Xaricdən Azərbaycana təhlükəli toyuq əti gətirilir

“Ətin tərkibinə naməlum kimyəvi maddələr əlavə olunmuşdu. Mayenin mənşəyi məlum deyildi”



Rusiyanın Vladivostok limanında Türkiyədən göndərilən 23 ton toyuq ətinin ölkəyə girişinə icazə verilməyib. Bunun səbəbi aparılmış laboratoriya yoxlamaları nəticəsində toyuq ətlərində normadan artıq miqdarda antibiotikin aşkarlanmasıdır.

Rusiya qanunlarına əsasən, sağlamlığa zərər verə biləcəyi təsbit edilərək ölkəyə girişinə icazə verilməyən məhsullar ixracatçı ölkəyə geri qaytarılır, yaxud da məhv edilir.

Azərbaycanın toyuq ətinə olan tələbata görə, özü-özünü təmin etmək iqtidarında olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təəssüflə (AİB) ölkədə azad bazar iqtisadiyyatından sui-istifadə olunduğunu deyib: 

"Müxtəlif yollarla xarici ölkələrdən Azərbaycana təhlükəli toyuq ətinin gətirildiyini qeyd edən AİB sədri 8 ay bundan öncə Ukraynadan gətirilən toyuq ətləri barədə dövlət orqanlarına məlumat verdiklərini deyib: 

"Baş prokurorluq cinayət işi qaldırmasına rəğmən həmin təhlükəli ətlər bu gün də ölkəyə idxal olunur. Halbuki həmin toyuq əti məhsulları barədə daxil olan şikayət əsasında ekspertiza aparmışdıq və məlum oldu ki, nəmliyin miqdarı 4 faiz olmalı olduğu təqdirdə, bu məhsullarda nəmlik 40 faizdir. Üstəlik, toyuq məhsullarına naməlum kimyəvi maddələr əlavə olunmuşdu. Mayenin mənşəyi məlum deyildi. Bu cür məhsulların hələ də ölkəyə gətirilməsi o deməkdir ki, dövlət orqanları arasında kordinasiya olunmuş fəaliyyət sistemi mövcud deyil. Çox güman ki, rüşvət müqabilində müvafiq icazə verməklə Azərbaycanın əmtəə bazarında təhlükəli toyuq ətlərinin daxil olmasına şərait yaradırlar”.

Ümumiyyətlə, hazırda əmtəə bazarında qida məshullarının təhlükəsizliyi ilə bağlı ciddi anlaşılmazlıq mövcud olduğunu qeyd edən E.Hüseynov deyib ki, qidanın təhlükəsizliyinə dair qanunun olmaması vəziyyəti daha da qəlizləşdirir: 

"Prezident İlham Əliyevin göstərişi ilə sahibkarlara dəstək olmaq və nəticədə qiymət artımının qarşısını almaq üçün yoxlamaların ləğv edilməsindən sui-istifadə edən bəzi qurumlar zərərli məhsulların ölkəyə keçirilməsinə göz yumur, bəzi hallarda isə şirkətləri müdafiə edirlər”.

Şəymən