42 ci İstanbul TÜYAP Kitab Sərgisində Azərbaycanın Türkiyədəki Səfirliyi yanında fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin layihəsi olan böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Türkiyə Türkcəsində yeni nəşr edilmiş "Leyli və Məcnun" əsərinin təqdimatı olub.
Sherg.az xəbər verir ki Mərkəzin layihəsinə əsasən Nizaminin "Xəmsə"sinə daxil olan bütün əsərlər orjinaldan Türkiyə Türkcəsinə tərcümə edilərək nəşr olunacaq. Bu əsərlərin tərcüməsini Ərzurum Atatürk Universitetinin professoru, farsşünas alim Nimet Yıldırım gerçəkləşdirir.
Professor bildirdi ki, Şərqin böyük şairi Nizami Gəncəvi həyatı boyunca Gəncədə yaşamış, bütün əsərlərini burada qələmə almış, amma Azərbaycan, Anadolu, İran, Hindistan olmaqla geniş coğrafiyada bu böyük söz ustasının əsərləri əldən ələ dolaşmış, böyük şairlər tərəfindən örnək alınaraq eyni və ya bənzər mövzularda nəzirələr yazılmışdır. Nizaminin "Sirlər xəzinəsi", "İsgəndərnamə" əsərlərini də orjinaldan Türkcəyə tərcümə edən tərcüməçi alim dünya ədəbiyyatında ölümsüz iz buraxan Azərbaycanlı böyük mütəfəkkir Nizami Gəncəvinin əsərlərini tərcümə etməsindən böyük qürur duyduğunu, əsərlərin nəşr edilməsi layihəsini gerçəkləşdirən Mədəniyyət Mərkəzinə isə təşəkkürünü bildirdi.
Qeyd edək ki, Türkiyənin "Dərgah yayınları" nəşriyyatında çap edilən "Leyli və Məcnun" Türkiyənin öndə gələn kitabxanalarına, elmi araşdırma mərkəzlərinə və Universitet kitabxanalarına təqdim ediləcək.
Yaqut Misirxanlı
İstanbuldan "Şərq" qəzeti üçün


