Şuşada doğulub Düsseldorfda ölən ADAM - Rafiq Hüseynov
“Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”
Acı xəbər...
Xalq artisti
Bir insanın doğum yerinin Vətənin hansısa bir məkanı, vəfat yerininsə qürbət olması nə qədər acıdır... Bundan sonra sevimli diktorumuz, Azərbaycanın xalq artisti Rafiq Hüseynovun ömür tarixçəsində belə yazılacaq; doğum yeri Şuşa. Vəfat yeri Almaniya, Düsseldorf.
Şuşadan başlanan ömrün Almaniyada qırılması çox ağrılıdır.
Amma... nə edəsən, bu da həyatın bilinməzləri, gözlənilməzliyi, qədərə - bəxtə yazılan və kimsənin bilməsinə izni olmayan gerçəklikdir. Təsəlli verənsə həyatdan köçmüş insanın cəmiyyət tərəfindən hörmətlə, sevgi ilə anılması, ölümünə təəssüf edilməsi, yoxluğunun hiss edilən olmasıdır.
Rafiq Hüseynov belə insanlardandı. Dünən vəfat xəbəri yayıldı. Qısa. Həyat yoldaşı Səbinə Hüseynova bu xəbəri Azərbaycana duyurdu: "Xalq artisti, Azərbaycanın məşhur televiziya diktoru Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.
Həyat yoldaşı Səbinə Hüseynovanın sözlərinə görə, R.Hüseynov müalicə aldığı Düsseldorf şəhərindəki klinikada vəfat edib: "Həkimlər əllərindən gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuatdan oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.
S.Hüseynova əlavə edib ki, R.Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: "Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq (APA)”.
Səhər saatlarında xəbər saytlarında oxuduğumuz ilk xəbər bu oldu. Eşidən heyifsiləndi. "Hayıf ondan, gözəl insan idi...” deyildi, arxasınca.
Rafiq Hüseynov Azərbaycan televiziyasının, Azərbaycan efirinin rəmzi idi. Səsi ilə, danışığı ilə, diksiyası ilə. Və təbii ki, görkəmi ilə. Ekranda görünməsi ilə tamaşaçını özünə cəlb edirdi. Səs cazibəsi görünüş cazibəsindən sonra baş verirdi.
Sovet illərində Rafiq Hüseynovu hamı Azərbaycanın təmsilçisi kimi görürdü. Azərbaycancası çox səlis idi. Səsi də əsl azərbaycanlı səsi. Sanki bu səs sovetizmin rus dili hökmranlığına meydan oxuyurdu. "Bizim də dilimiz var, bizim də səsimiz var, deyirdi”. Rafiq Hüseynovu Roza Tağıyeva ilə qoşa görməyə alışmışdı sovet insanları. Xüsusən də "Günün ekranı” xəbərlər proqramında və bir də Yeni il axşamları "Mavi işıq”larda. Bizə elə gəlirdi ki, Rafiq Hüseynov nə danışırsa, düzünü deyir. O zamanın reallığı bu idi. Ölkənin ictimai-siyasi mənzərəsi diktorların dili ilə diktə olunurdu. Telejurnalist ifadəsi hələ yaranmamışdı. Efirdə yalnız diktorlar vardı. Əvvəlcədən tərtib olunmuş xəbərləri qeyd-şərtsiz kağızdan dəqiqliklə oxusalar da, əhali bunu qəbul edirdi. Xəbərlərin ana dilimizdə, həm də çox səlis bir nitqlə səslənməsi hamıya xoş gəlirdi.
Rafiq Hüseynov diktorluğa işıqçılıqdan "başlamışdı”. 1964-cü ildə Azərbaycan Televiziyasına işıqçı kimi işə qəbul edilmişdi. İki il sonra isə diktorluq müsabiqəsinə qatılmışdı və qalib gəlmişdi, seçilmişdi. 1966-cı ildən təcrübəli diktor kimi fəaliyyətə başlamışdı. O vaxtdan taki 1990-cı ilə qədər Az.TV-də işlədi. Milyonların sevimlisinə çevrildi. Təlatümlü illərdə isə "mən xalqın gözünün içinə baxa-baxa yalan danışa bilmərəm” deyib televiziyadan uzaqlaşmışdı. Bir müddət sonra isə təcrübəli diktora yenidən ehtiyac yarandı və Rafiq müəllim doğma televiziyasına qayıtdı. Maraqlıdır ki, Az.TV-dən uzaqlaşdığı illərdə digər telekanallarda da görünmədi. Müsahibələrində həmin illəri "durğunluq” kimi xatırlasa da, "xeyri də oldu” demişdi. "Fasilə” illərində elmi iş üzərində işləmişdi və doktorluq elmi dərəcəsi almışdı. Dərs deyirdi, tələbələri vardı.
Özünün də gizlətmədiyi kimi, 4-cü həyat yoldaşını da məhz tələbələri arasından seçdi. Bu gün Rafiq müəllimin cənazəsi başında dayanan Səbinə xanım ömür-gün yoldaşı və bircə qızı - Leylinin anası oldu. Həyatı barədə heç nəyi gizlətmirdi, dedik. Gizlətdiyi, daha doğrusu heç vaxt danışmaq istəmədiyi və danışmadığı oğul itkisindən savayı. Ömrünün o faciəli səhifələrini birdəfəlik qapatmışdı Rafiq Hüseynov. O zamanlar əhali arasında bu faciə barədə müxtəlif söz-söhbətlər dolaşırdı. İndiki kimi "şou-biznes” o zamanlar yoxdu. İnsanların həyatına icazəsiz müdaxilələr də olmazdı. Tanınmış simalara yüksək etika və sayğı ilə yanaşardılar və onlar özləri nə barədəsə danışmayınca kimsə şəxsi həyata müdaxilə etməzdi. Rafiq Hüseynov qədər sevilən diktorumuz Roza Tağıyevanın evliliyi və ayrılmaları da sirr olaraq qaldı. Onlar biri-biri haqqında hörmətlə danışdı, etik çərçivələri aşmadılar. Azərbaycan ziyalısının, mədəniyyət işçisinin nümunəvi davranışı yəqin ki, məhz belə də olmalıdır.
Xəstə olduğu vaxtlarda vaxtaşırı telefon əlaqəsi saxlayırdıq Rafiq müəllimlə. Səhhətini soruşurduq. Səsi demək olar, dəyişməmişdi. Amma özü nigaran halda "səsim bir az xırıldayır” deyirdi. "Rafiq müəllim, güclüsünüz, xərçəngə qalib gələrsiniz” deyib təsəlli verməyə çalışırdıq. Birinci dəfə Türkiyədə əməliyyat olunub Bakıya qayıtdıqda çox gümrah və şən idi. Sonra ağırlaşmalar başladı və son mənzil Almaniya oldu. Təəssüf...
Rafiq müəllim, Haqq dərgahına qovuşdu. Cazibəli siması bəlkə də hansısa teleproqramda yada salınacaq, yadigar kadrlar efirə gedəcək, ecazkar səsi də eşidiləcək. Amma kövrək xatirələr olacaq bunlar. Təsəllimizsə budur ki, şəxsiyyəti Azərbaycan efiri ilə eyniləşən bir insanımız olub - Rafiq Hüseynov.
Allah Rəhmət eləsin!..
Məlahət Rzayeva