İranın qarşısında ikiqat sınaq: Müharibə və daxili problemlər - ANALİZ

“ABŞ və İsraillə müharibə fəaliyyəti ölkədə problemlər yaradıb və bu, xalqın problemləri ilə məşğul olmağa mane olub”.

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“ABŞ və İsrail parçalanmadan istifadə edərək ixtilaf yaratmağa çalışır və ölkə daxilindəki vəziyyətdən sui-istifadə etmək istəyirlər. Ona görə də, hamımız əl-ələ verməli, birlik və həmrəylik içində xalqın problemlərinin həlli və vəziyyətin yaxşılaşdırılması üçün çalışmalıyıq”, - dövlət başçısı bildirib.

Pezeşkianın açıqlamasında diqqət çəkən əsas məqam İran rəhbərliyinin müharibənin ölkənin daxili problemlərinin həllinə mane olduğunu açıq şəkildə etiraf etməsidir. Bu, Tehran üçün kifayət qədər ciddi mesajdır. Çünki uzunmüddətli qarşıdurma təkcə hərbi resursları tükəndirmir, eyni zamanda iqtisadi imkanları məhdudlaşdırır, sosial gərginliyi artırır və hakimiyyətin əhalinin gündəlik problemlərinə cavab vermək imkanlarını zəiflədir.

Hazırda İran iqtisadiyyatı həm müharibənin yaratdığı dağıntıların, həm də uzun illərdir davam edən sanksiyaların təzyiqi altındadır. Milli valyutanın kəskin ucuzlaşması, inflyasiyanın yüksək səviyyəyə çatması və ərzaq qiymətlərinin artması əhalinin sosial yükünü daha da ağırlaşdırır. Reuters-in məlumatına görə, iyul ayında İranda inflyasiya 66 faizə çatıb, ərzaq qiymətlərində isə daha yüksək artım qeydə alınıb.

Bu mənada Pezeşkianın “xalqın problemlərinin həlli” çağırışı təsadüfi görünmür. Prezident bir tərəfdən xarici təhdid qarşısında milli həmrəyliyi qorumağa çalışır, digər tərəfdən isə müharibənin yaratdığı iqtisadi və sosial nəticələrin artıq daxili siyasətin əsas məsələlərindən birinə çevrildiyini göstərir.

Burada daha mühüm məsələ İran hakimiyyətinin qarşısında duran seçimdir. Tehran bir tərəfdən ABŞ və İsrail qarşısında geri addım atmış görüntüsü yaratmaq istəmir, digər tərəfdən isə müharibənin uzanmasının ölkə daxilində iqtisadi və sosial problemləri dərinləşdirdiyini anlayır. Məhz buna görə Pezeşkian son günlər müharibənin başa çatdırılması və diplomatik həllin tapılması barədə daha açıq mesajlar verir. O, İranın “nə müharibə, nə də sülh” vəziyyətindən çıxmasının vacibliyini də vurğulayıb.

Əslində, Tehran üçün əsas risk yalnız xarici hərbi təzyiq deyil. Müharibənin yaratdığı iqtisadi çətinliklərin sosial narazılığa çevrilməsi də hakimiyyət üçün ciddi sınaqdır. İqtisadi vəziyyət pisləşdikcə hökumətin sosial öhdəlikləri artır, lakin müharibə və sanksiyalar dövlətin maliyyə imkanlarını məhdudlaşdırır. Bu ziddiyyət uzunmüddətli perspektivdə daxili siyasi gərginliyi daha da artıra bilər.

Digər tərəfdən, İran rəhbərliyinin “birlik və həmrəylik” çağırışları ölkə daxilində parçalanma riskinin də Tehran üçün əhəmiyyətli məsələyə çevrildiyini göstərir. Hakimiyyətin yanaşmasına görə, xarici təzyiq fonunda daxili siyasi və sosial parçalanma daha böyük təhlükə yaradır. Bu səbəbdən Pezeşkianın mesajında həm xarici düşmənə qarşı mövqe, həm də daxili konsolidasiyaya çağırış paralel şəkildə özünü göstərir.

Beləliklə, İranın qarşısında artıq yalnız hərbi müstəvidə deyil, siyasi və iqtisadi müstəvidə də seçim dayanır. Müharibənin davam etməsi ölkənin təhlükəsizlik arqumentlərini gücləndirsə də, iqtisadi və sosial problemlərin həllini daha da çətinləşdirir. Əksinə, diplomatik prosesin bərpası Tehran üçün iqtisadi nəfəs imkanları yarada bilər. Lakin bunun qarşılığında İranın nüvə proqramı, regional siyasəti və təhlükəsizlik məsələləri üzrə müəyyən kompromislərə getməsi tələb oluna bilər.

Bu baxımdan Pezeşkianın son açıqlamalarını sadəcə daxili auditoriyaya ünvanlanan çağırış kimi qiymətləndirmək düzgün olmaz. Bu mesaj eyni zamanda ABŞ-a və beynəlxalq ictimaiyyətə verilən siyasi siqnaldır: Tehran müharibənin yaratdığı yükü anlayır və müəyyən şərtlər daxilində diplomatik çıxış yolunu nəzərdən keçirir. Bununla belə, İran rəhbərliyi danışıqlara zəif mövqedən deyil, “güc və ləyaqət” mövqeyindən getmək istəyir.

Nəticə etibarilə, İran üçün əsas məsələ müharibəni necə davam etdirməkdən daha çox, müharibədən necə çıxmaq və ölkənin daxili sabitliyini necə qorumaqdır. Əgər Tehran iqtisadi və sosial problemləri nəzarətdə saxlaya bilməsə, xarici təzyiqin yaratdığı təhlükə daxili problemlərlə birləşərək daha mürəkkəb siyasi vəziyyət formalaşdıra bilər. Buna görə də Pezeşkianın həmrəylik və xalqın problemlərinin həlli barədə çağırışı İranın qarşıdakı dövrdə xarici siyasətlə daxili sabitlik arasında daha həssas balans qurmağa çalışacağının göstərir.