- Tural İrfan: "Müsəlmanların hüquqlarının ən çox tapdandığı ölkə İrandır"
İranda asılma, edam və daşqalaq kimi halların şəriət məhkəməsinin qanunları əsasında həyata keçirildiyi bildirilir. Son zamanlar kütləvi edamlar daha çox artıb. İnsan Haqları Təşkilatının qeydə aldığı məlumata görə 2026-cı ilin iyun ayı ərzində, İran həbsxanalarında ən azı 109 məhbus edam olunub. Onların üçü qadındır.
Təbriz sakini Əfsanə Zəndabadi narkotik vasitələrin qanunsuz dövriyyəsi, Asiyə Fərəhmənd və Zeynəb Zərrini isə həyat yoldaşlarını qəsdən öldürmək ittihamı ilə Qəzvin Mərkəzi Həbsxanasında edam ediliblər. Kütləvi edamlar ictimai düşüncədə iki fərqli sual formalaşdırır: İslam dini həqiqətən də bunu buyurur, yoxsa İran hökuməti etdiyi əməllərə şəriət məhkəməsi adı altında don geyindirir?
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Sherg.az-a bidirib ki, bizim cəmiyyətdə İranın həqiqətən də İslam prinsiplərinə uyğun idarə olunduğuna inanan sadəlövh adamlar var:
"Sistemin adı “İslam” və ya hansısa dəyərlər toplusu ilə ifadə olunsa da, bu, həmin sistemin mahiyyətcə adına uyğun olduğunu sübut etmir. Əgər İslam meyarları ilə götürsək, bu gün müsəlmanların hüquqlarının ən çox tapdandığı ölkə məhz irandır. İran sadəcə törətdiyi repressiya və edamları İslama bağlayıb, dinlə əlaqələndirir. Başqa yolu da yoxdur. Çünki xalqın böyük əksəriyyəti müsəlmandır. Rejim İslamdan qeyri əsasla edamlar icra etsə açıq partlayış və islam aləminin qəti etirazı ilə qarşılaşar. Odur ki, Sasani imperiyasını dirçəltmək və müasir üsulda onun coğrafi və ideoloji sərhədlərini bərpa etmək uğrunda müxtəlif adlarla məqsədə doğru irəliləyirlər. İslam və mənəvi, mədəni dəyərlər molla rejiminin əlində alətdir. İran rejimi heç bir yaxşı işi İslam adına yazmır. Amma müharibəni, qanı, terroru, edamları, insan haqlarını pozmağını İslamla əsaslandırır. Yəni, İslamı təhrif edərək həm sui-istifadə edir həm də nifrət aşılayır. Dini ekstremizm, qəddarlıq qalığı kimi təqdim edir”.
İlahiyyatçının sözlərinə görə, İranda ölkəni qədim məcusi (Zərdüştlük) dininə və Sasani siyasi-ideoloji sisteminə uyğun idarə edirlər:
“Kəşmiri işğal altında saxlayan Hindistan, uyğur müsəlmanlarına təzyiq göstərən Çin və kommunist Şimali Koreya kimi islami dəyərlərə yad dövlətləri özünə yaxın müttəfiq seçən İran rejiminin əsas hədəfi elə İslamın özü və müsəlmanlardır. İkinci xəlifə Ömər tərəfindən Sasani imperiyasının çökdürülməsini həzm edə bilməyən ideoloqlar yenidən imperiya eşqinə düşüblər. İslam və müsəlmanlar burada məqsədə çatmaq üçün sadəcə vasitədir. Beynəlxalq hüquq normalarına və dinin tələblərinə zidd olaraq, rejimi tənqid edən yaxud bəyənməyən müsəlmanları şərləyib, edam edir, işgəncə verirlər. İslam dinində hakimiyyətin, siyasi sistemin tənqidçilərinə divan tutmaq əmri, ənənəsi yoxdur. İlk xəlifələr hakimiyyətə gələndə onların da müxalifləri vardı. Onlara əsla toxunmur, əksinə imkanlar yaradırdılar. Başqa millətlərə, xalqlara, inanclara tolerant yanaşmaq İslamın əmridir”.
T.İrfan onu da qeyd edib ki, günahsız insanların kütləvi edamları, həbsxanalarda işgəncələrə məruz qalması nəinki dinin, ümumiyyətlə insanlığın əleyhinədir:
“Siyasi hakimiyyəti başqa məzhəblərdən intiqam almaq, insanları farsizmə və məzhəbçiliyə əsaslanan din modelinə məcburi şəkildə tabe etmək üçün qeyri-insani cinayətlər törədirlər. İran rejiminin əsla İslamla, dini, mənəvi, mədəni dəyərlərlə əlaqəsi yoxdur. Əksinə din, məzhəb pərdəsi altında müsəlman aləminə və dini prinsiplərə qarşı apardığı siyasət geniş etiraz dalğası yaradır. Özlərini ayətullah, müctəhid adlandıran kahinlər və brahmanlar sistemi həm İranın feodal istismarçı sinfi həm də dövlətin ideoloqlarıdır. İslam dini siyasətə qarışdırlmamalı, qanlı rejimin edam maşınına alət edilməməlidir. Din edamı, soyqırımı, cinayətkarlığı deyil, mərhəməti, sülhü və insani dəyərləri tələb edir. İranda isə bunun tam əksini görürük”.