Mahir Rüstəmli: “Klub səviyyəsində mümkün uğurların hamısını qazanan Q.Qurbanovun haqqı yığmanın “sükanı arxasına” keçmək idi ki, AFFA bunu gerçəkləşdirdi"İlqar Tağıyev: "Milliyə gəlmələrin rəhbərlik etməsi də müsbət hal deyildi. Onlar əsasən millinin uğurlarından çox pul qazanmağı, öz kariyeralarını düşünürdü"
Ötənlərdə AFFA İcraiyyə Komitəsinin iclasında verilən qərara görə, Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub. Yeni təyinatdan sonra 45 yaşlı mütəxəssis "Qarabağ"ın baş məşqçisi postunda da işini davam etdirəcək.
Təyinatı müsbət qiymətləndirən AFFA yanında Media Komitəsinin sədri, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli "Sherg.az"a bildirib ki, Q.Qurbanovun milliyə baş məşqçi təyin edilməsi ilə bu sahədə müsbət dönüş yaranacaq:"Klub səviyyəsində mümkün uğurların hamısını qazanan Q.Qurbanovun haqqı yığmanın "sükanı arxasına” keçmək idi ki, AFFA bunu gerçəkləşdirdi. Qurban bəyin peşəkar və insani keyfiyyətləri ölkənin əsas komandasının indikindən ən azı bir addım irəli gedəcəyini düşünməyə əsas verir. Həm də o, müstəqil futbolumuzun yetişdirdiyi, parlatdığı simalardan biridir və bu mənada təyinatı daha dəyərlidir. Q.Qurbanova inanmaq, dəstək vermək və yanında olmaq lazımdır. Qurban bəy Azərbaycanın futbol resurslarına yaxşı bələddir və indiki potensialla da 5-ci yox, ən azı 3-cü yer uğrunda mübarizə aparmağa qadirdir”.
"Het-trik” idman qəzetinin baş redaktoru İlqar Tağıyev də yığma komandamıza yerli baş məşqçinin təyin edilməsini müsbət hal kimi dəyərləndirib:"Çoxdandır düşünürdüm ki, yığma komandamızda yerli baş məşqçi olmalıdır və yerli futbolçular oynamalıdır. Bu baş məşqçinin Q.Qurbanov olması isə məni xüsusilə, sevindirdi. Q. Qurbanov son illər xüsusilə, "Qarabağ” futbol komandasının idarəsində gördüyü işlərlə özünü təsdiq etdi və Qarabağın qazandığı uğurlarda əsas pay sahibi oldu. Bütün bu uğurlar onun potensialından xəbər verir.
Bir çoxları bu təyinatın gecikdiyini deyir. Lakin mən bu fikirdə deyiləm. Əslində bu vaxtında verilən qərardır. Çünki məlum addım daha tez atılsaydı, Q.Qurbanovun "Qarabağ”ın tərkibində fəaliyyətinə maneə yarana bilərdi.
Düşünürəm ki, indən sonra millidə yeni dövr başlayır. Fikrimcə Q.Qurbanov ilk əvvəl gəlmə, milliləşdirilmiş futbolçuları deyil, yerli futbolçuları yığmaya cəlb edəcək. Tarix də göstərdi ki, indiyə qədər milliləşdirilmiş futbolçuların əksəriyyəti tör-töküntülər olub. Sadəcə kiməsə, nəyəsə görə, yığmaya calanıb, burada yaxşı kariyera qurub, pul qazanıblar. İnanıram ki, indən belə bu hallara yol verilməyəcək.
Milliyə gəlmələrin rəhbərlik etməsi də müsbət hal deyildi. Onlar əsasən millinin uğurlarından çox pul qazanmağı, öz kariyeralarını düşünürdü.
Azərbaycan millisi bundan sonra müxtəlif çempionatlarda öz səylərini daha da artıracaq, yüksək yerlər uğrunda vuruşacaq. Millinin uğurları Azərbaycanda futbolun daha da sevilməsinə səbəb olacaq”.
Sosial şəbəkələrdə Q.Qurbanovun milli komandaya təyin edilməsinin birmənalı qarşılanmadığını vurğulayan İ.Tağıyev onu da əlavə edib ki, baş məşqçini "qurban” kimi göstərənlər də oldu:
"Lakin müzakirələrdə bunun əksinə, təyinata sevinənlərin olduğunu da gördük. Sadəcə, mən fikrimi bir cümlə ilə bildirdim: "yığmanın milliyə çevrildiyi gün”. Həqiqətən də, indiyə qədər yazılarımda yığma komandanı heç vaxt milli kimi göstərməmişəm. Çünki yığmada azərbaycanlı futbolçular oynadığı halda milli olur. Gəlmə futbolçularla heç bir halda milli komanda yaratmaq mümkün deyil”.
Aysel Aslan