Prezident İlham Əliyevin Bişkek səfəri tarixi əhəmiyyət daşıyır” - TƏHLİL

  • “Azərbaycan artıq tranzit ölkə deyil, REGİONAL NƏQLİYYAT HABINA çevrilib”

Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğız Respublikasına işgüzar səfərə gedib. Tədbirdə təşkilatın 25 illiyi, eləcə də insanlararası və mədəni mübadilələr, regional təhlükəsizlik və əməkdaşlıq məsələləri müzakirə olunacaq. Tədbirdə 17 dövlətin liderinin iştirakı nəzərdə tutulub.

Çox vektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv olan əksər dövlətlər ilə tərəfdaşlığı gücləndirir. Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu daha da artmaqdadır. ŞƏT ilə tərəfdaşlıq coğrafı paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir. Avrasiyanın 65, dünya ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalinin 42 faizi yaşayır. Bu eyni zamanda, qlobal nominal ÜDM-in 24, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə formalaşması deməkdir. 2001-ci ildə yaradılan təşkilata hazırda Çin, Rusiya, Hindistan, İran, Pakistan, Belarus və Mərkəzi Asiya ölkələri daxil olmaqla 10 dövlət üzvdür. ŞƏT-in əsas məqsədləri regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, terrorçuluq, ekstremizm və separatçılıqla mübarizə, iqtisadi-ticarət əlaqələrinin inkişafı və üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə fəal əməkdaşlıq edən tərəfdaş ölkələrdəndir. Ölkəmiz 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşıdır. 2025-ci ildə isə təşkilatda müşahidəçi və dialoq tərəfdaşı statuslarının vahid “ŞƏT tərəfdaşı” formatında birləşdirilməsi ilə Azərbaycanın statusu da “ŞƏT tərəfdaşı” olaraq müəyyənləşdirilib. Prezident İlham Əliyev 2022-ci ildə Özbəkistanda fəxri qonaq, 2024-cü ildə Qazaxıstanda, 2025-ci ildə isə Çində keçirilən ŞƏT sammitlərində iştirak və çıxış edib. 2026-cı il avqustun 31-i–sentyabrın 1-də Bişkekdə keçirilən ŞƏT-in 25 illik yubiley sammitində də ŞƏT+ formatında iştirak edir. Azərbaycan–ŞƏT əməkdaşlığında regional təhlükəsizlik, iqtisadiyyat, energetika, nəqliyyat, rəqəmsal və humanitar əlaqələr əsas istiqamətləri təşkil edir. Xüsusilə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın dörd əsas ticarət tərəfdaşından üçü bu təşkilatda təmsil olunur. Onlardan ikisi üzv, biri isə tərəfdas dövlətdir. ŞƏT ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Uğurlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir.

 Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekə səfərini yalnız işgüzar səfər kimi qiymətləndirmək doğru olmaz. Onun sözlərinə görə, səfər daha çox mühüm diplomatik və siyasi məzmun daşıyır:

“Çünki Azərbaycan və Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük məsələsi, eləcə də Hindistanın Ermənistanı dəstəkləyən mövqeyi müəyyən mərhələdə proseslərə təsir göstərib və müəyyən ziddiyyətlər yaradıb. Lakin hazırda ŞƏT-in Azərbaycanla münasibətlərini yenidən qurmaq istəməsi və əməkdaşlığı yeni mərhələyə çıxarmaq istiqamətində maraq göstərməsi Azərbaycanın təşkilat üçün artan əhəmiyyətini nümayiş etdirir. Bu baxımdan, Prezident İlham Əliyevin Bişkek səfəri Azərbaycanın ŞƏT məkanında siyasi çəkisinin və diplomatik imkanlarının güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Xüsusən son dövrlərdə Çin Xalq Respublikasının rəhbərliyinin Azərbaycanı daha yüksək qiymətləndirməsi diqqət çəkir. "Bir kəmər, bir yol" layihəsini həyata keçirmək üçün yeganə yer Azərbaycan olduğu üçün strateji mövqeyi xüsusi əhəmiyyət daşıyır.

Çinlə Azərbaycan arasında bircə Qazaxıstan var və buna görə də ölkəmizin Şərq-Qərb nəqliyyat bağlantılarında mühüm mövqeyə malik olması Pekin tərəfindən də yaxşı dərk edilir.

Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatının platformasında Prezident İlham Əliyevin iştirakı təkcə Azərbaycanın çoxqütblü dünya nizamında mövqeyinin güclənməsi baxımından deyil, həm də yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolunun artması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər Azərbaycanın Şərq-Qərb geosiyasi balansında mühüm aktora çevrildiyini göstərir. Çünki İlham Əliyev dövlət başçıları arasında peşəkar siyasi təcrübəsi və çevik diplomatik yanaşması ilə seçilən liderlərdəndir. O, həm Rusiya və digər böyük dövlətlərin regional siyasətini düzgün qiymətləndirir, həm də Azərbaycanın müstəqilliyinin və milli maraqlarının qorunması üçün müxtəlif platformalarda prinsipial mövqe ortaya qoyur”.

