- " Nizami, Nəvai və Füzuli iki xalqı əsrlər boyu birləşdirən mənəvi bağdır"
- Əmir Teymur Şəbüstəriyə görə 20 kiloqram qızıl paylatdırıb
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ ilə yadda qalıb. Səfər çərçivəsində İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalayıblar.
Bu sənəd iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından diqqət çəkir. Eyni zamanda, səfər çərçivəsində iqtisadi, investisiya, ticarət, turizm və digər sahələr üzrə bir sıra sənədlərin imzalanması Azərbaycan-Özbəkistan əlaqələrinin çoxşaxəli xarakter daşıdığını göstərir.
Özbək tarixçi, Ə.Avloni adına Pedaqoji Mükəmməllik Milli İnstitutunun əməkdaşı Zavqibek Mahmudov münasibətlərin tarixi kökləri, iki xalqı birləşdirən ortaq mədəni irs və son illərdə əlaqələrin yeni mərhələyə yüksəlməsi ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Azərbaycan-Özbəkistan münasibətlərin tarixi köklərini necə xarakterizə edərdiniz?
-Özbək və Azərbaycan xalqları arasında bu gün mövcud olan genişmiqyaslı münasibətlər tarixən minilliklər ərzində Turan-Türküstan və Qafqaz arasında formalaşmış ümumtürk tarixi, türk dilləri, islam-mədəni məkanı, Böyük İpək Yolu, bir neçə türk təbəqəsi, Teymurilər və sonrakı dövrlərdəki iqtisadi, siyasi, mədəni əlaqələr vasitəsilə formalaşaraq inkişaf edib. 1995-ci il oktyabrın 2-də iki dövlət arasında diplomatik münasibətlər qurulub. 1996-cı ildə Daşkənddə Azərbaycan səfirliyi, 1998-ci ildə isə Bakıda Özbəkistan səfirliyi açılıb. Bunlara baxmayaraq 2024-cü il avqustun 23-dən Özbəkistan və Azərbaycan Respublikaları arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi ilə iki dövlətin birgə inkişafı və birləşməsinin yeni dövrünün başladığını deyə bilərik.
-İki türk xalqının ümumtürk sivilizasiyasına mənsub olduğunu hansı tarixi faktlar sübut edir?
-İki türk xalqının ümumtürk sivilizasiyasına mənsub olduğunu, tarixi dövrlər ərzində bir-biri ilə sıx əlaqədə olduğunu və mənəvi köklərinin ortaq olduğunu ifadə edən tarixi faktları misal gətirməyin sayı-hesabı yoxdur. Bu münasibətlərin formalaşmasında və daha da möhkəmlənməsində Böyük İpək Yolunun əhəmiyyəti çox böyükdür. Bu yol Şərqlə Qərbi birləşdirən yalnız əmtəə yolu deyil, həm də ideyaların, dillərin, dinlərin, incəsənətin və elm-fənnin mübadiləsi yolu idi. Hətta böyük hökmdar Əmir Teymur da Azərbaycana münasibətdə onun elminə və sənətkarlığına xüsusi diqqət yetirərək daim yüksək ehtiramını bildirirdi. Xüsusilə, Əmir Teymurun gəncliyində daim sevərək oxuduğu və bir çox hissələrini əzbər bildiyi poetik əsərlərdən biri azərbaycanlı şair Mahmud Şəbüstərinin “Gülşəni-raz” (“Sirlər gülşəni”) adlı kitabı idi. Əmir Teymur Azərbaycanda olarkən Şəbüstər kəndinin adı ona Mahmud Şəbüstərini və onun “Gülşəni-raz” kitabını xatırladır. Araşdırıldıqda məlum olur ki, Şəbüstəri həqiqətən də bu kənddə yaşayıb, onun qəbri isə baxımsız vəziyyətdə qalıb.
-Bəs sonra?
-Bundan sonra Əmir Teymur öz adamlarına əmr verərək qəbrin yerində kiçik bir məqbərə tikilməsini, ətrafdan məqbərəyə aid vəqf torpağının ayrılmasını, həmin torpağın gəlirlərinin hesabına bağ salınmasını və şairin qəbrinin ziyarətgah kimi abad saxlanılmasını buyurur. Bundan əlavə, Sahibqiran ona mənəvi ustad olmuş Mahmud Şəbüstəriyə sonsuz ehtiramının ifadəsi olaraq fərman verir. Onun xüsusi əmrinə əsasən, Şəbüstər sakinlərinin yaşı on beşdən yuxarı olan hər bir vətəndaşına (3891 nəfər) beş misqal olmaqla (1 misqal- 5 qram), ümumilikdə 19455 qram, yəni bugünkü hesabla təxminən 20 kiloqram qızıl paylanılır.
Həmçinin sonrakı dövrdə Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılıq irsi iki dövlət, özbək və Azərbaycan xalqları arasındakı ədəbi münasibətlərin möhkəmlənməsində yalnız həmin dövr üçün deyil, bu gün üçün də əsas rol oynayır. XII əsrdə Gəncədə yaşayıb-yaratmış Nizami Gəncəvi türk xalqlarının klassik ədəbiyyatının ən böyük nümayəndələrindən biri olub.
-Bəli, onun məşhur “Xəmsə”si sonrakı dövr ədəbiyyatına böyük təsir göstərib.
-Nizamini özünün ədəbi ustadlarından biri hesab edən Əlişir Nəvai onun ənənəsini davam etdirərək türk dilində öz “Xəmsə”sini yaradıb. Nəvai Nizaminin yaradıcılığını dərindən öyrənərək onun haqqında fikir bildirərkən: “... saysız-hesabsız söz incilərini nizama saldığı üçün tale ona ‘Nizami’... təxəllüsünü layiq gördü...” deyərək yüksək qiymət verib.
