Valideynlər, DİQQƏT: Autizmdən əziyyət çəkən uşaqlarla necə davranmalı ? - PSİXOLOQ




"Hansısa həkim, ya psixoloq əsassız şəkildə insanlara, xüsusilə uşaqlara autizm diaqnozu qoya bilməz”.

Bunu "Sherg.az”a uşaqlarda autizm xəstəliyinin artmasının səbəblərindən danışarkən psixoloq Elnur Rüstəmov deyib. 

O bildirib ki, diaqnozu qoymaq üçün autizmin əlamətləri olmalıdır:

"Konkret autizmə aid olan əlamətlər özünü göstərərsə, diaqnoz qoymaq olar. Autizmin yaranmasına gəldikdə isə öncə bu xəstəliyin yeni olduğunu qeyd etmək vacibdir. Valideynlərə xüsusilə tövsiyə olunur ki, uşaqları ilə xüsusi məşğul olsunlar. Söhbət mütəxəssis dəstəyindən gedirsə, psixoloq, loqoped, pedaqoq, müalicəvi bədən tərbiyəsi və s. köməyi ilə kompleks müalicə aparılması vacibdir. Buna "multidisiplinar xidmət” deyilir. 

Mütəxəssislər arasında əlaqələnmə olmalıdır ki, bu müalicə prosesi öz bəhrəsini versin. Həmin uşağı sonradan cəmiyyətə inteqrasiya, bağçaya, məktəbə adaptasiya etmək lazımdır. Bu, vacib məqamdır. Çünki bir var, adama ömrü boyu müavinət verilsin, kimsə qayğısına qalsın. Bir də var ki, müəyyən müddət xəstə terapiya prosesini keçib, normal insan kimi cəmiyyətə qayıtsın. Bu gün həmin xəstəlikdən normaya getmək istiqamətini tutmalıyıq.

Valideynlərin üzərinə həqiqətən böyük məsuliyyət düşür. Bu cür problemləri olan uşaqlara psixoloqa, psixoloji mərkəzə aparmaqla iş bitmir. Psixoloq sadəcə tapşırıq verir, qalan işi valideyn özü evdə davam etdirməlidir. Valideynlər isə düşünür ki, uşağı psixoloqa aparmaqla, yaxud özü psixoloqa getməklə iş bitir. Lakin belə deyil. Valideynlərin işləyirlər, çox zaman uşaqları bağçaya qoyurlar. Lakin bununla bərabər uşağa da vaxt ayırmaq lazımdır. 

Hətta işləməyən valideynlər var ki, övladına vaxt ayırmır. Bütün hallarda uşağa zaman ayırmaq gələcəyə zaman ayırmaqdır. Uşağa yatırım etmək, gələcəyə təminat ayırmaq deməkdir. Çünki bir valideynin hüzuru uşağının hüzuruna bağlıdır. O valideyn fərəhlənir ki, uşağı yaxşıdır. Övladı narahat olan valideynin özü də narahat olur. Bütün bu məqamları nəzərə almaq lazımdır”.

Aysel Aslan