ABŞ və İsrailin İrana qarşı yeni hücum planı iddia edilir

ABŞ və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna qarşı indiyədək ən genişmiqyaslı bombardmanlardan birini həyata keçirməyi planlaşdırdığı iddia olunur.

Sherg.az xəbər verir ki, bu barədə CBS News ABŞ və İsraildən olan mənbələrə istinadən məlumat yayıb. İddiaya görə, mümkün hücumların hədəfində elektrik stansiyaları, neft emalı zavodları və digər enerji infrastrukturu obyektləri olacaq.

Mənbələrin sözlərinə görə, İsrail tərəfi plan barədə məlumatlandırılıb və Vaşinqtonla koordinasiya aparılır. Bununla belə, ABŞ Prezidenti Donald Trampın əməliyyatın keçirilməsi ilə bağlı hələ yekun qərar vermədiyi bildirilir.

Ağ Evin mətbuat katibi Karolayn Livitt isə bildirib ki, ABŞ-ın məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Qeyd edək ki, xəbərdə yer alan məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və anonim mənbələrin iddialarına əsaslanır.