27 aprel işğalı planlı idi - Azərbaycan Cümhuriyyəti əvvəlcədən hədəfdəydi - Firdovsiyyə Əhmədova

“Bakının tutulması üçün "beş günlük ildırım sürəti’ planı hazırlanmışdı"

“Azərbaycan nefti və Xəzər uğrunda gizli işğal planı həyata keçirildi”

Azərbaycanın XX əsrin əvvəllərində yaşadığı siyasi proseslər təkcə milli tariximizin deyil, ümumilikdə regionun geosiyasi taleyinin formalaşmasında mühüm rol oynadı.

Bu dövr böyük güclərin maraqlarının toqquşduğu, yeni ideologiyaların yayılmağa başladığı və milli dövlətçilik ideyalarının gücləndiyi mürəkkəb bir mərhələ idi. Belə bir şəraitdə yaranmış gənc dövlətlər həm daxili sabitliyi qorumaq, həm də xarici təzyiqlərə qarşı dayanmaq kimi çətin vəzifələrlə üz-üzə qalırdılar. 

23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cumhuriyyəti üçün ən çətin gün isə 27 aprel idi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova Sherg.az-a Azərbaycan Cümhuriyyətinin işğalına Sovet Rusiyasının daha erkən aylardan başladığını deyib:

"Hərbi müdaxilə isə 1920-ci il aprelin 27-də baş tutdu. Çünki bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra bu torpaqlara Rusiyanın, Sovet Rusiyasının bir parçası kimi baxdılar. Cümhuriyyət qurulduqdan sonra da bu cümhuriyyəti devirib Bakı neftini, Xəzər hövzəsini öz nəzarəti altına almaqdan əl çəkmədilər. Bu imkan Sovet Rusiyası üçün Şimali Qafqazı bolşeviklər işğal edəndən sonra yarandı. Sovet ordusu sürətlə Cənubi Qafqaza doğru irəlilədi. Lakin 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyətinin beynəlxalq səviyyədə de-fakto tanınmasından sonra Sovet Rusiyası həmin hərbi müdaxiləni diplomatik örtüklə pərdələməyə cəhd göstərdi. Bir çox tədbirlər həyata keçirildi ki, daxildən yerli qüvvələrin istəyi, yerli inqilab pərdəsi ilə bu müdaxiləni ört-basdır etməyə çalışsınlar.

Ona görə diplomatik təzyiqləri cümhuriyyətə qarşı gücləndirdilər. 1920-ci ilin yanvarın 2-dən başlayaraq Rusiya Xarici İşlər Xalq Komissarı Çiçerin dəfələrlə cümhuriyyətə notalar ünvanladı. Bu notalar məzmunca son dərəcə amiranə tonda idi. Guya Denikinə qarşı mübarizə barəsində birgə səy göstərmək təklif olunsa da, əslində notalar getdikcə təzyiq məzmunlu oldu.

Bu notalara Azərbaycan Cümhuriyyətinin xarici işlər naziri Fətəli xan Xoyski çox qətiyyətli cavab verdi. O bildirdi ki, Azərbaycan Rusiya ilə yalnız bərabərhüquqlu ikitərəfli danışıqlar prosesində münasibətlərini qura bilər və dinc yanaşı yaşamaq prinsipini ali tutmalıdır. Lakin, hərbi müdaxilə planı qüvvədə qalırdı". 

Tarixçi bildirib ki, Sovet hakimiyyəti, hətta Daşnak, yəni Ermənistan hökuməti ilə də Azərbaycan Cümhuriyyətini devirmək məsələsində sövdələşdi:

"Qarabağ qiyamının qaldırılması da bu işğal planının parçası idi. Əvəzində ermənilərin ərazi iddialarını təmin etməli və Rusiya üçün də cümhuriyyəti devirib Bakı neftinə, Xəzər hövzəsinə nəzarəti ələ almaq lazım idi. Amma yenə də plan belə yazıldı: Sovet ordusunun, XI ordunun əmrlərində ki, beş günlük ildırım sürətli hücumla Bakını tutmaq. Bu hücum həqiqətən çox sürətlə baş verdi. Aprelin 27-də artıq gecə saat 4-də 11-ci ordu Biləcəri stansiyasında dayandı. Lakin eyni zamanda Sovet hakimiyyətinin Azərbaycanda olan, onu dəstəkləyən emissarları Azərbaycan parlamentinə ultimatum verdilər ki, hakimiyyəti təhvil versinlər. Toplar Azərbaycan parlamentinə tuşlanmışdı. Bu cür şərtlər nəticəsində Azərbaycan parlamenti çox gərgin bir şəraitdə iclas keçirib, qan tökülməsin, xalq vətəndaş qırğınına getməsin deyə qərar qəbul etdi.

Üstəlik də əhali içərisində belə bir ovqat yaranmışdı ki, guya gələn XI ordu Bakıya daxil olmayacaq, Anadoluya Milli Qurtuluş savaşına yardıma gedəcək. Bütün bu amillər Azərbaycan parlamentinin hakimiyyətin Azərbaycan kommunistlərinə təhvil verilməsi ilə bağlı altıbəndlik qərar qəbul etməsi ilə nəticələndi. Burada yerli hakimiyyətə və guya Azərbaycan xalqının iradəsini nəzərə alacaq hökumətdən söhbət gedirdi. Eyni zamanda şərtlər də var idi ki, müstəqillik qorunsun, ordu saxlanılsın, parlament və hökumət üzvlərinə toxunulmasın və s. Amma təbii ki, işğalçı qüvvə bu şərtlərin heç birini nəzərə almırdı. 

