Sürücülərə bəd xəbər:"Cərimələrin məbləğini yenə də artıracaqlar"

"Hazırda böyük şəhərlərdə maşınların dayanma və durması ilə bağlı problemlər var. Bəzi yerlərdə buna çox ciddi əməl olunsa da bir çox yerlərdə qayda pozuntusu baş verir. Avtomobilin saxlanmasının özünün də ümumi qaydaları var. Sürücülər bilirlər ki, burda avtomobili saxlamaq olmaz və ya dayanmaq qadağandır. Bəzi yerlərdə sürücü dayanmağa məcburdur. Məsələn, məktəbin qabağında uşağı götürmək üçün 3-5 dəqiqə gözləmək olar, başqa imkan yoxdur. Elə yerlər var ki, orda yol hərəkətinin təhlükəsizliyinə və digər maşınlara maneçilik törədilirsə, həmin nəqliyyat vasitəsini dayandığı yerdən götürmək lazımdır. Bunun üçün də əsas üsul evakuasiya sistemidir". 
Su barədə Sherg.az cəmiyyətdə evakuasiya xidməti ilə bağlı yaranan etirazlara münaisbət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib. Onun sözlərinə görə, əvvəlcədən də tapşırırlar ki, burda maşın saxlamayın. Məhz buna görə maşının evakuasiya ilə götürülməsinə "düzgün deyil” deyə yanaşmaq olmaz: 
"Evakuasiya sistemindən istifadə edənlər də öz işlərini görürlər. Lakin bəzi dövlətlərdə sürücü nəqliyyat vasitəsini saxlayırsa, həmin yerdə maşının şəklini çəkirlər və elektron protokol şəkilində cərimə kimi göndərirlər. Əvvəllər bizdə bu məsələ çox ciddi idi və belə şəkillər göndərilirdi. Sonra elə oldu ki, protokol həmin şəxslərin ünvanına çatmadı, bəzi yerlərdə çətinlik yaradıldı. Ona görə, evakuasiya ilə maşını aparmağa üstünlük verdilər. Çünki belə olan halda sürücü məcbur olaraq avtomobilin arxasınca gedir. Amma bir çox ölkələrdə belə hallarla bağlı bank sistemi var. Nəqliyyat vasitəsi yerində qalmaq şərti ilə yol polisi bloklayıcı vasitə ilə maşını bloklayır və sürücü heç bir zaman avtomobili yerindən tərpədə bilmir. Sürücü məcbur olur və cəriməni ödəyir. Məhz bundan sonra maşını blokdan çıxardırlar. Ümumiyyətlə, Bakı şəhərində evakuasiya sistemi olmasa, nəqliyyat vasitələrinin dayanma və durma məsələsi çox pis vəziyyətdə olar. İnsanlar evakuasiya sistemindən çəkinir və qaydalara müəyyən qədər əməl edirlər. Lakin evakuator görsə ki, nəqliyyat vasitəsi heç bir maneçilik törətmir, əslində elektron qaydada cərimə yaza bilər".
Evakuator xidmətinin qiymətinin aşağı düşmə ehtimalına gəlincə, ekspert deyib ki, qiymətlər yüksək olduğu zaman həmçinin sürücülər arasında maariflənmə işləri də aparılır. Çünki, sürüclər cərimələrin çox olduğunu nəzərə alıb qayda-qanunlara əməl etməyə məcbur olurlar: 
" 1998-ci ildə bizdə "Yol hərəkəti qaydaları haqqında” qanun qəbul olunub Həmin qanunda cərimələr çox az idi. İllər keçdikcə isə həmin cərimələrin qiyməti artırıldı. Hətta indi elə cərimələr var ki, xarici ölkələrlə müqayisədə bizdə çoxdu. Məsələn 5-7 min arası cərimələr var.Yəqin ki, müəyyən bir vaxt gördülər ki, insanlar buna əməl etmirlər, yəni cərimələr çoxdur, ona görə də azaltdılar. Amma bir az sonra cərimələri yenə də artıracaqlar. Çünki cərimə artanda insan hiss edir ki, maddi cəhətdən ona ziyan gəlir. Ona görə də çalışır ki, qaydaları pozmasın. Ümumiyyətlə cərimələr, dayanma-durma haqqında qaydalar çox ciddi məsələlərdir. Xüsusilə sürücülər bilməlidir ki, hansı yerdə dayanma və ya durma qadağandır orda dayanmamalıdır. Qaydalara mütləq şəkildə əməl eləmək lazımdır. 
Bizim məqsədimiz insanlara xidmət göstərmək və bu xidməti göstərən zaman təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizliyi təmin edəndə isə bir çox məsələlər meydana çıxır. Məsələn, yolun daralması, müəyyən maneələrin yaranması, hərəkətdə çətinliklərin artması. Bütün bunlar da dayanma -durma proseslərində özünü büruzə verir və qayda pozulanda bu halın qabağını almaq üçün mütləq evakuasiya sistemindən istifadə edilir”.
Yeganə, Ayyət