Avropa üçün əsas hədəf müharibədən Rusiyanın zəifləmiş çıxmasıdır - POLİTOLOQ

  • Çünki güclənmiş Rusiya gələcəkdə Avropanın təhlükəsizliyi üçün daha ciddi təhdidlər yarada bilər

Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda Avropanın prosesdəki real məqsədləri ilə bağlı müzakirələr daha da intensivləşib. Moskva Qərbi Ukraynanı Rusiyaya qarşı “proksi qüvvə” kimi istifadə etməkdə ittiham etdiyi halda, Avropa ölkələri isə Kiyevə verilən dəstəyi öz təhlükəsizliklərinin təminatı kimi təqdim edir.

Xüsusilə Almaniyanın hərbi istehsalı genişləndirməsi, Böyük Britaniyanın Ukrayna ordusunun döyüş təcrübəsini nəzərə alan yeni müdafiə strategiyası hazırlaması və Baltik ölkələrinin müdafiə layihələrində fəallaşması Avropanın uzunmüddətli təhlükəsizlik siyasəti barədə sualları artırır. Bu şəraitdə əsas müzakirə mövzularından biri də Avropanın Rusiya-Ukrayna müharibəsində hansı strateji hədəfləri izləməsi və prosesin gələcək təhlükəsizlik düzəninə necə təsir göstərəcəyidir.

 Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Avropanın sülh çağırışları heç bir əhəmiyyət kəsb etmir, çünki eyni zamanda orada silahlar hazırlanır və Ukrayna hərbçilərinin Rusiyaya qarşı “proksi ordu” kimi fəaliyyəti dəstəklənir: “Almaniya avtomobil zavodlarını hərbi istehsala çevirir, Britaniya Ukrayna ordusunun təcrübəsini və inkişafını nəzərə alacağını vəd edir və Latviya Ukrayna ilə birgə dron istehsalı zavodu tikir”. 

Mövzunu şərh edən politoloq Zeynal Əmralıyev Sherg.az-a bildirib ki, Avropanın Rusiya-Ukrayna müharibəsinə yanaşmasının əsas mahiyyətində Rusiyanın zəiflədilməsi dayanır. Onun sözlərinə görə, Avropa üçün əsas məsələ tərəflərdən hansının qalib gəlməsindən daha çox, müharibədən Rusiyanın zəifləmiş vəziyyətdə çıxmasıdır:

Çünki güclənmiş Rusiya gələcəkdə Avropanın təhlükəsizliyi üçün daha ciddi təhdidlər yarada bilər. Rusiya Ukraynaya qarşı müharibəyə başlamazdan əvvəl də Şərqi Avropanın təhlükəsizliyinə ciddi risklər yaradırdı. Müharibə dövründə isə bu təhdidlər daha açıq şəkildə müşahidə olundu. Xüsusilə Polşa və Baltikyanı ölkələrin hava məkanının tez-tez pozulması, eləcə də Rusiya rəsmilərinin Avropaya qarşı sərt və təhdidedici bəyanatları Moskvanın Avropanın gələcəyi ilə bağlı fərqli və aqressiv yanaşmaya malik olduğunu göstərir”.

Z. Əmralıyev vurğulayıb ki, məhz bu səbəbdən Avropanın Ukrayna müharibəsinə biganə qalması mümkün deyil. Onun fikrincə, Avropa ölkələrinin Kiyevə göstərdiyi fəal dəstəyin arxasında ilk növbədə öz təhlükəsizlik maraqları dayanır: “Avropanın təkbaşına təhlükəsizlik sistemini tam şəkildə təmin etməsi çətindir və bu məsələdə ABŞ-nin dəstəyinə ehtiyac qalır. Bununla yanaşı, Avropa İttifaqı daxilində Rusiya ilə müəyyən dialoq və münasibətlərin bərpasını vacib sayan liderlər də mövcuddur. Həmin siyasətçilər hesab edirlər ki, yalnız Ukraynaya dəstək verməklə Avropanın gələcək təhlükəsizliyini təmin etmək mümkün olmayacaq və Moskva ilə müəyyən anlaşma yolları axtarılmalıdır”.

Bununla belə, Zeynal Əmralıyev düşünür ki, Avropada üstün mövqe Rusiyanın zəiflədilməsini prioritet hesab edən siyasi xəttə məxsusdur. Bu səbəbdən də Avropa yaxın dövrdə Ukraynaya dəstəyini davam etdirəcək.