Bazz Oldrinin "Apollon-11" missiyası zamanı özü ilə Aya apardığı SSRİ bayrağı Nyu-Yorkdakı "Sotheby's" hərracında 80 min ABŞ dollarına satılıb.
Oxu.Az xəbər verir ki, məlumat hərrac evinin rəsmi saytında yayılıb.
Lot Oldrinin ailəsi tərəfindən satışa çıxarılıb və ilkin olaraq 7-10 min dollar dəyərində qiymətləndirilib. Bayrağın mənşəyini təsdiq edən və astronavt tərəfindən imzalanmış məktub da ona əlavə edilib. Lotun təsvirində qeyd edildiyi kimi, 1969-cu ilin iyul ayında baş tutan tarixi "Apollon-11" ekspedisiyası zamanı 4x6 düym ölçüsündəki qırmızı-sarı sovet bayrağı "Columbia" komanda modulunun göyərtəsində olub. Oldrin bayrağın üzərinə "Apollo XI ilə Aya uçub" sözlərini yazıb.
Astronavtın sözlərinə görə, o, sovet bayrağını xoşməramlı jest kimi və Aya enişin yalnız ABŞ-nin deyil, bütün bəşəriyyətin nailiyyəti olduğunun rəmzi olaraq özü ilə aparıb. Oldrinin şəxsi əşyaları arasında ABŞ bayrağı ilə yanaşı, Texas, Nyu-Cersi ştatlarının və SSRİ-nin bayraqları da olub.
Qeyd edək ki, Yer kürəsinin sakinləri ilk dəfə 1969-cu il iyulun 20-də Ayın səthinə ayaq basıblar. Bu tarixi hadisəni "Apollon-11" kosmik gəmisinin heyət üzvləri olan amerikalı astronavtlar Nil Armstronq və Bazz Oldrin həyata keçiriblər.