Asim Mollazadə: "ABŞ-ın İrana qarşı İsrailin hərbi dəstəyinə ehtiyacı yoxdur"

  • Trampın İsraillə nümayiş etdirdiyi xüsusi yaxınlığın kökündə Amerikanın dərin siyasi və strateji ənənələri dayanır
  • "ABŞ-İsrail ittifaqı İran təhlükəsinə görə yaranmayıb, Tehran sadəcə bu əməkdaşlığı daha da gücləndirib"

2026-cı il fevralın 28-də İsrail və ABŞ-nin İrana qarşı birgə başladığı hücumlar beynəlxalq ictimaiyyətdə Trampın İsrailin mövqeyinə söykəndiyi fikrini formalaşdırdı. Lakin son vaxtlar, Tramp və Netanyahu münasibətlərində xüsusilə Türkiyəyə "F-35" qırıcılarının tədarükü və Yaxın Şərqdəki proseslərlə bağlı fikir ayrılıqları ortaya çıxıb.

Xatırladaq ki, Netanyahu və Tramp sonuncu dəfə iyulun 28-də Ağ Evdə görüşüb. İddialara görə görüş zamanı Netanyahu Trampı İrana yenidən zərbələr endirməyə razı salıb. Lakin Baş nazir ötən gün jurnalistlərin suallarını cavablandırarkən bu xəbərin yalan olduğunu, iki dost kimi İranla daha geniş razılaşma üzrə danışıqlar apardıqlarını açıqlayıb. Hazırda beynəlxalq ictimaiyyətdə tək bir sual formalaşıb: Trampın İranla bağlı siyasəti İsrailin diktəsinə söykənir, yoxsa ABŞ-nin milli maraqlarına xidmət edir?

Mövzu ilə bağlı polotoloq Asim Mollazadə Sherg.az-a bildirib ki, Trampın İsraillə nümayiş etdirdiyi xüsusi yaxınlığın kökündə Amerikanın dərin siyasi və strateji ənənələri dayanır:

“ABŞ tarix boyu İsrailin təhlükəsizlik memarlığının əsas qarantı kimi çıxış edib. Hətta ərəb-İsrail müharibələri zamanı Vaşinqton Təl-Əvivə hərbi dəstək veməklə, regional güc balansını köklü şəkildə dəyişib. ABŞ-nin İsrailə xüsusi diqqət göstərməsinin əsas səbəbi ölkədəki yəhudi icmasının geniş təsir imkanları ilə əlaqədardır. Lakin Vaşinqtonun İrana qarşı mövqeyi İsrailin təzyiqindən qaynaqlanmır. Yəni, ABŞ və İsrail arasındakı ittifaq “İran təhdidi” üzərində şəkillənməyib. İranın regionda yürütdüyü aqressiv siyasət sadəcə ABŞ-İsrail müttəfiqlik münasibətlərinin aktuallaşmasına səbəb olub”. 

Politoloq, hazırda ABŞ-nin İrana qarşı mübarizəni nəyə görə İsrailsiz davam etdirdiyinə aydınlıq gətirib:

“Çünki Vaşinqtonun İsrailin hərbi dəstəkinə ehtiyacı yoxdur. ABŞ regiondakı bazalarında hərbi arsenalı yeniləmək gücündədir. Onlar əlavə dəstəyə ehtiyac duymadan da öz məqsədlərinə çatıblar. İranın ərəb ölkələrini raket yağışına boğması, ABŞ-nin daha şiddətli hücumlar təşkil etməyə məcbur buraxır. Nəzərə almaq lazımdır ki, ABŞ və İsrail müdaxilə etmədən də region qarışıq vəziyyətdədir. İranın müqavimət oxuna daxil olan silahahlı qruplaşmalar region ölkələrini hədəf alırlar. İran və ona bağlı qüvvələr qonşu dövlətlərə hücumları davam etdirdikcə, Amerikanın müdaxiləsi olmadan da adekvat cavabla qarşılacaqlar”. 

A.Mollazadə onu da qeyd edib ki, problemlərin düyünlənməsinə əsas səbəb İranın aqressiv siyasətidir:

“Onların siyasətinin əsas bəhanəsi güya şiələri müdafiə etməkdir. Lakin 1 milyon şiə azərbaycanlı işğal nəticəsində qaçqın düşərkən İran onlara deyil, Ermənistana dəstək verdi. Deməli, İranın dini dəyərlər üzərində siyasət yürütmək çağırışları tamamilə yalandır. Biz bunu öz tariximizdən görürük. Azərbaycan Ermənistana qarşı azadlıq müharibəsi apararkən, erməni silahlı qüvvələri İrandan dəstək alırdı. Hətta onlar Azərbaycan ərazisinə keçərək Ermənistana dəstək verməyə də cəhd etdilər. Yəni İran rəhbərliyi islami dəyərləri özlərinə pərdə edərək dini əsaslarla deyil, yalnız və yalnız şəxsi maraqlar naminə hərəkət edirlər".