Təcrübəli və iradəli lider olmalıdır

Azərbaycan siyasiləri İYİ partiyasının Türkiyədə nüfuz qazanacağına inanmırlar
“Millətçiliyi götürə bilməz, çünki Türkiyənin bütün millətçi qüvvələri MHP-də cəmləşib. Sosial demokratları götürə bilməz, çünki CHP var. Sağ ideyaları mənimsəyə bilməz, çünki AKP var”



Milliyətçi Hərəkat Partiyasından ayrılan Meral Akşenerin təsis etdiyi İYİ partiya ətrafında geniş müzakirələr aparılır. Türkiyə gündəmində yeni siyasi təşkilatın seçkilərdə uğur əldə edib-etməyəcəyinin təhlilləri aparılır. Müşahidə olunan odur ki, partiyanın qurulması Türkiyənin siyasət aləmində birmənalı qarşılanmayıb.

Meral Akşenerin addımını sərt şəkildə qınayanlarla yanaşı, təşkilatdan böyük gözləntiləri olanlar da var. Bir qisim isə yeni qurumun yaradılmasını millətçilərin parçalanması kimi görürlər. Maraqlıdır, Azərbaycan siyasətçiləri qardaş ölkədə yaradılan yeni partiyanın persektivini necə dəyərləndirirlər?

Mövzu ilə bağlı "Şərq”ə danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu İYİ partiyanın gələcəyinə inanmadığını deyib: 

"Mən partiyaya qatılan siyasi kadrlara baxmışam. Çox da perspektiv vəd edən partiya deyil. Əvvəla, partiyanın lideri kifayət qədər siyasiləşmiş və geniş tərəfdar kütləsinə malik şəxs sayılmır. Yeni partiyanın qəbul etdiyi ideyalar da tutarlı deyil. Əsasən, MHP-dən çıxmış küskün insanların təsis etdiyi bir təşkilatdır. Axı partiya hansı ideoloji kursu götürə bilər ki?! Millətçiliyi götürə bilməz, çünki Türkiyənin bütün millətçi qüvvələri MHP-də cəmləşib. Sosial demokratları götürə bilməz, çünki CHP var. Sağ ideyaları mənimsəyə bilməz, çünki AKP var. Böyük Birlik Partiyası həm millətçiliyi, həm də islamı şüar seçmişdi, amma siyasi təşkilat kimi Türkiyədə güclü qüvvəyə çevrilə bilmədi”. S.Cəlaloğlu bildirib ki, Türkiyə kimi demokratik bir cəmiyyətdə qabağa çıxmaq həm güclü liderlik keyfiyyətləri, həm də çox ciddi sosial dayaq tələb edir: 

"Bunun üçün ortaya elə bir ideya atılmalıdır ki, böyük çoxluq həmin ideyanı dəstəkləsin. Bu baxımdan İYİ partiyanın şansı çox azdır. Azərbaycanda İYİ partiya ilə bağlı fikirləri izlədim və çoxlu əsassız düşüncələrə rast gəldim. "Yeni partiya Türkiyənin xilasıdır” kimi təhlillər mənasızdır. Məlumdur ki, Meral Akşenerin adı FETÖ təşkilatı ilə bərabər hallanır. O baxımdan güman etmirəm ki, Akşener vaxtı ilə baş nazir olmuş Tansu Çillərin oynadığı rolu oynaya bilər”.

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov da deyib ki, Qərbin təzyiqlərinə məruz qalan Türkiyə üçün güclü lider daha məqsədəuyğundur: 

"Meral Akşenerin yaratdığı İYİ partiyanın gələcəyi və Türkiyə siyasi həyatında tutacağı yer haqqında qardaş ölkədə ciddi müzakirələr gedir. Verilən bəyanatlarda partiya çox iddialı görünür. Lakin partiyanın sosial dayaqları haqqında məlumat yoxdur. Əlbəttə, Türkiyə demokratik ölkədir və bu vaxta qədər Tansu Çillər kimi siyasət arenasına güclü liderlər bəxş edib. Lakin İYİ partiyanın millətçiləri bölə biləcəyi, yaxud da Rəcəb Tayib Ərdoğana ciddi rəqib olacağı yaxın illər üçün mümkün olmayacaq. Çünki regionda gedən proseslər daha təcrübəli və daha iradəli liderlərə ehtiyac duyur. Türkiyəyə xarici təzyiqlər artdıqca, ölkədə bu təzyiqlərə qarşı tab gətirən liderlər hər zaman öndə olacaq. MHP başqanı Dövlət Baxçalı da, Prezident Ərdoğan da bu gün daha çox türkiyəçilik mövqeyindən çıxış edirlər. Ölkədə millətçilik yüksələn xətlə gedir. Bu baxımdan Meral Akşenerin iddialarının və ambisiyalarının yaxın illər üçün gerçəkləşəcəyini zənn etmirəm”.

Müsavat Partiyasının sədr müavini Elman Fəttah isə bildirib ki, partiya elan edilməmişdən öncə Türkiyədə keçirilən sorğularda "əgər Meral Akşener partiya yaradarsa, nə qədər səs alar?” sualına "22 faizdən çox” cavabı verilmişdi:

"Türkiyə siyasətinin vəziyyətini, siyasi sferada mərkəz sağı təmsil edən nüfuzlu partiyanın olmamasını, həmçinin, MHP-nin yaşadığı nüfuz itkisini nəzərə alsaq, İYİ partiyanın Akşener liderliyində Türkiyənin yaxın dövr siyasətində mühüm rol oynamaq üçün ciddi şansının olduğunu deyə bilərik. Türkiyə Qərblə, əslində bütün dünya ilə konfrantativ münasibətlər qurur. Bu baxımdan beynəlxalq siyasi çevrələrin də yeni yaranan partiya ilə daha geniş əlaqələrə can atacağını söyləmək mümkündür”.

İsmayıl