SSRİ-nin bərpası mümkünsüzdür

Şahin Cəfərli: “Azərbaycanda hakimiyyətin, müxalifətin yeni bir ittifaqa qoşulmağı dəstəkləyəcəyinə inanmıram”
Xaqani Səfəroğlu: “İqtisadi sistemi Qərblə bağlı olan Azərbaycan Rusiyanın təklif etdiyi birliyə qatıla bilməz”
   "Keçmiş SSRİ ərazisində yeni ittifaq yaradıla bilər”. Bunu sovet imperiyasının ilk və sonuncu prezidenti Mixail Qorbaçov deyib. Onun fikrincə, yeni ittifaqın yaranma ehtimalı var: 

"Sovet ittifaqına yox! Yeni ittifaqa isə hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə, amma könüllü şəkildə ittifaq yaranması mümkündür”. Əslində keçmiş imperiyanın yenidən "xortlamasını” istəyənlər az deyil. Xüsusən, rusiyalı şəxslər tərəfindən buna bənzər arzular zaman-zaman gündəmə gətirilir. Maraqlıdır, indiki dövrü və mövcud siyasi reallıqları nəzərə alsaq, SSRİ və ya ona bənzər hansısa ittifaqın könüllü şəkildə yaranması mümkündürmü? 

SSRİ rəhbərinin açıqlamasını "Şərq”ə şərh edən politoloq Şahin Cəfərli Qorbaçovun fikirlərinin qeyri-ciddi olduğunu deyib. Ekspertin sözlərinə görə, SSRİ ilə eyni tərkibdə, eyni sərhədlər daxilində yeni könüllü ittifaqın yaranması mümkün deyil: 

"Ən azı Baltik respublikalarını istər xoşluqla, istərsə də zorla bu ittifaqa cəlb etmək imkansızdır. Çünki bu ölkələr artıq NATO-nun və Avropa Birliyinin tamhüquqlu üzvləridir. Digər keçmiş sovet respublikalarından Ukrayna və Gürcüstan fəal avroatlantik inteqrasiya yolunu seçiblər. Bir az zəif şəkildə Moldova da eyni yolla gedir. Azərbaycanda hakimiyyətin, müxalifətin və bütövlükdə xalqın, ölkənin müstəqilliyinin məhdudlaşdırılmasına səbəb olacaq yeni bir ittifaqa qoşulmağı dəstəkləyəcəyinə inanmıram. Digər respublikaların da öz müstəqilliklərindən imtina etməyə hazır olduğunu düşünmürəm. Söhbət yalnız Avrasiya İqtisadi Birliyinin sıralarının genişləndirilməsindən gedə bilər. Rusiyanın liderliyi ilə formalaşdırılan Avrasiya İttifaqı əslində SSRİ-ni xatırladan bir strukturdur. Orada vahid iqtisadi məkan var və üzv ölkələr həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi müttəfiqdirlər. Həmin quruma yeni üzvlərin qoşulması ehtimalı var. Amma keçmiş SSRİ respublikalarının hamısının yenidən bir araya gəlib ittifaq yaratması ehtimalı yoxdur”. SSRİ tarixi üzrə araşdırmaçı-jurnalist, 

"Strateq.az” saytının redaktoru Xaqani Səfəroğlu da "Şərq”ə bildirib ki, Mixail Qorbaçovun yeni ittifaqın yarana biləcəyi barədə proqnozu heç bir perspektivi olmayan arzudur:

