Soros Fondu tək deyil

Onun kimi dağıdıcı işlərlə məşğul olan digər mərkəzlər də var



"Açıq cəmiyyət” fondunun yaradıcısı, amerikalı milyarder Corc Sorosun gəlirinin 75 faizini özünün siyasi və sosial proqramlarına xərcləyəcəyi xəbəri dünyada gərginlik yaradıb. Demokratik yolla seçilmiş bir sıra liderlər pulla satın alınan siyasətçilərə qarşı mübarizənin çətin olacağından narahatlıq ifadə ediblər. Avstriyada parlament seçkilərində qalib gəlmiş xarici işlər naziri Sebastian Kurz Sorosun ölkəsində fəaliyyət göstərən "Açıq cəmiyyət” fondunun bağlanması üçün 28 gün verdiyini açıqlayıb.


Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov vəziyyətin Avropa üzərindən dəyişdiyini ifadə edib. N.Məmmədov bildirib ki, beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktoru Corc Soros həmişə onunla razılaşılmasına adət edib: "Amma görünür, vəziyyət dəyişməyə başlayır, özü də Avropadan”. "The Wall Street Journal” qəzeti yazıb ki, hazırda "Açıq cəmiyyət” pul aktivlərinə görə, ABŞ-dakı Bill və Melinda Qeyts xeyriyyə təşkilatından sonra ikincidir. Heç bir ölkəyə sirr deyil ki, Soros dünya siyasətinə fəal şəkildə müdaxilə edir. Onun fondunu dəfələrlə bir sıra ölkələrdə hakimiyyət dəyişikliklərində, daha dəqiq desək, dövlət çevrilişlərində günahlandırırlar. 2004-cü ildə Ukraynada "narıncı inqilab”, 2013-2014-cü illərdə "Avromeydan”, 2003-cü ildə Gürcüstanda "qızılgül inqilabı” və s. buna misaldır. Ona görə də, bu vəsaitin hansı "xeyriyyəçilik aksiyalarına” sərf olunacağı müəyyən mənada məlumdur. Ancaq müəmmalı qalan bu "aksiyaların” hansı ölkədə reallaşacağıdır. Maraqlıdır ki, onun vətəndaşı olduğu ABŞ-ın özündə də ona münasibət birmənalı deyil. 70 min amerikalı Sorosu terrorçu kimi tanımaq xahişi ilə Ağ Evin rəhbəri Donald Trampa petisiya ünvanlayıb. Vurğulanıb ki, Corc Soros dəfələrlə ABŞ-da siyasi vəziyyəti gərginləşdirməyə cəhd edib və anti-Amerika siyasəti həyata keçirib. Buna görə də Avstriya kanslerinin narahatlığını başa düşmək çətin deyil. Kanslerin aşağıdakı fikirlərindən aydın görünür ki, o da Sorosun "xeyriyyə” əməllərinə kifayət qədər yaxşı bələddir: "Soros kabusu - 2017-ci ildə dünyada insanlığın qarşılaşdığı çox böyük bəladır. O, bəşəriyyətin üzünə dolanmış, pul qoxusu verən nə varsa, hər şeyi yorulmadan qan gölməçəsinə çevirən vampirdir. Fond pullarını korrupsiyaya uğramış siyasətçiləri, jurnalistləri və ictimai sahələri ələ almaq üçün istifadə edir və bu yolla dünyanı öz düşündüyü obraza salmağa çalışır”.
Millət vəkili Aydın Mirzəzadə deyib ki, Avropa dövlətləri də "Soros” Fondunun ayrı-ayrı ölkələrin müstəqilliyinə qarşı planlı şəkildə təxribat apardığının fərqinə varırlar. Avstriya və Macarıstanın adıçəkilən fondun fəaliyyətinin həmin ölkələrdə dayandırılması ilə bağlı atdığı addımlar onu göstərir ki, bu hələ başlanğıcdır. Millət vəkilinin sözlərinə görə, ayrı-ayrı ictimai təşkilatların fəaliyyəti ancaq sosial və humanitar proqramların həyata keçirilməsinə dəstək verməkdən ibarətdir: "Corc Sorosun təşkil etdiyi və maliyyəsinin haradan gəldiyi məlum olmayan fond axırıncı onilliklərdə bir qayda olaraq müstəqil dövlətlərin daxili işlərinə qarışmağa, hakimiyyət çevrilişlərini maliyyələşdirməyə, bu və ya digər layihələri gözdən salmağa çalışır. Onun Azərbaycanda "gördüyü işlər” birbaşa müstəqilliyimizə qarşı yönəldiyinə görə, Soros Fondunun fəaliyyətinə son qoyuldu. Beləliklə də ayrı-ayrı vətəndaşlarımızın fondun diktəsi ilə "beşinci kolon” kimi formalaşdırılması qadağan edildi. Təəssüf ki, dünya, Avropa ölkələri bu məsələdə Azərbaycanı dəstəkləmədilər. Hətta Soros Fondunun fəaliyyətini məhdudlaşdırdığına görə, rəsmi Bakını demokratiyanı, insan haqlarını, azad sözü pozmaqda ittiham etdilər”. Deputat vurğulayıb ki, Qərb ölkələrinin özləri "Soros”un anti-bəşəri fəaliyyətlə məşğul olduğu qənaətinə gəlirlər: "Vaxtilə Ermənistanın Azərbaycan ərazisində törətdiyi terror hadisələri barəsində dünyaya çağırış edəndə aparıcı ölkələr bu məsələyə susdu. Ancaq bu gün terror hadisələri Amerikanın, Avropanın gündəlik həyatına çevrilib. Qərb ölkələrinin digər ölkələrin problemlərinə biganəliyi sonda özünün həmin problemlə üzləşməsinə gətirib çıxarır. İkinci Dünya müharibəsindən sonra dünyada dinc yaşamaq, biri-birinin daxili işlərinə qarışmamaq, insan hüquqları və demokratiya əsas prinsiplər kimi qəbul edildi. İndiyə qədər də bu prinsiplər öz müsbət bəhrəsini verməkdədir. Ancaq, "Soros”ların məqsədi bu cür bəşəri ideyaları kökündən dağıtmaqdan ibarətdir. Soros Fondu bu məsələdə tək deyil. Onun kimi bu cür dağıdıcı fəaliyyətlərlə məşğul olan digər mərkəzlər də var. Görünür, bu mərkəzlərə lazımi qiymətlərin verilməsinin vaxtı çatıb”.

