- "Netanyahu Türkiyəyə üstünlük qazandıracaq bütün layihələrə mane olmağa çalışır"
Ötən gün Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş baş tutub. Son aylarda, Tramp və Netanyahu münasibətlərində xüsusilə Türkiyəyə "F-35" qırıcılarının tədarükü və Yaxın Şərqdəki proseslərlə bağlı dərin fikir ayrılıqları ortaya çıxıb.
Netanyahu Vaşinqton görüşünün yaxşı keçdiyini bəyan etsə də, İsrail ictimaiyyətində onun istədiyi nəticəni əldə etmədən, əli boş qayıdacağı barədə rəylər formalaşıb. Çox güman ki, "əli boş qayıtmaq" dedikdə, İsrailin Türkiyəyə F-35 qırıcılarının tədarükünü əngəlləyə bilməməsi nəzərdə tutulur. Xatırladaq ki, bundan əvvəl Netanyahu, Vaşinqtonun Türkiyəyə "F-35" qırıcıları verməsinə qarşı çıxmışdı. Tramp isə İsrailin təzyiqlərini rədd edərək, heç kimin Ankaraya "F-35" satışını əngəlləmək gücündə olmadığını vurğulayıb. Lakin Tramp və Netanyahunun son görüşündən sonra beynəlxalq aləmdə belə bir sual formalaşıb: Tramp Netanyahunun müqavimətinə baxmayaraq öz mövqeyini qoruyacaq, yoxsa Tel-Əvivin təzyiqi altında, Ankaraya F-35 satışından imtina edəcək?
Mövzu ilə bağlı türk siyasi şərhçi Ali Satan Sherg.az-a blildirib ki, ABŞ və İsrail arasındakı münasibətlər son dərəcə mürəkkəb xarakter daşıyır:
“Siyasi əlaqələr liderlərin şəxsi münasibətini aşaraq, köklü institusional strukturlara söykənir. Dini-siyasi dayaqları olan “xristian siyonizmi” cərəyanının güclü təsiri Birləşmiş Ştatların Türkiyə və Yaxın Şərq siyasətini sağlam məntiqdən uzaqlaşdırır. Trampın İsraili konstruktiv məcraya çəkmək cəhdləri isə ciddi müqavimətlə üzləşir. Türkiyə və ABŞ çoxillik müttəfiqlik tarixinə malikdir. Dünyanın müxtəlif nöqtələrində hərbi tərəfdaşlığımız olub, təhdidlərə qarşı çiyin-çiyinə döyüşmüşük. Türkiyə NATO-nun ən etibarlı üzvüdür. Bəzi müttəfiqlərdən fərqli olaraq, alyansa daxil olduğu gündən etibarən üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib. Bu baxımdan, ABŞ-nin Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi və onu F-35 qırıcı layihəsindən kənarlaşdırması, Vaşinqtonun milli maraqlarına kökündən ziddir. Bu addımlar, ABŞ-nin imkanlarından sui-istifadə edən sionist, yunan və erməni lobbilərinin mənafeyinə xidmət edir”.
Analitikin sözlərinə görə, Tramp ABŞ-Türkiyə münasibətlərini, Vaşinqtonun Böyük Strategiyası çərçivəsində dəstəkləyir:
“Təəssüf ki, lobbiçilər ikitərəfli əlaqələri zədələməyə çalışırlar. Onların Təsir və təzyiq imkanları zəifləsə də, F-35 məsələsini təxribat predmeti kimi saxlamaq ehtimalı hələ də qalmaqdadır. Netanyahu regionda İsrailin ərazilərini genişləndirməyi xarici siyasətin əsas məqsədi gördüyü üçün regional ölkələrin üstünlük qazanmasına imkan verən istənilən layihə, investisiya və müqaviləni lobbi və kəşfiyyat rıçaqları ilə əngəlləməyə cəhd göstərir. İsrailin radikal siyasi dairələri, Türkiyəni birbaşa “hədəf ölkə” elan ediblər. Türkiyəyə F-35-lərin təhvil verilməsinə mane olmaq cəhdləri də məhz həmin təcavüzkar siyasətin bariz təzahürüdür”.