- "Qadağalar Azərbaycan istehsalçıları üçün yeni imkanlar yaradır"
Ermənistan Rusiya münasibətləri hər keçən gün daha kəskin xarakter alır. Ölkələr arasındakı soyuqluğu liderlərin şəxsi münasibəti kontekstində görmək mümkündür. İyulun 29-da Rusiya lideri Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı müsbət atmosferdə keçsə də, Putinin Baş naziri seçkilərdəki qələbəyə görə təbrik etməməsi müzakirələrə səbəb olub. Münasibətlərdəki soyuqluq iqtisadi əlaqələrə təsir göstərir. Moskva Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətləri genişləndirib. Artıq Ermənistan konyakı da Rusiya bazarındakı mövqeyini itirir. “Alkopro” gildiyasının prezidenti Andrey Moskovski Ermənistan konyakının yerini Azərbaycandan gətirilən içkilərin tutacağını açıqlayıb. Rusiya Ermənistan münasibətləri gərginləşdikcə, Azərbaycan-Rusiya iqtisadi əlaqələri genişlənir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Sherg.az-a bildirib ki, Rusiya ilə Ermənistan arasında iqtisadi əlaqələrin tam kəsilməsi mümkün deyil:
“Çünki İrəvanın Moskvadan olan dərin iqtisadi və enerji asılılığı buna imkan vermir. Rusiya isə Ermənistan məhsullarına məhdudiyyət qoymaqla onu Avropa İttifaqına inteqrasiyadan çəkindirməyə çalışır. Yəni, Kremlin əlində iqtisadiyyat təzyiq alətinə çevrilib. Hər iki ölkə, Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqının üzvüdür. Gömrük İttifaqı bu ölkələr arasında vahid ticarət zonası yaradır, daxili gömrük rüsumlarını ləğv edir və üçüncü ölkələrin mallarına gömrük tarifləri tətbiq edir. Hər iki təşkilatın Rusiya və Ermənistan iqtisadiyyatının inkişafında xüsusi rolu var. Moskva-İrəvan iqtisadiyyatının yolları eyni yerdə kəsişir”.
İqtisadçının sözlərinə görə, bəzi məhsullara qoyulan qadağalar, onların əlaqələrinin tamamilə kəsiləcəyi anlamına gəlməməlidir:
“Rusiya qədimdən indiyə qədər istər idxalda, istərsə də ixracatda Ermənistanın bir nömrəli ticarət tərəfdaşıdır. Rusiya bazarı o qədər böyükdür ki, Ermənistandan idxal edilən məhsulların həcmi bu bazar üçün cüzi bir pay təşkil edir. Ermənistandan məhsul axınının kəsilməsi Rusiyaya hiss olunacaq təsir göstərməyəcək. Birbaşa Ermənistan iqtisadiyyatına zərbə vuracaq. İrəvan məhsulları Rusiya bazarında heç vaxt Azərbaycan məhsullarını sıxışdırıb çıxara bilməyib. Amma Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyət, Azərbaycan istehsalçılarına əlavə bazar fürsətləri yaradacaq. Onlar bu fürsətdən maksimum dərəcədə yararlanmalıdırlar".