"Son iki ildə bank sektorundan 5 minə yaxın işçi çıxarılıb" - İŞSİZLİK

Natiq Cəfərli:“Bank şöbələrinin çoxunu, xüsusilə rayonlardakı filialları ləğv etdilər. Bu isə bəzi şöbələrin iş yükünün artmasına səbəb oldu"




"Banklarla bağlı yaranan şikayətlər, işçilərin operativ fəaliyyət göstərməməsi bu sahədə yaranan kütləvi ixtisarlarla bağlıdır”.

Bu barədə "Sherg.az”a son illərdə banklarla bağlı artan şikayətlərin səbəblərini izah edərkən iqtisadçı - ekspert Natiq Cəfərli bildirib. 

Onun sözlərinə görə, son iki ildə bu sahədə təxminən 5 minə yaxın işçi çıxarılıb:

"Bank şöbələrinin çoxunu, xüsusilə rayonlardakı filialları ləğv etdilər. Bu isə bəzi şöbələrin iş yükünün artmasına səbəb oldu. Ona görə, bank sahəsində stimullaşma zəiflədi. İndi isə hər kəs düşünür ki, işini itirə bilər. İş yükü olduğu kimi qalıb, müştəri sayı yenə çoxdur. Problemli kreditlərin həcmi artdıqca bank işçilərinin iş yükü də artır. İşçinin az, iş yükünün çox olması işin keyfiyyətinə, çalışanların operativliyinə təsir göstərir.

İşçilərin operativ işləməsi üçün yeni texnologiyalardan da istifadə etmək lazımdır. Dünya artıq onlayn bank sistemini uğurla tətbiq edir. Bu məsələdə qonşu ölkələrin təcrübəsi də ortadadır. Rusiyanın ən böyük əməliyyat aparan bankı onlayn şəkildə fəaliyyət göstərir. Bu bankın heç bir şöbəsi yoxdur, bir mərkəzi ofisi var və onlayn şəkildə insanlara xidmət göstərir. Bununla bağlı Türkiyədə də ciddi inkişaf müşahidə olunur.

Qonşu ölkələrə rəğmən Azərbaycanda bu məsələdə də inkişaf yoxdur. Onlayn bank sistemi inkişaf etdirilsə, bir çox əməliyyatlar onlayn formada həyata keçirilə bilər. Bu, həm bankların izafi xərclərini azaldacaq, həm də operativliyini artıracaq. Bu məsələ həll olunsa, işçilərin səmərəli çalışmasını təmin etmək mümkündür”.

Aysel Aslan