“Suzan Caginyanı Azərbaycandan qovmaq olmaz”

Elxan Şahinoğlu: “Erməni jurnalist qovularsa, Köçəryanın dediyi təsdiq olunacaq”

 Erməni jurnalist Suzan Caginyan Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqın.az saytında işə başlayıb. Bu haqda Fətullayevin özü məlumat verib. Saytın rəhbəri sosial şəbəkədəki profilində Caginyanın ofis şəraitində çəkilən şəklini paylaşaraq bildirib ki, erməni jurnalist onların müxbiri kimi Bakıda fəaliyyət göstərəcək. Burada o, Ermənistan üzrə xüsusi müxbir vəzifəsində çalışacaq. Erməni qadının Bakıda işə götürülməsi və onun Azərbaycan paytaxtında yaşamağa başlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Caginyanın Bakıda işə götürülməsinə sərt münasibət bildirib: "Eynulla Fətullayev "məşhur erməni jurnalisti "Suzan Caginyanı redaksiyasında işə götürüb və sübut eləməyə çalışır ki, guya çox böyük iş görüb. Bu yanlış, səhv bir addımdır. Eynulla Mircəfər Bağırovdan ağıllı və hökmlü olacaqmı ki, ermənini yanında saxlasın, ondan istifadə etsin. O olayı hamınız bilirsiniz”. A.Nağı davam edərək belə yazıb: "Eynulla ermənilərə qucaq açır, çünki özü də erməni xislətlidir. Eynullaya sözümüz qısadı - Caginyanı rədd etsin. Ona 2 gün vaxt veririk. İstəsə, özü də onun dalınca rədd olub gedə bilər”. 

E.Fətullayevin QAT sədrinin açıqlamasına münasibəti gecikməyib. Haqqın.az-ın rəhbəri deyir ki, A.Nağıya cavab verməyi özünə sığışdırmır: "Onun kimisinə cavab vermək niyyətində deyiləm.Getsin işi ilə məşğul olsun”. 

Siyasi şərhçi Elxan Şahinoğlu isə Caginyanın Bakıda işə götürülməsinə normal yanaşdığını deyib. Politoloq qeyd edib ki, Eynulla Fatullayevin siyasi görüşlərini bəyənib, bəyənməmək hər kəsin şəxsi işidir: "Suzan Caginyan o şəxsdir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır, Xocalı abidəsi qarşısında baş əyib. Məgər biz demirik ki, Azərbaycan qanunlarını qəbul edən Qarabağ ermənilərini heç bir təhlükə gözləmir, onlar Azərbaycanın tərkibində rahat yaşayacaqlar. İndi Bakıda Haqqın.az saytında işə düzələn Suzan Caginyan Azərbaycanın bütün arqumentlərini qəbul edir, bu bir ilkdir və bundan istifadə etmək lazımdır. Azərbaycanın Dağlıq Qarabağ üzərindəki hüququnu tanıyan ermənilərin sayının getdikcə çoxalması Ermənistan hakimiyyətini, o cümlədən erməni lobbisini də çaşdırıb, bu duruma reaksiya verə bilmirlər. Onlar gözləmirdilər ki, Dağlıq Qarabağın Azərbaycana bağlı olduğunu deyən həmyerliləri olsun. Ona görə də "erməni jurnalist Azərbaycandan rədd olsun” şüarını yanlış və zərərli hesab edirəm. Həmin erməninin Bakıdan qovulması Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanın çörəyinə yağ sürtmək, onun arqumentini gücləndirmək deməkdir. Çünki, məhz Köçəryan deyirdi ki, ermənilər azərbaycanlılarla birgə yaşaya bilməz, ortada etnik dözümsüzlük var. İndi biz əksini sübut etməliyik, yox əgər erməni jurnalist Azərbaycandan qovularsa, Köçəryanın dediyi təsdiq olunacaq. Bizə bumu lazımdır?”. E.Şahinoğlu qeyd edib ki, hökumətin də razılığı ilə yaradılan "Sülh platforması”nda da qəbahətli heç nə görmür: "Əgər bu platforma ətrafında Azərbaycanın Dağlıq Qarabağ üzərindəki haqlarını qəbul edən ermənilərin sayı çoxalacaqsa, bunun nəyi pisdir ki? Şəxsən mən Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə inanmıram, işğalçıya təzyiq lazımdır. Ancaq bir əlimizdə silah olmalıdırsa, digər əlimizdə kağız və qələm də olmalıdır ki, erməni cəmiyyətinə müxtəlif ismarıclar göndərək. Bu işdə bizə məhz "sülh platformasında” yer alan erməni fəallar kömək etməli olacaqlar. Onların sayı da getdikcə artır. Yenə də təkrar edirəm, işğalçı ilə savaş yalnız cəbhə bölgəsində getmir, bu həm də bir beyin oyunudur və bu yarışda da düşməndən öndə olmaq məcburiyyətindəyik”. 

Anar