Xeyirxah adam …

O, heç vaxt səxavətini soydaşlarımızdan əsirgəmir
Bu il mayın 30-da zəmanəmizin ən azman söz xiridarlarından - Mirzə Ələkbər Sabirin anadan olmasının 155 ili tam oldu. Etiraf etməliyik ki, satirik şeirləri ilə məmləkətdə hər kəsin dərin rəğbətini qazanmış ölməz şairin bu yubileyi də ona layiq şəkildə qeyd edilmədi. Bir sözlə, sağlığında gün görməyən və yoxsulluq içərisində yaşayaraq 49 yaşında bu zalım dünyaya "əlvida” deyən Sabirə ölümündən sonra da haqq etdiyi qiyməti verməkdə biganəlik, unutqanlıq sərgilədik...
Amma nə yaxşı ki, Sabirin qədir-qiymətini bilən, heç olmasa, onun ruhunun rahatlıq tapması üçün əlindən gələni əsirgəməyən Vətən oğulları var. Belə qədirbilən soydaşlarımızdan biri də xeyriyyəçi-şair Gülağa (Tənha) Qənbərovdur. İllər öncə onun Şamaxı rayonunda dəfn edilmiş görkəmli şair M.Ə.Sabirin məqbərəsinin tam abadlaşdırılmasına verdiyi misilsiz töhfə bu qəbildəndir.
Bu abidənin Sabirə layiq şəkildə təmir etdirilməsi təkcə onun ölməz satira ustası qarşısında mənəvi borcunu ləyaqətlə yerinə yetirməsi deyil, eyni zamanda milli dəyərlərimizi uca tutduğunun əyani isbatı kimi də yozula bilər. G. Qənbərovun xeyirxahlığının miqyası çox genişdir və Sabirin məqbərəsinin bu cür abadlaşdırılması onun Azərbaycanın müxtəlif bölgələrində həyata keçirdiyi çoxşaxəli xeyriyyəçilik işlərinin sadəcə biridir. Həmin işlərin bir neçəsini oxucuların diqqətinə çatdırmaqda fayda var və ən azından tarix boyu unutqanlıq mərəzindən əziyyət çəkən bir toplumun xeyirlə - şəri, qədirbilənliklə - biganəliyi ayırd etməsi baxımından da yaddaşların təzələnməsi önəmlidir. Vaxtilə məşhur şairimiz Cabir Novruz haray çəkirdi ki, sağlığında qiymət verin insanlara:
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Biz çeşidli səbəblərdən Mirzə Ələkbər Sabirə və onun kimi millətimizin, məmləkətimizin iftixarı hesab olunacaq çoxsaylı ziyalılara, qədirbilən iş adamlarımıza vaxtında qiymət verə bilmədik. Heç olmasa, G.Qənbərov da oxşar aqibəti yaşamamaq üçün cəmiyyətin məlumatlandırılmasına ehtiyac var.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Gülağa Qənbərov Rusiyada inşaat-memarlıq sahəsi üzrə ali təhsil alıb, aldığı ixtisas istiqamətində əmək fəaliyyətinə orada başlayıb və sonradan digər xarici ölkələrdə də müxtəlif sahələrdə biznes qurub.
Gülağa Qənbərov 1992-94-cü illərdə Qarabağda gedən hərbi əməliyyatlar zamanı döyüş bölgələrindəki hərbi hissələrimizə təmənnasız olaraq müxtəlif təyinatlı yardımların əldə olunaraq çatdırılmasını, eləcə də yaralanmış əsgər-zabitlərimizin ölkəmizdə və zərurət yarandıqda xaricdə müalicəsini təşkil edib.
Oxucuların diqqətinə çatdıraq ki, Gülağa Qənbərov dəvət əsasında 2001-ci ilin noyabr ayında Bakıda keçirilmiş dünya azərbaycanlılarının I qurultayında iştirak edib. O, qurultayda ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı istiqamətində irəli sürdüyü dəyərli və uzaqgörən ideyaların həyata keçməsində öz maddi-mənəvi dəstəyini sərf etməyi qərara alıb.
Məhz bu istəyin həyata keçirilməsi üçün G.Qənbərov 2002-ci ilin yaz aylarında Azərbaycana gələrək öz vəsaiti hesabına Masallı rayonunda bir sıra humanitar və xeyriyyə layihələrin (tikinti, təmir-abadlıq işləri ilə yanaşı, bir neçə şəhid ailəsinin himayəyə götürülməsi və s.), eləcə də Bakı şəhərinin Xəzər və Xətai rayonlarında yerləşən internat məktəblərinin, uşaq evinin, müharibə və əmək veteranları pansionatının inşaat, təmir-bərpa və təchizat məsələlərini daim diqqət mərkəzində saxlayıb.
Qeyd edək ki, yaradıcı ziyalıları hərtərəfli dəstəkləyən şair G.Qənbərov 2003-cü ildən AR Yazıçılar Birliyinin, 2004-cü ildən isə AR Jurnalistlər İttifaqının üzvüdür. O, Yazıçılar və Bəstəkarlar birliklərinin görkəmli üzvlərinin əsərlərinin çap edilməsinə maliyyə dəstəyi göstərib.
G.Qənbərov öz vəsaiti hesabına Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən və yararsız vəziyyətdə olan internat məktəbini yenidən inşa etdirib. Müasir standartlara cavab verən internat kompleksi 2004-cü ilin may ayında istifadəyə verilib. Eyni zamanda G.Qənbərov ölkəmizin idman sahəsinə maddi və mənəvi dayaq olaraq Azərbaycanda və xaricdə keçirilmiş bir sıra beynəlxalq yarışlarda idmançılarımızın iştirakını maliyyələşdirib.
Heydər Əliyev Fondunun yaradılmasından sonra G.Qənbərov xeyriyyəçilik fəaliyyətini Fondun rəhbərliyi altında davam etdirib. Fondun layihələri əsasında Masallı və Şamaxı rayonlarındakı iki orta məktəbin yeni binaları qısa müddət ərzində inşa edilib.
Bu gün də Gülağa Qənbərov xoşməramlı fəaliyyətini davam etdirir və çeşidli humanitar aksiyalarla öz səxavətini soydaşlarımızdan əsirgəmir. Amma etiraf edək ki, onun uğurlarını gözü götürməyənlər də tapılır və ona qarşı sifarişli qərəzli yazılar yazdırmaq cəhdləri edilir. Amma bulanıq suda balıq tutmaq istəyənlərin bu xam xəyalı əks effekt verir və bu cür qara piar Gülağa Qənbərovu qətiyyən usandırmır. Odur ki, həmkarlarımızdan xahiş edirik, bu ad-soyad haqqında yetərli informasiyaya malik olmaq istəyirlərsə, ilk növbədə cəmiyyətdə kifayət qədər nüfuza sahib olan ziyalılarımızın, müxtəlif peşə sahibi olan sanballı soydaşlarımızın Gülağa Qənbərov haqqında səsləndirdikləri fikirlərlə tanış olsunlar. Heç şübhə etmirik ki, ziyalıların fikirləri bir çox qaranlıq mətləblərə aydınlıq gətirəcək və ölkəmizdə sahibkarlığın inkişafına öz töhfəsini verən xeyirxah iş adamlarımzıdan biri kimi Gülağa Qənbərova daş atmaq istəyənlər bu naqisliklərindən imtina edəcəklər...