Əziz Əlibəyli: "ABŞ-Avropa qarşıdurması dərinləşir, alyansda çatlar böyüyür"
Hörmüz boğazı ətrafında artan gərginlik Qərb daxilində strateji fikir ayrılıqlarını daha da dərinləşdirir. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıq şəkildə bəyan edir ki, heç bir tərəf öz xalqını bu riskli bölgədə təhlükəyə atmaq istəmir və əsas prioritet diplomatik həll yollarının tapılmasıdır. Bu yanaşma isə Vaşinqtonun daha sərt və hərbi yönümlü xətti ilə ziddiyyət təşkil edir.
ABŞ Prezidenti Donald Tramp tərəfindən NATO müttəfiqlərinə yönəlik hərbi iştirak çağırışı, xüsusilə İspaniya, İtaliya, Polşa və Fransa kimi ölkələrin ehtiyatlı və hətta tənqidi mövqeyi fonunda alyans daxilində ciddi çatların formalaşdığını göstərir. Avropa dövlətləri enerji təhlükəsizliyi və regional sabitliyi ön plana çəkərək eskalasiyadan yayınmağa çalışdığı halda, ABŞ daha geniş hərbi iştirak tələb edir.
Məhz bu ziddiyyətlər fonunda ABŞ ilə NATO-nun Avropa qanadı arasında strateji baxış fərqləri dərinləşir və bu, transatlantik münasibətlərdə yeni bir uçurumun yaranması ehtimalını gücləndirir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a söyləyib ki, Hörmüz boğazındakı gərginlik həm Avropa ilə ABŞ arasında, həm də NATO daxilində ciddi fikir ayrılıqlarına səbəb olmağa davam edir:
“ Çünki Amerikanın əsas məqsədi müttəfiqlərindən hərbi prosesdə daha aktiv iştirak tələb etməkdir. Amma görünür ki, Avropa təhlükəsizlik faktorunu nəzərə alaraq daha ehtiyatlı davranmağa çalışır. Alyansın müharibədən sonra zəifləməsi və ya ABŞ tərəfindən konseptual dəyişikliklərə məruz qalması qçınılmaz olacaq”.
Ekspert qeyd edib ki, Hörmüz boğazı qlobal enerji daşımalarının təxminən 25%-nin keçdiyi strateji nöqtədir və burada ciddi siyasi risklər mövcuddur:
“ İranın mina yerləşdirməsi və dron hücumları ehtimalı vəziyyəti daha da gərginləşdirir. Vaşinqton daha çox hərbi dəstək tələb etsə də, NATO-nun bəyanatları praktik addımlarla tam uzlaşmır. Məsələn, ABŞ müttəfiqlərinin hərbi gəmilər göndərməsini, xüsusi təyinatlı qüvvələrlə iştirakını, həmçinin diplomatik və iqtisadi təzyiqlərə qoşulmasını istəyir. Lakin Fransa kimi ölkələr hesab edir ki, bu yanaşma NATO-nun gələcəyinə zərbə vura bilər. Onların fikrincə, əsas prioritet enerji marşrutlarının qorunmasıdır və əlavə hərbi eskalasiya riskləri artıraraq İranla gərginliyi daha da dərinləşdirə bilər”.
Ə.Əlibəylinin sözlərinə görə, enerji asılılığı məsələsi ön plana çıxır:
“ABŞ enerji baxımından daha az asılıdır, Avropa isə bu baxımdan daha həssas mövqedədir. Bu isə yanaşmalardakı fərqləri daha da kəskinləşdirir. Nəticə etibarilə, həm NATO daxilində, həm də ABŞ-Avropa münasibətlərində potensial parçalanma riskləri ortaya çıxır. Bu kontekstdə Çinin mövqeyini də diqqətlə analiz etmək vacibdir”.