- “Başqa ölkələr də bu prosesin tərkib hissəsinə çevriləcək”
Yaxın Şərq regionunda nisbi sakitliyin ömrü qısa çəkdi. ABŞ ordusu gecə saatlarından etibarən İranın Larak adasına hücum edib. Hücum nəticəsində hərbçilər və mülki şəxslər həyatını itirib. ABŞ Hərbi Dəniz Qüvvələrinin kapitanı Tim Hokins İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raketlər vasitəsilə Hörmüz boğazına minalar yerləşdirməyə cəhd etdiklərini açıqlayıb. ABŞ tərəfi endirilən zərbənin, qlobal ticarət marşrutlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bəyan edib.
SEPAH isə hücuma cavab olaraq "Qisas əməliyyatı" adı altında, Vaşinqtonun pilotsuz uçuş aparatını vurduğunu və İordaniyadakı hərbi bazalarına zərbələr endirdiyini bildirib. İran Xarici İşlər Nazirliyi ABŞ-la yanaşı, hücumların hazırlanmasında iştirak edən digər tərəflərin də məsuliyyət daşıyacağını vurğulayıb. Xatırladaq ki, müharibə altı aydan çoxdur davam edir. Tərəflər arasında aparılan danışıqlar hücumlar kimi pərakəndə xarakter daşıyır.
Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, ABŞ-nin Larak adasına hücumu uzunmüddətli müharibənin tərkib hissəsi deyil:
“ABŞ ordusu Hürmüz boğazında İranın yerləşdirdiyi minaları zərərsizləşdirmək üçün Larak adasında iki qurğu yerləşdirib. Tramp dəfələrlə Oman istiqamətindən Hörmüzün minalardan təmizləndiyini, hətta bir neçə gəminin təhlükəsiz hərəkətini təmin etdiklərini bildirib. İran isə təmizlənmiş əraziləri yenidən minalamağa cəhd göstərib. ABŞ İran tərəfindən Hörmüz boğazının minalanmasını atəşkəs rejiminin pozulması kimi qələmə verir. Vaşinqtonun bu dəfəki əməliyyatı Hörmüzdə İranın nəzarətini neytrallaşdırmaq məqsədi daşıyır. Əsas münaqişə zonası Hörmüz boğazıdır. Əslində Beynəlxalq hüquq, dövlətlərin boğazlar üzərində tam nəzarətini qəbul etmir. BMT-nin Dəniz Hüququ Konvensiyasına əsasən, Hörmüz beynəlxalq boğazdır. Burada gəmilərin və hərbi donanmaların "tranzit keçid hüququ" var. Bu rejimə görə, İran və Oman keçidi dayandıra, gəmiləri ləngidə bilməz. İran BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasını rəsmən imzalamış olsa da, sənədi ratifikasiya etmədiyi üçün konvensiyanın tamhüquqlu üzvü hesab olunmur. İran isə konvensiyanı hüquqi cəhətdən qüvvədə saymır”.
Politoloqun sözlərinə görə, hüquqi və siyasi amillərin bir-birinə qarışması vəziyyəti çıxılmaz hala salıb:
“Bəzən ABŞ Hörmüz boğazına tam nəzarət etdiyini bildirir, bəzən də İran. Gerçək isə odur ki, boğaz şərti olaraq, ABŞ ilə İran arasında nüfuz dairələrinə bölünüb. Boğazın cənub hissəsi Omanın ərazi sularına daxildir və ABŞ-nin nəzarətindədir. Şimalına isə İran nəzarət edir. ABŞ-nin İrana "iqtisadi hücumu" da nəticə verməyəcək. İran iqtisadiyyatı illərdir ki, sanksiyalara məruz qalır. Buna baxmayaraq, Tehran alternativ yollarla hərbi arsenalını gücləndirməyi bacarıb. Bunun bariz nümunəsini, ölkənin ABŞ və İsrailə qarşı təkbaşına apardığı mübarizədə görmək mümkündür. İran bir tərəfdən sanksiyaları zəiflətmək üçün uzlaşma mexanizmlərinə əl atır, digər tərəfdən isə müqavimət əzmindən dönmür. Odur ki, bu ziddiyyətlər hələ uzun müddət beləcə davam edəcək”.
Ə.Mustafa onu da qeyd edib ki, ABŞ-İran münaqişəsi yeni dünya nizamının formalaşmasına xidmət edən prosesin bir parçasıdır:
“Buna bəsit ABŞ-İran müharibəsi deyil, böyük oyunçuların “Strateji savaşı” adını verərdim. Böyük oyunçuların əsas məqsədi İran üzərindən ABŞ-nin, Ukrayna üzərindən isə Rusiya kimi nəhəng imperiyaların hərbi və siyasi gücünü sarsıtmaqdır. “İran üzərindən” dedikdə konkret dövlətləri deyil, digər aktorları - kölgə elitalarını və transmilli gücləri nəzərdə tuturam. Əsas hədəf dünya ölkələri üzərində mütləq nəzarət bərqərar etməyə çalışan imperiyaların hegemonluğuna son qoymaqdır. Önümüzdəki dövrdə başqa ölkələrin də bu prosesin tərkib hissəsinə çevrildiyinin şahidi olacağıq".