Nəzərə almaq lazımdır ki, Azərbaycan silahlı qüvvələrinin demək olar ki, böyük əksəriyyəti Qarabağ qiyamının yatırılmasına və Azərbaycanın qərb sərhədlərinin təhlükəsizliyinə səfərbər olunmuşdu. Ona görə şimal sərhədlərində yetərli qüvvə yox idi".

Müsahibimiz Yalama stansiyasında iki saatlıq qanlı döyüşdə Azərbaycan hərbçilərinin böyük şücaət və fədakarlıq göstərərək müqavimət göstərdiklərini söyləyib: 

"Qüvvələr nisbəti bərabər deyildi. Üçüncü zirehli qatar sürətlə Bakıya doğru irəliləyirdi. Qeyd etmək lazımdır ki, Azərbaycan kommunistləri də özləri etiraf edirdilər ki, bu ultimatumu parlamentə təqdim edərkən heç də yerli qüvvələrə arxalanmırdılar, XI ordunun süngüsünə arxalanırdılar. XI ordu Azərbaycanda artıq daha sürətlə irəliləyirdi. Əgər Azərbaycana qədər irəliləmə sürəti saatda 25 km idisə, bu, Azərbaycanda 50 km-ə çatdı. Azərbaycan Cümhuriyyətinin devrilməsi Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində baş verdi. Bununla, Azərbaycanın milli hökuməti, eyni zamanda çox modern bir quruluşa və fəaliyyətə sahib olan hakimiyyət devrilmiş oldu. Lakin o iki illik müddətdə Azərbaycan xalqı müstəqil və demokratik quruluşun təcrübəsini yaşamış oldu. Bu təcrübə xalqın zehniyyətində yaşayırdı. Digər tərəfdən isə cümhuriyyəti quran insanlar siyasi mühacirətdə Azərbaycan istiqlalının bərpası uğrunda mübarizəni daim davam etdirdilər. Beynəlxalq səviyyədə də rəsmi sənədlərlə müraciətlər etdilər. Bu zehniyyətin daşıyıcısı olaraq Azərbaycan aydınları Sovetlər Birliyinin süqutu zamanı həmin cümhuriyyətin varisi kimi çıxış edərək Azərbaycan dövlətinin müstəqilliyini bərpa etmək haqqında Konstitusiya Aktını qəbul etdilər. Həmin Konstitusiya Aktında da məhz 1920-ci il aprelin 27-də RSFSR ordusunun Azərbaycan Cümhuriyyətini devirməsi müddəası öz əksini tapdı. Ona görə 27 apreli siyasi mühacirət hər zaman qara gün, matəm günü kimi qeyd etdi. Bu tarix bizə ibrət götürmək üçün çox ciddi dərslər verdi. Öyrətdi ki, hər hansı bir xarici qüvvəyə söykənmədən Azərbaycan xalqının iradəsini nəzərə alaraq onun müqəddəratını təyin etmək, qərarlar qəbul edərkən məhz xalqın rəyini əsas götürmək nə qədər önəmlidir".

Tarixçi təəssüf hissi ilə vurğulayıb ki, hətta Azərbaycan Cümhuriyyəti ilə, 28 Mayla bağlı da bilgisi olmayan gənclərimizə, vətəndaşlara rast gəlinir:

"Xüsusən də orta yaşlı nəsil uzun müddət Sovet təsiri altında bu bilgilərdən məhrum edilmişdi və ideologiyanın təsiri ilə yazılmış kitab və dərsliklərdən faydalanmışdı. Amma müstəqillik dövründə belə bir halın davam etməsi çox acınacaqlıdır.

Çünki tarixi yaddaş həm də milli təhlükəsizlik siyasətinin tərkib hissəsidir. Xüsusən də orta təhsil səviyyəsində şagirdlərimizin vətən tarixinə nə qədər bələd olmasının qayğısına qalmalıyıq.

Ali məktəblərdə isə bu biliklər daha da dərinləşdirilməlidir. Amma təəssüf ki, hazırkı təhsil sistemində yuxarı siniflərdə şagirdlərin seçim imkanları yarandığı üçün texniki istiqaməti seçənlər çox zaman tarix dərslərindən kənarda qalırlar.

Bu isə gənclərin dünyagörüşünün, vətənpərvərlik hisslərinin və dəyərlərinin formalaşdığı bir dövrdə onların bu bilgilərdən məhrum qalmasına səbəb olur.

Bəziləri isə sonradan təhsilini xaricdə davam etdirir və bu boşluq daha da dərinləşir. Azərbaycan xalqı son 30 ildən artıq müddətdə torpaqlarının işğalını yaşamış bir xalqdır. Bugünkü gənclər də bu proseslərin həm şahidi, həm də iştirakçısı oldular".

F.Əhmədova mürəkkəb dövrdə tarixi biliklərin öyrənilməsinin vacib olduğunu vurğulayıb:

"Belə bir mürəkkəb və bəzən qərəzli yanaşmaların olduğu dünyada biz bu tarixi öyrənməliyik. Bu bizə gələcəkdə oxşar məkrli planların qarşısını almaqda həm mənəvi, həm siyasi, həm də tarixi baxımdan hazırlıqlı olmağımıza yardım edəcək".