 "İndi Rusiyada Sovet İttifaqının bərpa olunması barədə dövlət səviyyəsində qəribəbir təbliğat aparılır. Lakin bu təbliğat heç də xoş niyyətlə edilmir. Əvvəla, keçmiş sovet respublikalarını "bir dam” altına yığmaq üçün ağlabatan ideoloji baza olmalıdır. Məlumdur ki, Moskvanın yenidən bolşevik ideyası üzərində birlik qurmaq niyyəti yoxdur. İqtisadi əsaslara söykənən birlik ideyası isə özlüyündə absurddur. Çünki siyasi təməli olmayan hər hansı birlik iqtisadi bazasını da qura bilməz. Bu fikirlər çox güman ki, Vladimir Putinin Avrasiya İttifaqı ideyasından qaynaqlanır. Amma burada məsələ qəlizdir. İlk növbədə deyim ki, Rusiyanın nufuzlu mərkəzlərinin son illərdə bir neçə dəfə keçirdiyi sorğuların nəticələri göstərir ki, rusların əksəriyyəti SSRİ-nin bərpasını istəmirlər. Yəni ictimai rəyin birlik ideyasına münasibəti mənfidir”. 

Araşdırmaçının sözlərinə görə, Azərbaycan 1990-cı illərdə özünün siyasi və iqtisadi baza prinsiplərini Qərbyönlü şəkildə qurub: "1992-ci ilin oktyabrından mərhum Əbülfəz Elçibəyin seçdiyi kəskin qərbyönlü kurs Azərbaycan üçün seçim imkanını müəyyən etdi. Mərhum Heydər Əliyevin bu istiqamətdə apardığı köklü siyasət Moskvanın ciddi maneçiliyi ilə müşayiət olunurdu. 90-cı illərdə ölkədə baş vermiş dövlət çevrilişləri cəhdi, iqtisadi sabotajın əsas ilhamvericisi elə Rusiya idi. Bütün iqtisadi sistemi Qərblə bağlı olan Azərbaycan Rusiyanın təklif etdiyi birliyə qatıla bilməz. Qorbaçovun dediyi "könüllü ittifaq” isə Azərbaycanın həyati əhəmiyyətli prinsiplərindən imtina etməsi hesabına mümkün ola bilər. Buna isə dövlət maraqları heç bir halda yol vermir. Elə rəqəmlər də bunun əksini göstərir. ABŞ son 20 ildə Azərbaycan iqtisadiyyatına 10 milyard dollar pul qoyub, Rusiyanın payı isə 1 milyard dollardan bir az çoxdur. Fərq göz önündədir. İndi bütün bu sistemi dağıdıb naməlum birliyə qoşulmağın Azərbaycana hansı itkilər hesabına başa gələcəyini təsəvvür etmək çətindir. Bu, özünün daxili siyasi münasibətlərindən tutmuş cəmiyyət həyatının digər sahələrinə qədər mənfi tendensiyasını göstərəcək”. 

X.Səfəroğlu bəyan edib ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyinin üzvüdür: "Qorbaçovun dediyi birlik ortadadır. Amma görünür, MDB-nin üzvü olan ölkələrin müstəqilliyi Moskvanın xoşuna gəlmir. Əgər MDB azad ölkələrin iqtisadi müstəvidə əməkdaşlıq formatıdırsa, Avrasiya İttifaqı konkret Rusiyanın siyasi dominantlığı altındakı qurumdur. Avrasiya İttifaqının bütün üzvlər üçün yerinə yetirməsi vacib olan gömrük prinsipləri, vahid qiymət siyasəti var. Bu isə Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Məsələn, Gömrük İttifaqının tələblərindən biri odur ki, üzv ölkələrə Avropa Birliyindən mal daxil olarsa , o zaman Gömrük İttifaqının müəyyən etdiyi standartlara da cavab verməlidir. Yəni Azərbaycan mal alırsa, o zaman bu İttifaq da yoxlayıb sonra "hə” deməlidir. Bu isə artıq müstəqil ölkə demək deyil. SSRİ artıq tarixdir. Moskva bütün cəhdi ilə Rusiya imperiyasının keçmiş sərhədləri üzərində nəzarəti bərpa etməyə çalışır. Bu baxımdan Qorbaçovun təklifi də bu qəbildən olan bir ideyadır. Amma reallaşmayacaq ideyadır”. 

İsmayıl