Öz növbəsində, XVI əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Məhəmməd Füzuli Əlişir Nəvainin əsərlərini öyrənib. Onu özünə ustad hesab edib və Nəvainin yaradıcılığından güclü təsir alıb. Mənbələrdə qeyd edilir ki, Füzulinin əsərlərindən XVII əsrdən başlayaraq Türküstan mədrəsələrində dərs vəsaiti kimi istifadə edilib, kitabsevərlər arasında geniş yayılıb.
-Müstəqillik dövründə Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin inkişafı istiqamətində hansı addımlar atılıb?
-Müstəqillikdən sonra Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılması iki xalq arasında mədəni əlaqələrin Özbəkistanda inkişaf etdirilməsi və geniş yayılması istiqamətində mühüm addım oldu. Öz növbəsində, Azərbaycanın Gəncə şəhərində Əlişir Nəvai adına özbək dili və mədəniyyəti mərkəzinin açılması Azərbaycan xalqının özbək mədəniyyətinə olan marağının parlaq nümunəsi idi. Füzuli şəhərində isə Özbəkistanın Mirzə Uluqbəy adına 1 nömrəli ümumtəhsil məktəbinin tikməsi iki türk dövlətinin dostluğunun əbədi rəmzinə çevrildi.
-Təhsil sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığını necə qiymətləndirirsiniz?
-Özbəkistan və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq və birgə layihələr sürətlə inkişaf edir. Xüsusilə, 2024-cü ildə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsili Nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Ə.Avloni adına Pedaqoji Mükəmməllik Milli İnstitutunun rektoru A.İsmayılovla birlikdə Azərbaycan Respublikasının Təhsil İnstitutunda oldu və institutun fəaliyyəti ilə tanış oldu. Azərbaycan Respublikası Təhsil İnstitutunun rektoru Əliyev Elnur Qəzənfər oğlu ilə görüş keçirildi, məktəb rəhbərlərinin potensialının inkişaf etdirilməsi, müəllimlərin ixtisasartırma sisteminin təkmilləşdirilməsi, keyfiyyətli təhsil istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə edildi. Görüşün sonunda ikitərəfli əməkdaşlıq memorandumu imzalandı. Həmçinin 2025-ci ildə Ə.Avloni adına Pedaqoji Mükəmməllik Milli İnstitutu Azərbaycandakı STEAM Təhsil Mərkəzi ilə əməkdaşlıq quraraq birgə ixtisasartırma kursları da təşkil etdi. Bu kurslarda müasir pedaqoji texnologiyalar, layihə əsaslı tədris, rəqəmsal vasitələr, mühəndislik və incəsənətin inteqrasiyası, innovativ düşüncə və komanda işi bacarıqlarının inkişaf etdirilməsi kimi istiqamətlərdə təcrübə mübadiləsi aparıldı.
-Son illərdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlməsini necə oxuyursunuz?
-Ümumilikdə, son 5 ildəki genişmiqyaslı münasibətlər və əməkdaşlıqlar Özbəkistan və Azərbaycan Respublikalarını strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəldə bildi. Belə ki, 2022-ci il iyunun 21-də Daşkənddə Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə və hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş mühüm sənədlər imzalandı. 2023-cü il avqustun 22-23-də Bakı şəhərində Ali Dövlətlərarası Şuranın yaradılması haqqında razılıq əldə edildi. 2024-cü il avqustun 23-də isə Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyev Özbəkistan-Azərbaycan Müttəfiqlik Münasibətləri haqqında Müqaviləni imzaladılar.
-İqtisadi əlaqələrin hazırkı vəziyyətini necə dəyərləndirirsiniz?
-2025-ci ilin yekunlarına əsasən, iki dövlət arasında əmtəə dövriyyəsi 795 milyon dollara çatmışdırsa, bir neçə gün əvvəl bu rəqəmin 2030-cu ilədək 1 milyard dollara çatdırılması ilə bağlı proqram hazırlandı və bir sıra müqavilələr imzalandı. Bu rəqəmlər öz növbəsində Özbəkistan və Azərbaycan arasında möhkəm siyasi ittifaqın, həmrəyliyin, iqtisadi etimadın və inkişafın təmin edilməsinə xidmət edir.
-Son olaraq, Azərbaycan-Özbəkistan arasında xalqların daha da yaxınlaşmasına xidmət edən təşəbbüslər sizcə iki xalqa hansı dəyərləri qazandıracaq?
-Azərbaycanın Bakı şəhərinin mərkəzində Özbəkistan bağının, Daşkənddə isə Azərbaycan bağının yaradılması, bir neçə gün əvvəl Yeni Daşkənddə iki dövlət prezidentinin iştirakı ilə Nizami adına Milli Pedaqoji Universitetinin yeni tədris binasının açılması kimi təşəbbüslər yalnız iki ölkənin rəsmi münasibətlərinin davam etdirilməsinin deyil, xalqlarımızın və geniş ictimaiyyətin daha da birləşməsi baxımından da əhəmiyyətini artırır.
Hətta 2027-ci ildə Özbəkistan və Azərbaycanın futbol üzrə gənclər arasında dünya çempionatına birgə ev sahibliyi etməsi isə iki xalqın daha da yaxınlaşmasına, tarixi həmrəyliyin möhkəmlənməsinə xidmət edən ən mühüm addımlardan biri olacaqdır.
Bütün bu addımlar həm iqtisadi, həm siyasi, həm mədəni, həm də digər sahələrdə hər iki xalqa böyük töhvələr verəcək, inkişaf qazandıracaq.