"Vəzifəli şəxslər Xızıda villalar tikə bilir, amma aptek yox ! "

Sərdar Cəlaloğlu: "Bu məsələdə rayon icra hakimiyyətinin səhlənkarlığı göz önündədir"
" XXI əsrdə Azərbaycanın hər hansı kəndində aptek yoxdursa, bu, ölkədə səhiyyə sisteminin nə dərəcədə zəif olduğunun göstəricisidir”.
Bunu "Sherg.az”a Xızı rayonunda bir dənə də aptekin olmamasından danışarkən Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib. 
O bildirib ki, bu, dövlətin konstitusiyasında nəzərdə tutulmuş, vətəndaşların sağlamlıq hüququna dövlətin təminat verməməsinin bariz nümunəsidir:
"Çünki həmin rayonda elə xəstə ola bilər ki, təcili dərman lazım olsun. Xızıdan Sumqayıta, Bakıya gəlmək üçün 2 saat, bəlkə də çox vaxt lazımdır. O zamana qədər xəstə ölə bilər.
Bu məsələdə rayon icra hakimiyyətinin səhlənkarlığı göz önündədir. Necə ola bilər ki, indiyə qədər o rayonda minlərlə istirahət zonası tikilib, vəzifəli şəxslər özünə villalar tikib, amma aptek açmaq heç kəsin ağlına gəlməyib? Bu həqiqətən çox qəribədir. Xəstəxanaların və ya apteklərin fəaliyyəti adambaşına görə nəzərdə tutulub. Bəzi yerlərdə insanlar az yaşayır, amma tibbi məntəqələrə, apteklərə böyük ehtiyac var. Ona görə, mən bu hadisəni Azərbaycan səhiyyəsinin üz qarası kimi qiymətləndirirəm”.
Bu məsələdə Səhiyyə Nazirliyinin məsuliyyətinə gəlincə, S.Cəlaloğlu diqqətə çatdırıb ki, nazirlik özəl apteklərin açılmasına şərait yaratmalıdır:
"Apteklərin əksəriyyəti özəldir. Görünür, burada lisenziya alınması problemləri var. Ona görə, bunu asanlaşdırmaq, sahibkarlar üçün şərait yaratmaq lazımdır. Rayonlarda alıcılıq qabiliyyəti aşağı olsa belə, aptek olması vacibdir. Belə hallarda lisenziyanın verilməsində, dərmanların burada satışında güzəşt edilməlidir. Bununla həmin rayonda ən azı bir aptek fəaliyyət göstərə bilər”.
Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda aptek yoxdur. Əhalisi 16 370 nəfər təşkil edən rayonda aptek olmaması ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə obyekti olub.
Xatırladaq ki, Xızı rayon İcra Hakimiyyəti (İH) də rayonda aptekin olmadığını təsdiqləyib. Qurumun məlumatına görə, insanlar dərmana olan ehtiyaclarını Sumqayıtdan və digər yaxın rayonlarda olan apteklərdən qarşılayırlar.
Aysel Aslan