Yuxarı baxın, kamera var!

Bu səssiz “nəzarətçi” vətəndaşları pis əməllərindən çəkindirir
Şəhərdəki müşahidə kameraları təkcə cinayətlərin üstünün açılmasına yardım etmir, həm də...





Daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirlikdə keçirilən Kollegiya iclasında hüquqpozmaların qarşısının vaxtında alınmasında, cinayətlərin üstünün açılmasında informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olduğunu deyib.

Onun sözlərinə görə, nazirliyin "102” xidmətinə daxil olan məlumatlar üzrə operativ tədbirlər və əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 2017-ci ildə 1726 cinayətin "isti izlər”lə açılıb, 10.607 hüquqazidd əməlin qarşısı alınıb.

Sabiq polis rəisi Mahmud Hacıyev də cinayətlərin üstünün açılmasında texnologiyaların müəyyən qədər rolunun olduğunu təsdiqləyib. O hesab edir ki, xüsusən də müşahidə kameraları cinayətlərin üstünün açılmasında, bəzi hallarda isə hüquqpozmaların qarşısının alınmasında mühüm vasitədir. Bu, dünya praktikasında olan bir şeydir. Bir çox yerlərdə cinayət məsələlərini araşdırarkən həmin kameraların görüntülərindən istifadə edilir: "Əvvəllər təhlükəsizlik kameraları olmadığı üçün cinayətlərin üstünü açmaq daha çətin idi. Ancaq indi profilaktik tədbirlər zamanı texnologiyaların rolu əhəmiyyətlidir. Kameralardan istifadədə təkcə cinayət tərkibli əməllərin qarşısının alınmasında deyil, həm də inzibati xətalardan söhbət gedə bilər. 

Çünki inzibati xətalar da az əhəmiyyətli hüquq pozğunluğudur. Yəni kameraların quraşdırılması təkcə cinayət tərkibli əməllər üçün nəzərdə tutulmur. O həm də inzibati xətalar üçündür. Deməli, texnologiyalar baş verə biləcək inzibati xətaların və yaxud da cinayət tərkibli əməllərin qarşısının alınması üçün profilaktik tədbir rolunu da oynaya bilər. Çünki həmin məkanda inzibati xəta və yaxud da cinayət əməlinə hazırlaşan vətəndaş görəcək ki, burda kamera var. Belə olduqda da həmin şəxs əməlindən çəkinə bilər. Yəni bu, bir növ artıq profilaktik tədbir rolunu oynayır. Digər ikinci aspekt odur ki, baş vermiş inzibati xətanın və yaxud da ki, cinayət tərkibli əməlin açılmasında hüquq-mühafizə orqanına yardımçı ola bilər. Hər iki aspektdən kameralar sərfəlidir”.

Bu cür elektron kameraların yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq məqsədi ilə yollarda da, prospektlərdə də quraşdırıldığını qeyd edən sabiq polis rəisi bütün bunların hamısının təqdirəlayiq olduğunu deyib: "Xüsusən də kütləvi tədbirlər zamanı hüquqpozmaların qarşısının alınmasında vacib haldır. Mütləq qaydada qanun qarşısında istər inzibati xəta olsun, istərsə də cinayət tərkibli əməl olsun, insanların bərabərlik prinsipinə əməl olunanda bunlar daha da effektli olur. Qanun qarşısında mütləq qaydada bərabərlik olmalıdır”.

Şəymən