"Müharibə davam edir. Atəşkəs olsa da, Ermənistan diversiya qruplarının fəaliyyətini bəzi yerlərdə aktivləşdirir, Azərbaycan Silahlı Qüvvələri (ASQ) tərəfindən layiqli cavabını aldıqda isə bir müddət yerinə oturur”.
Bu sözləri "Sherg.az”a ehtiyatda olan polkovnik Şair Ramaldanov söyləyib. O diqqətə çatdırıb ki, müharibənin davam etdiyi müddətdə Dağlıq Qarabağın işğaldan azad olunması ölkə başçısı üçün də ən önəmli məsələdir:
"Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün Silahlı qüvvələrin Qarabağ bölgəsini məqam yetişdikdə güc yolu ilə azad etməsi gündəmdədir. Bu addımı atmaq üçün müəyyən müddət hazırlıq aparılmalı, silahlar alınmalıdır. Prezident İlham Əliyevin qayğısı, diqqəti nəticəsində ASQ bu gün Qafqazda ən güclü ordular sırasındadır.
Ölkə başçısı yeni silahların alınması ilə bağlı açıqlama verdi. Bu o deməkdir ki, vəsait xərclənib, əhəmiyyətli silahlar alınıbsa, mütləq haradasa tətbiq ediləcək. Hər kəs yaxşı bilir ki, Azərbaycan Silahlı Qüvvələri və Ermənistanı təkbətək qoysalar, mütləq torpaqlarımızı işğaldan azad edəcəyik. Böyük dövlətlərin münaqişəni dondurulmuş şəkildə saxlamasının səbəbi də məlumdur. Lakin məqam yetişdikdə bu addımı atacağıq. ASQ daim hazır olmalı, torpaqlarımızı işğaldan azad etməyə köklənməlidir.Danılmaz faktdır ki, beynəlxalq qurumlar Azərbaycana seçim qoymurlar. Minsk qrupunun fəaliyyətsizliyinin, ikili standartlarla məsələyə yanaşmasının faydası olmayacağı barədə dəfələrlə bəyanatlar verilib. Hazırda Azərbaycanın tək yolu müharibəyə qalır. Dövlət artıq "sülh yolu ilə hər şey etmək olar” fikrindən yayınıb”.
Silahlı Qüvvələrin kadr potensialına toxunan Ş.Ramaldanov hesab edir ki, hazırda Silahlı Qüvvələrin nümayəndələri sülhməramlı birləşmələrdə də fəaliyyətini davam etdirir:
"Hərbçilərimizin həmin sülhməramlı qüvvələrin tərkibində də yüksək peşəkarlıq nümayiş etdirməsi, nizam-intizamla seçilməsi sirr deyil. Azərbaycanın hərbi inkişafını Ermənistan rəhbərliyi də qəbul edir. Ermənistan ordusunun yüksək vəzifəli şəxslərindən tutmuş əsgərlərə qədər Azərbaycanın hərbi potensialının düşməndən üstün olduğunu qəbul edir. Bu barədə verilən bəyanatlarla əslində öz havadarlarına və diaspora qurumlarına köməklik göstərilməsi üçün mesaj göndərirlər.
Ermənistan iqtisadiyyatı və bəzi müəssisələri artıq Rusiyanın girovuna çevrilib. Əvəzində işğaçlı ölə müəyyən formada silahlanır. Bununla rəsmi İrəvan rəsmi Moskvanın girovuna çevrilir.
Ermənistan cəmiyyətini Dağlıq Qarabağda verdiyi itkiləri düşünür. Artıq ermənilər oğul övladı dünyaya gələn gündən narahatlıq keçirir ki, əsgərlik yaşına çatanda onu nə gözləyəcək. Gənclər belə ayağa qalxır, hakimiyyətin hərbçiləri Dağlıq Qarabağa göndərməsinə etiraz edir. Bütün bunlar Azərbaycanın, Azərbaycan Silahlı Qüvvələrinin inkişafına inamı daha da gücləndirir”.
Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın hərbi potensialının artmasına toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycan ordusu beynəlxalq reytinqə görə dünyanın ən güclü ordularından biridir. O, növbəti illərdə də bu sahədə tədbirlərin görüləcəyini və yeni silahların alınacağını bildirib.
Aysel Aslan