Politoloq Elnur Soltanov da bildirib ki, Avstriya və Macarıstanda Soros Fondunun fəaliyyətinin dondurulması bir neçə səbəblə bağlıdır. Onun sözlərinə görə, əsas səbəb Corc Sorosun öz fonduna etdiyi transferin miqdarıdır: "Sorosa qarşı bu cür addım atılmasının başlıca səbəbi budur. Çünki 18 milyard dollarlıq pul köçürməsi dünyada "Soros”u ən varlı təşkilata çevirir. "Soros”dan fərqli olaraq "Gates” fondu siyasi fond deyil. Onlar daha çox insanlığın ümumi inkişafı, səhiyyə, təhsil, innovasiya sahələrində layihələr həyata keçirirlər. Bu mənada Soros dünyada ən çox vəsaitə - 18 milyard dollara malik, siyasi proseslərə müdaxilə etmək iqtidarına sahib olan bir təşkilata çevrilib. Əsas qırılma nöqtəsi, problem bundan ibarətdir. Hazırda Avropada sağ partiyaların güclənməsi prosesi baş verir. Fransada müəyyən ölçüdə bunun qarşısı alındı. Almaniyada hazırda "sağ”ların gücləndiyini və siyasi proseslərə təsir etdiyini görməkdəyik. Bunun da müxtəlif səbəbləri var. Həmin səbəblərdən biri miqrasiya hadisəsidir. Başqa bir səbəb Avropa İttifaqı daxilində olan narazılıq hallarının get-gedə artmasıdır. Soros Fondunun miqrasiya hadisələrinə, eləcə də sağ partiyalara münasibəti birmənalı deyil. Bunun da səbəbi sağ görüşlü siyasi təşkilatların adıçəkilən məsələlərdə ideoloji olaraq "Soros”a əks mövqedə dayanmalarıdır”.

İsmayıl