Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) yaradılmasının 25 illiyi münasibətilə hazırlanan xüsusi loqonu və "Millətimizlə dörddəbir əsr - Türkiyə gələcəyə hazırdır" şüarını təqdim edib.
Sherg.az xəbər verir ki, partiyanın yaydığı məlumata əsasən, loqoda son 25 ildə həyata keçirilən layihələr və simvolik məkanlar əks olunub. Buraya KAAN milli döyüş təyyarəsi, TOGG elektromobili, Türksat 6A peyki, İstanbul Hava Limanı, Yavuz Sultan Səlim körpüsü, Ayasofya məscidi, Böyük Çamlıca məscidi, Fatih qazma gəmisi, Yusufeli bəndi, TOKİ yaşayış layihələri və Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası daxildir.
Açıqlamada bildirilib ki, loqodakı hər bir element son 25 ildə müdafiə sənayesi, texnologiya, nəqliyyat, enerji, səhiyyə, mənzil tikintisi və mədəni irs sahələrində həyata keçirilən layihələri simvolizə edir. Loqoda Türkiyə bayrağına da ölkənin müstəqilliyi və milli suverenliyinin rəmzi kimi xüsusi yer verilib.