hansı bölgəsində günün hansı saatında ictimai nəqliyyatda sıxlıq yaşandığını müəyyənləşdirməli və həmin saatlarda xəttə əlavə avtobuslar buraxmalıdır. Burada söhbət intervalın azaldılmaı və ya artırılmasından getmir, burada məhz avtobusların sayı önəm daşıyır. Sərnişin sayı çoxdursa, nəqliyyat vasitəsinin sayı artırılmalıdır. Sərnişin sayına müvafiq sürücüyə deməməlisən ki, indi sərnişinlərin gur olduğu vaxt deyil, "arxayın-arxayın” hərəkət elə, dayanacaqlarda vaxt "qazan”, vaxtı uzat, yaxud da, günün "pik” saatıdır, bas qaza! Tez dövrəni başa vur, qayıt, bir də avtobusu adamla doldur. Yol-nəqliyyat hadisələri məhz belə hallar üzündən baş verir. Sərnişin "ovu”na çıxan sürücülərin yol boyu digər sürücülərlə çənə-boğaz olduğunu, hətta söyüş söydüklərini azmı görürük?! Sizə sadə iki misal çəkdim. 2 futbol matçını misal gətirdim. Bir halda ki, avtobus qıtlığı yoxdur, 60 min insanı qısa zaman ərzində rahat daşımaq imkanı var, o zaman niyə avtobusları lazımi sayda xəttə buraxmırlar? Məncə, burada şəxsi mənafe güdülür. Özəl şirkətlər nə əlavə avtobus almağa pul xərcləmək istəyir, sürücüyə əmək haqqı da vermək istəmir, sınıq-salxaq, istismar müddəti bitmiş avtobusları xətdə saxlayırlar, bədbəxt hadisələrin baş verməsinə səbəb olurlar. Avtobuslarda sərnişin sıxlığı problemini həll etmək 2 vur 2-dir. Burda çətin fəlsəfi məsələ yoxdur. Sadəcə, vətəndaş sevgisi olmalıdır. Əhaliyə vicdanla xidmət etmək istəyi olmalıdır.

Məlahət Rzayeva