Çin, Rusiya, Hindistan, İran və Mərkəzi Asiya ölkələri ilə əlaqələr, həmçinin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı baxımından Azərbaycanın ŞƏT daxilindəki rolunu dəyərləndirən C. Nuriyev Azərbaycanın Çin, Rusiya və Mərkəzi Asiya ölkələri ilə kifayət qədər yaxşı münasibətlərinin olduğunu xatırladıb: “Çinlə münasibətlərimiz xüsusilə yüksək səviyyədədir, Rusiya ilə də əlaqələrimiz strateji xarakter daşıyır. Hindistanla münasibətlərdə isə Ermənistan məsələsi ilə bağlı müəyyən problemlər mövcud olub. Bu yanaşmanı müəyyən mənada başa düşmək olar, çünki Ermənistanın əhalisinin bir hissəsi Hindistandan gələn qaraçı kökənli ermənilərdir. Bu səbəbdən Hindistan bir ara Azərbaycana qarşı haqsız mövqe tutmuşdu,lakin həmin mövqenin də tədricən dəyişdiyini görürük. Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş və çevik xarici siyasət, xüsusilə Azərbaycan–Pakistan münasibətlərinin yüksək səviyyəyə çatması və Pakistanın Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləməsi Hindistanın Azərbaycana qarşı siyasi sərtliyinin müəyyən qədər yumşalmasına təsir göstərib.

İranla münasibətlərdə də müəyyən problemlər yaratmağa cəhdlər olub. Lakin hazırda Prezident Məsud Pezeşkianla Prezident İlham Əliyev arasındakı münasibətlər kifayət qədər yüksək səviyyədədir və bu, artıq dövlətlərarası əlaqələrə də müsbət təsirini göstərir. Bu baxımdan, Azərbaycan–İran münasibətlərində hazırda ciddi bir problem yoxdur.

Mərkəzi Asiya ölkələri ilə münasibətlərə gəldikdə isə, Azərbaycan “Mərkəzi Asiya 5+1” formatında da iştirak edir. Burada mühüm məqamlardan biri Tacikistanın bu əməkdaşlıq formatında yer almasıdır. Tacikistan türk dilli ölkə olmasa da, Azərbaycan bu ölkə ilə də kifayət qədər düşünülmüş və balanslı xarici siyasət yürüdür. Bu yanaşma Azərbaycanın Mərkəzi Asiyada yalnız türk dövlətləri ilə deyil, regionun digər ölkələri ilə də qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan münasibətlər qurduğunu göstərir. Ona görə də Azərbaycanın xarici siyasətini pantürkizm və digər bu kimi yanaşmalarla əlaqələndirmək üçün əsas yoxdur. Bu baxımdan, yaxın illərdə Çin, Rusiya, Hindistan, İran və Mərkəzi Asiya ölkələri ilə əlaqələr, eləcə də Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində Azərbaycanın rolunun daha da artacağını düşünürəm”.

Professor qeyd edib ki, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı baxımından Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında mühüm rolu var. Onun sözlərinə görə, Azərbaycan ötən ilin avqustunda bir daha nümayiş etdirdi ki, Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı iddiası yoxdur və Ermənistanla münasibətlərdə bərabərhüquqlu qonşu dövlət prinsipini qoruyur:

“Əslində, Ermənistanın bütün ərazisi Azərbaycandan oğurlanmış torpaqlar hesabına formalaşıb. Yəni onun ümumi yaranışında cəmi 9,000 kvadratkilometr, Azərbaycan isə bilirsiniz ki, 114 idi. Ermənistan Azərbaycanın hesabına böyüyüb. Azərbaycan istəsə tarixi torpaqlarına qarşı iddia qaldıra bilər. Faktiki olaraq, bunu bizdən xəbərsiz Rusiya verib. Buna baxmayaraq, Azərbaycan hazırda bu məsələləri gündəmə gətirmək əvəzinə Ermənistanla münasibətlərin normallaşdırılmasına üstünlük verir. Azərbaycanın hazırkı siyasəti qonşuluq prinsiplərinə və qonşu dövlətlərlə münasibətlərdə “sıfır problem” yanaşmasına əsaslanır. Bu siyasət həm Cənubi Qafqazda davamlı sülhün təmin olunması, həm də Azərbaycanın regional nəqliyyat və iqtisadi layihələrdə rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

C. Nuriyev əlavə edib ki, Şərq–Qərb dəhlizi artıq kifayət qədər yaxşı vəziyyətdədir və fəal şəkildə işləyir. Onun sözlərinə görə, bu dəhliz həm nəqliyyat baxımından, həm də enerji resurslarının Avropa bazarlarına çıxarılması baxımından Azərbaycanın mühüm rolunu təmin edir: 

“Şimal–Cənub dəhlizi isə yalnız Azərbaycanın deyil, Mərkəzi Asiya ölkələrinin, Çinin, İranın və hətta Ermənistanın da maraqlarına cavab verir. Bu baxımdan, Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, formalaşmış nəqliyyat infrastrukturu və tranzit imkanları ölkəmizə mühüm regional üstünlüklər qazandırır. Azərbaycan artıq tranzit ölkə olmaqla yanaşı, regional iqtisadi və nəqliyyat habına çevrilib. Nəqliyyatın müxtəlif istiqamətlərini birləşdirən infrastrukturun və əlaqəli sahələrin inkişafı baxımından ölkədə müasir iqtisadiyyatda “klaster sistemi” adlandırılan model formalaşıb. Azərbaycan bunu həyata keçirməyi bacarıb və bu reallıq həm Çində, həm Rusiyada, həm də Mərkəzi Asiya ölkələrində yaxşı qiymətləndirilir.

Azərbaycan Prezidentinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət ölkəmizin regionun aparıcı iqtisadi dövlətlərindən birinə çevrilməsini təmin edir. İnanıram ki, Prezident İlham Əliyevin builki Bişkek səfəri də Azərbaycan üçün uğurlu nəticələrlə yadda qalacaq”.